Paris, 28 avqust, AZƏRTAC
Fransada yeni dərs ilinin başlamasına az qalsa da, ən azı 2 min 159 uşaq hələ də küçədə yatır. Onlardan 503-ü 3 yaşından kiçikdir, 171-i isə hələ bir yaşına belə çatmayıb.
AZƏRTAC xəbər verir ki, bu acı statistika “UNICEF France”, Həmrəylik Assosiasiyaları Federasiyası (FAS) və Mənzil Assosiasiyaları Kollektivinin (CAL) birgə hazırladığı illik barometr hesabatında əksini tapıb. Rəqəmlər 2024-cü illə müqayisədə təxminən 6%, 2022-ci illə müqayisədə isə 30% artım göstərir.
Tədqiqat avqustun 18-dən 19-na keçən gecə, yəni məktəbəqədərki son iki həftədə aparılıb. Hesabata görə, valideynləri və ya qəyyumları sosial yardım xətti olan 115-ə zəng vursa da, yüzlərlə uşaq sığınacaq ala bilməyib.
“UNICEF France” prezidenti Adelin Hazan bildirib ki, bu rəqəmlər real vəziyyəti tam əks etdirmir. Çünki yalnız 115-ə müraciət edənlər nəzərə alınıb. Küçədə tək qalan uşaqlar, həmçinin gecəqondularda və ya bidonvillərdə yaşayan ailələr statistikaya daxil deyil. Onun sözlərinə görə, hazırda 43 min 500 uşaq müvəqqəti sığınacaqlarda və ya hotellərdə yaşayır.
Hesabatda vurğulanır ki, ev problemi olan əhalinin 60%-ni ailələr təşkil edir. Bu göstərici 2024-cü illə müqayisədə 5%, 2022-ci illə müqayisədə isə 30% çoxdur. Xüsusilə tək anaların vəziyyəti daha ağırdır: sığınacaq tapa bilməyən ailələrin üçdə birindən çoxu tək ana və övladlarından ibarətdir. Bu rəqəm 2022-ci illə müqayisədə 58% artıb.
UNICEF və FAS bu böhranı sığınacaq sisteminin dolması və mənzilə çıxış imkanlarının iflic olması ilə izah edir. Son illərdə sosial mənzillərin inşası və bölgüsü kəskin azalsa da, ehtiyac isə getdikcə artır. Özəl mənzil bazarı da daha əlçatmaz vəziyyətə düşüb.
Uşaqlar arasında evsizlik problemini aradan qaldırmaq üçün UNICEF və FAS hökumətə 10 təcili tövsiyə təqdim edib. Bunların arasında Milli Assambleyada qətnamə qəbulu, 2025-ci il büdcəsində sığınacaq yerlərinin artırılması, mövcud yerlərin qorunması və ən azı 10 min yeni yerin açılması kimi təkliflər yer alıb.
Fransada küçədə yaşayan minlərlə uşağın acınacaqlı taleyi hökumətin tez bir zamanda mənzil və sosial müdafiə siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir.