RU

Gerçək yalan arasında... büsbütün Şair

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Südabə AĞABALAYEVA

"Ey Füzuli, intihasız zövq buldun eşqdən,

Böylədir hər iş ki, həqq adilə qılsan ibtida"

Yüzlərlə, onlarla və tək-tək.

Yenə də yüzlərlə, onlarla və yenə də tək-tək.

Şeir və şairlər də fərddən şəxsiyyətə aparan yolu keçirlər. Hər ikisində son olaraq ədəbiyyat cəmləşir, başqa sözlə, xalqın ruhu, xalqın dünyagörüşü. Kəmiyyətcə ədədi artan, keyfiyyətcə həndəsi azalan silsilədə yüzlərlə, onlarla ad seçmək, imza ayırmaq mümkündür, amma yüzlərin, onların arasında tək - tək adlar, imzalar var ki, mənsub olduğu xalqın, millətin, qövmün adına qeyri-rəsmi elçi statusunu, haqqını qazana bilər. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Səməd Vurğun - ən mürəkkəb, qarışıq XX əsrin millət - insanları.

Bu gün də ədəbiyyatımızın seçilən və sevilən adları var ki, onların hər biri xalqın adına qarşı hər cür qərəzi, soyuqluğu silə biləcək qədər güclüdür, Azərbaycan adına olan hörmətin və ehtiramın halallığına söykəkdir, Azərbaycan ziyalılığının modeli anlamındadır. Çox olmasa da, adlar sadalamaq mümkündür, amma millətin siması deyə yada düşən, ilkin fikrə gələn bir ad var ki, bu ad çəkiləndə subyektivlik hökmü əlinin dalını qoyur yerə...

Bəxtiyar Vahabzadə - şair, müəllim, dramaturq, akademik... bütün bu təyinlər çoxdan bir-birinə qarışıb, bir-birində itib, vətəndaş sözü məhəlli çərçivəsindən çıxıb, türkçü də demək düz deyil ona - Bəxtiyar Vahabzadənin Türk Dünyasına mənsubluğunu da vaxtdan soruşmaq olmur. Ancaq Millilik adında bir anlayış var ki, Bəxtiyar Vahabzadə onu - kimliyi- pasportu kimi həmişə özü ilə gəzdirib. Ömrün qüruba əyilən çağının

Yoxuşa dirənib ömür karvanım,

Özümə yük olub mənim öz canım

peşmanlığındasa, canı qınamağa da qıymırsan:

Hər gün bir təzə dərd çıxdı qarşıma,

Bir gecə yatmadım köhnə dərdlə mən...

Yaşın ixtiyar çağının dərdləri ovudacaq məlhəmi, olsa-olsa, ibadətdi:

İlahi, hökmünlə qaldır göylərə,

İslam bayrağını, türk millətini.

Ürək dolusu "Amin" dediyində bu səsin üsyan, etiraz notlarınıda xatırlayırsan və böyüyə qayıtmağı qəbahət bilən düşüncə etiraz istəyini də boğa bilmir qəbahətə sürükləyən bu misralara:

Millətim bədbəxtsə, mən hansı haqla,

Mən hansı ürəklə bəxtiyar olum?

Siyasətlərin-rəyasətlərin dolaşıq dövranında, baş-ayaq zəmanədə milləti millət mərtəbəsində saxlayan Bəxtiyar şeiri olub:

Millət millət olur xeyri-şərilə...

Millətin simasını itirmək qorxusunu sovuşduran azadlıq, mübarizə ruhunu millətə ağsaqqal xəbərdarlığı aşılayıb:

Xalq yanmasa, dönüb millət olammaz!

Ağsaqqal xəbərdarlığı məişət müdrikliyindən millət fəzilətinə körpüydü.

Külfətdə tirəlik - didişmədirsə,

Millətdə tirəlik - fəlakətimiz.

Əlbəttə, şeirin, ədəbiyyatın cəmiyyət həyatında, insanların düşüncəsində, xalqın ruhunda dərin və əsaslı keyfiyyət dəyişikliklərində başlıca və həlledici stimul olmasına, şüurları manipulyasiya gücünə sadəlövh inam vaxtı çoxdan keçib.

Zora təslim olan torpaq

Qaytarılmaz söz gücünə.

Amma Sözün gücünü inkar etmək, qəbul etməmək, ona göz yummaq da düzgün olmazdı, ən azı ona görə ki, xalqın ruhu buna köklənib, ruha sinəni silmək, birdən silmək, qoparıb atmaq çətindir, həm də söz yiyəsinin el arasında urvatı, yeri də şərtdəndir. Bayatılarımızı xatırlayaq; sanki bəlanı, ağrını, qəmi ruhundan, qəlbindən, varlığından sıyırıb-silkələyib atmaq və bundan qəti qəraracan olan adaptasiya dövründə stimuldur bayatı. Hələ dərketmə, nəqletmə dövrüdür, hələ diaqnoz qoyulur, nəticə ümumiləşdirilir.

Əzizim, vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

Yazılı ədəbiyyatımızın bir bayatısı da 1959-cu ildə yazılmışdı. Fəlakətimizin kökünü, bəlaların himini Bəxtiyar Vahabzadə "Gülüstan"da aramağa başlamışdı. Bəxtiyarın qalib ideologiyaya, yad ağalığına "qaşqabağı"nın səbəbi şair düşüncəsindən deyildi. Ailəsi sosializmə "üz göstərməməsi-nin" altını çəkmişdi, qohum-əqrabanın yurddan qaçaq düşməsi, ayrılıq deyilən ağrını lap erkən yaşlarından dadması onu ayıltmışdı... XX əsrin əvvəllərində bir əyalət şəhərində şahidi olduğu zülmün ipinin ucu eşilə-eşilə "Gülüstan"a çıxırdı.

Əslində, əsrin sonunda Meydana aparan yolu da "Gülüstan"dan başlamışdı bu xalqın.

"Gülüstan" Bəxtiyarı millətin vəkili edəndə şairin siyasətə yolunun möhürü vurulmuşdu.

Ey zaman, sorğuma cavab ver, nədən

Səsim yetən yerə əlim yetməyir?

Bəxtiyar Vahabzadənin siyasətçiliyi ilə bu günün "siyasətçi" anlamı tamam başqa-başqadır.

İstiqlal üçündü mənim savaşım,

Sizin savaşınız iqtidar üçün.

Şair bu savaşdan zəfərlə çıxdı, istiqlalı hər üzünə qazandı - Azərbaycanın istiqlalını da gördü, müstəqil respublikanın ali mükafatı - "İstiqlal" ordeni ilə də təltif olundu. Bu söz həm də şairin yaradıcılığında xüsusi tədqiqat tələb edən mərhələyə ad oldu. İstiqlal, Azadlıq onun yara-dıcılığından, ədəbiyyatşünasların çox sevdikləri terminlə desək, "qırmızı xətt kimi keçir".

Bir məsələni qeyd etməmək olmur. Bəxtiyar Vahabzadə istiqlal zəfərindən məst olmadı, əlini ürəyinin üstünə qoyub, papağı yan gəzmədi.

Onun yaradıcılığını, 90-cı illərdən üzü bu yana izləyənlər təsdiq edərlər: Bəxtiyar heç vaxt bunca kəskin yazmadı, əvvəlki mübariz qəzəbin yerini əzici ağrı, üzücü nigaranlıq tutdu:

Qandal açılsa da qollarımızdan,

Köləlik hələ də beynimizdədir.

Şair aqilliyinin qərarıdır: bu mərəzdən xilas yolu kürsülərdən keçmir.

Çatdıq istiqlala... Elə o gündən

Mən endim xitabət kürsülərindən.

Masama əyilmiş o vaxtdan başım,

Sözümü qələmə vermişəm bu gün.

Haqsızlığın, mənəviyyatsızlığın, tərəzinin gözünü əyən vəziyyətin ən kritik məqamında Bəxtiyar Vahabzadə yada düşdü. Qəribədir, əzən də, əzilən də, döyən də, döyülən də, söyən də, söyülən də Bəxtiyara üz tutur, onu öz tərəfində, öz yanında görmək istədi; sıra yoldaşı kimi yox, həm də Söz kəsən kimi!

Bəxtiyarsa hər çalınana nə vaxt oynadı ki?! Şairin qəlbi tərəfkeş alqışlara susamadı, tərəfsiz və qərəzsiz yolda oldu:

Atalar düz deyib: "Yerində susmaq,

Yersiz danışmaqdan min qat gözəldir!"

Onu meydanlara əl üstə gətirənlər - səbəbini yüz yerə yaza, min cürə yaza - şairini qınamağa da qıydı hərdən. Əslində, bu münasibət də... sevgidəndi. Qınağın kökü, mayası sevgidi. Xalqın şairə məhəbbətinin böyüklüyündəndi - "susmağına" görə suçlanması. Hərə özü kimi sevir: aqil aqilcəsinə, nadan - nadan kimi! Neyləyək, hələ ki insan kimi sevməyi öyrənməmişik. Hələ ki asanla baş girləyirik:

Səsin fəryadını dinləmək asan.

Dərinə getməyə ərinməsək, bilərik ki, qələmin fəryadı bizə yetmirsə, günah yazanda deyil, yozandadı və hamımız susanda "qışqıran", "dişiylə daş qıran" şairin qınağı üz qızardar:

Dünən boğazımdan asılan zaman,

Bugünkü igidlər, hardaydınız siz?

Yaxud soruşanda ki:

Başımın üstündə cəllad xəncəri,

Zordan çəkinməyib mən haqq istədim.

Qınayıb yurdumu qəsb edənləri,

Qəsbkara qarşı müxalif idim,

Müxalif olmağa indi nə var ki...

- haqlı deyildimi?!

Amma bu yozmaların qısa və qəti cavabı vardı və bu cavab "özünümüdafiə", özünü təmizəçıxarma cəhdi deyildi, "Allahını unudanlara" Zamanın xatırlatmasıydı:

Dinənin dilini çıxaran zaman

Dedik sözümüzü, dedik qorxmadan.

Varsa insafınız, haqdan dönməyin,

Düşünün dünəni bircə anlığa.

Dürtüb gözümüzə çox güvənməyin

Bugünkü iznli qəhrəmanlığa.

Münsif haqqını Bəxtiyara O özü verdi - bir şair ömrünə şahid olmuş Zaman"! Bəxtiyarsa, hər şeyə rəğmən, millətinin divanəsidi. Bu divanə sevgi onun gözünü bağlamadı, əksinə, millətin gözünü açmağa yandı. Şair Bəxtiyar Vahabzadənin müxalifliyinin mayasında millətini... elə millətin özündən qorumaq (!) dururdu:

Özünə qısqancdır, öz övladını

Özgə bəyənməmiş, özü bəyənmir.

Onun etirazının kökü başqadır:

Vəzifə eşqinə, mənsəb eşqinə

Qardaş qardaşına güllə atırsa,

...Vətən övladları biri-birinə

Efirdə, qəzetdə böhtan atırsa,

...Belə azadlığı istəmirəm mən,

Belə azadlığı istəməz Vətən!

Amma şairin "susmağında" utanclar da günahkardı:

Çadırlarda

Donan körpə balalardan utanıram,

...satqına yox, satqınlığa utanıram.

Onu xəcil edən utanclar da bir deyildi, beş deyildi... Hərdən qələmi aciz-əlacsız dönürdü:

İndi adamları öldürmür ölüm,

İndi adamları həyat öldürür.

Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasında, ədəbiyyat tarixində rolu həm də odur ki, o, Səməd Vurğun ədəbi məktəbinin fəlsəfi məzmununu yeni çalarla zənginləşdirdi. Bəli, Bəxtiyar Vahabzadə bu məktəbə mənsubdu, eyni zamanda, onun yaradıcılığı bütövlükdə həm də orijinaldır, mərhələdir. Təkcə ona görə yox ki, bu yaradıcılıq həyat həqiqətlərini yüksək bədii-estetik, poetik ustalıqla verməyin kamil nümunəsidir, bu yaradıcılıq "sadəlikdə böyüklük" fəzi-lətinə vaqif olmağa çəkir adamı. Bədiiliyin, xəlqiliyin gücü ilə yanaşı, fəlsəfəsinin milli təfəkkürün, bəşəri dəyərlərin zənginləşməsinə xidmətilə möhtəşəmdir bu yaradıcılıq.

lll

"Öz hissini dustaq eləyən bəxtiyar olmaz" - qənaəti ilə bu qədər zəngin fikir poeziyası yarada bilmək necə mümkün olub? Görünür, burada şair sözü qabağına təyinsiz ötüşmək olmayacaq və vətəndaş-şair ifadəsi Bəxtiyarın poeziyasında balıq-su cütlüyünü yada salır

Niyəsini şairin özünü ittihamlarından görə bildik bəlkə?

Döşəyimin istisi bəs niyə sancmır məni?

Mən ki, bilirəm indi çadır körpələrinin

Soyuqdan əsdiyini.

...Bilmirəm kim utansın indi mənim yerimə?

Qıyardımmı bu zülmü mən öz nəvələrimə?

Nəvələrim deyilmi bəs bu qış gecəsində

Damsız qalan körpələr?

Bu niyənin cavabını Bəxtiyar bilmirsə, biz haradan biləcəyik?

"Çoxdur günahları ömür yolumun"

Neylərəm bu sözü mənə el desə?

Deyəsən, bu suala cavab vermək mümkündür.

Daha doğrusu, bu suala hacət yoxdur:

Bəxtiyar elə bəxtiyar şairdir ki, onun milləti məhz Bəxtiyar kimi şairinin müasiri, xələfi olduğu, ola biləcəyi üçün özünü bəxtiyar sayır.

Qaldı günahlara...

Səhvlərdən, günahlardan kim xalidir ki? Günahlandırmaq üçün haqq qazanıla gərək. Günahkarı, günahı ayırd etmək bəndə işi deyil... Bəndələr başqa cür düşünür. Bəxtiyar Vahabzadənin sənətkarlığı və şəxsiyyəti haqqında, deyəsən, bütün gözəl sözlər deyilib. Bütün o gözəl sözlərin şəhdi isə, bu gün məhəlli mənsubluqdan çıxarıb şairi:

"Bəxtiyar bütün türk dünyasının ortaq səsi, sevən ürəyi, aydın üzü və gözəllik cizgisi, rəmzidir" (Yavuz Bülənd Bakilər).

lll

Bəxtiyar Vahabzadənin çoxlu şeirləri var ki, onlar çoxdan xalqın yaddaşına köçüb, elə bəndləri, misraları var ki, aforizm haqqı qazanıb.

Bəxtiyar Vahabzadənin dramaturgiyası Azərbaycan teatr tarixində xüsusi səhifədir və müasirləri olan dramaturqların yaradıcılığından bu xüsusi səhifə vətəndaşlıq mövqeyi, vətənpərvər ruhu ilə - ardıcıl və davamlı tarixi-fəlsəfi konsepsiyası ilə fərqlənir. "Fəryad", "Rəqabət", "Özümüzü kəsən qılınc..." pyesləri ilə Bəxtiyar tamaşaçını "Sən kimsən?" sualı ilə baş-başa buraxır, "Özünü, kökünü tanı" yolunda qoyur.

Bəxtiyar Vahabzadənin poemalarının ədəbiyyatımızda yeri haqqında danışmağa da ehtiyac yoxdur, sadəcə, onu demək lazımdır ki, onun bütün poemaları ədəbiyyatımızda kəmiyyət faktı, statistika göstəricisi yox, xalqın ictimai-siyasi şüurunun, milli-azadlıq duyğularının formalaşmasın-da, güclənməsində çox əhəmiyyətli bədii-fəlsəfi stimul olub və ədəbiyyatımızın dəyərli nümunələri sırasındadır bu gün. "Gülüstan" poemasının ictimai-siyasi dairələrdə və xalqın şüurunda yaratdığı rezonansı xatırlatmağa ehtiyac yoxdur. Az sonra "Yollar-oğullar"ın antisovet ruhunu "iyləyib" tapdılar - bu dəfə "həmkar fəallığı" ayıqlıq göstərmişdi. Başqa həmkarın hökmü-nüfuzu şairi xilas etmişdi. "Ağlar-güləyən"i Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirə həsr etmişdi.

Hansı qanunda var ki,

Bir xalqın ana dili

Dilim-dilim kəsilə,

Od içində yanasan,

Sənə yasaq edələr

"Yandım" deməyi belə?..

...Yox, mən bağırmalıyam,

Yox, mən çığırmalıyam!..

80-ci illərdə yazdığı "Mərziyə" poeması da "dil, millət" deyə, "azadlıq" deyə fəryad edirdi. Bəxtiyar "Təzadlar"da Vyetnamı tutalqa eləmişdi.

Millətimin dərdini ünvanlayıb özgəyə,

Başqasının yasında öz ölümə ağladım.

60-cı illərin sonunda

Mənim sərvətimə cahan göz dikdi,

Sərvətim, dövlətim ona gərəkdi.

Babam yer şumladı, babam yer əkdi,

Əmək bizim oldu, bəhər özgənin. ("416").

- deyənin başını sığallamırdılar.

Qənbər Hüseynlinin xatirəsinə həsr etdiyi "İki qorxu" poeması Zamanın - insanı riyakara döndərən Zamanın və İnsanın faciəsinə həm ağıdır, həm ittiham...

Və nəhayət, ən yaxın tariximizin, şərəfli tariximizin şərəfli səhifəsinə, həm də qanlı səhifəsinə istiqlal aşiqinin Söz abidəsi - "Şəhidlər" poeması... Elə bir azərbaycanlı tapmaq çətindir ki, "Şəhidlər"dən heç olmazsa 3-4 bənd əzbər bilməsin. "Şəhidlər" Bəxtiyarın "millət birliyi", "milli-lik anlayışı" arzularını cücərdən vətən oğullarının qeyrətinə bəstələdiyi himn oldu. Bizi 20 Yanvar faciəsindən illər ayırdıqca bir daha əmin olursan: "Şəhidlər" təkcə ona görə dildə-ağızda əzbərə çevrilmədi ki, xalq ağrısını, qəzəbini, əzmini ifadə edirdi, həm də ona görə ki, "Şəhidlər"i o ağır vaxtlarda, faciəli günlərdə xalqın yanında, xalqı ilə birlikdə olan, xalqın vəkili olmuş vətəndaş-şair yazmışdı. Bu haqqı qazanan insan!

Gedən oğulların, axan qanların,

Əvəzi su səpdi yanan qəlbimə.

Bu dəfə şair "zamanı və məkanı dəyişməklə sözünü demək üsulu" haqqında düşünmədi - Azadlıq millətin qanından su içmişdi artıq!

Qoy qələm azad olsun.

Ürəyimin sözünü

Mən yazmaq istəyirəm,

Qələmin mübarək, ustad!

Mövzuya baxıb "mübarəkbadlığı" qınamağa tələsirsiz? Nə deyə bilərəm, amma əvvəl bu sözləri dinləyin, sonra...

