RU

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlanıb

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-si saat 23:59-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları DİM-in portalında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində, orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci nömrəsində dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Şərabçılıq.

II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

III ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin “Filologiya (ingilis dil və ədəbiyyat üzrə) ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

IV ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

-Bağçılıq və tərəvəzçilik;

-Su bioehtiyatları və akvakultura.

V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (kodunun qarşısında iki ulduz (**) qeyd olunan ixtisaslar) üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı əsasında aparılır.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci nömrəsindən seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Qəbul elanının tam mətni “Abituriyent” jurnalının 7 nömrəli buraxlışında verilib.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Fiziki tərbiyə müəllimliyi ixtisasının müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) digər bütün xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
19
yeniazerbaycan.com

10Источники