Ələmlər bəstəsiyəm,

Mən arzumun səsiyəm.

Mənə dərman neyləsin,

Mən arzu xəstəsiyəm.

lll

Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar türk musiqi dünyamızın, musiqi mədəniyyətimizin inciləri sırasındadır. Şəfiqə xanım Axundovanın musiqisi ilə Bəxtiyarın şeirindən - "Nədən oldu?" nəğməsindən Əli Kərimin vəsiyyəti görünür, yəni belə "möcüzələr" ayılda bilər insanı. Və onlarla belə "möcüzə"... yaranıb musiqi ilə Bəxtiyar şeirinin birliyindən.

Şeirlə mahnının möcüzəsilə

Ayılmağa

çox dəli bir ümidim var...

(Ə.Kərim)

Bəxtiyarın da belə bir... xahişi var:

Dəfn edin siz məni"Zabul-Segah"ın Mayəsinə,

Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.

Bəxtiyarın muğama sevgisi təkcə bu beytə sığmayıb. Bəxtiyar muğama abidə ucaldıb, muğamı xalqa sevdirib.

O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Xalq təfəkkürünün güzgüsü olan muğam - "Çahargah", "Bayatı-Şiraz","Segah", "Şur", "Qatar", "Humayun"... öz fəlsəfəsini Bəxtiyar qələminə etibar etdi.

Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Şairin bir sıra qəzəlləri də muğam üstündə oxunur. Klassik qəzəl ustadlarının yaradıcılığı fonunda Bəxtiyarın qəzəlləri sadəliyi ilə seçilir. Bu qəzəllərdə ərəb-fars tərkibləri yoxdur.

Gülü də sevdirən bizə ətirdi,

Gəl hikmət axtaraq söz gülzarında.

Nehru Hindistana bahar gətirdi

Qırçınlı, o köhnə hind paltarında.

Bəxtiyar üçün dəyərlərin mahiyyəti də zahiri görüntülərdə gizlənmir.

Duyduqca biləmmir nə imiş umduğu məndən,

Bir yol nə olar, duymaya, ancaq bilə könlüm.

Şair Bəxtiyarın insani məziyyətlərini səciyyələndirən 3 məqam:

"1950-ci ildə evim olmadığından toyumu qonşunun evində eləmişdim. Bu toyda o zamanın elm və sənət adamlarından yalnız 3 nəfər iştirak edirdi: Mir Cəlal, Qasım Qasımzadə və Əziz Mirəhmədov. Toyun tamadası Əziz müəllim idi. O, mənalı, məzmunlu sağlıqları, incə yumoru, müdriklərdən dətirdiyi misallarla mənim kasıb toyumu zənginləşdirirdi..."

"Sən sağlığında mənim üçün ehtiyac idin. Sən o dünyaya köçməyinlə mənim əlimdən bu ehtiyacı aldın... Niyə biz insanlar xoşbəxt ikən xoşbəxtliyimizi anlaya bilmir, o günlərin xoşbəxtliyini o günlər əlimizdən çıxandan sonaranlayır və buna təəssüflənirik?.. Mən itirdiyim dostlarım, əzizlərim haqqında xatirə yazarkən, yaxud onları sadəcə yada salarkən, göyüm-göyüm göynəyir və yalnız o zaman nə qədər böyük itkilər verdiyimi və indi tək qaldığımı anlayıram. Təkliyin dəhşətlərini yaşamaq və anlamaq isə, dünyanın ən böyük əzablarındandır".

Meşələr sultanı, meşələr şahı,

Aslanın özü də yalqız olmasın.

...Əziz Mirəhmədovu bu sözlərlə anırdı Bəxtiyar Vahabzadə.

Görkəmli alim İsmixan Rəhimovu tanımayan, bu zəngin, maraqlı taleli insanın repressiya olunduğunu bilməyən yoxdur. Sürgündən qayıdanlara ovaxtkı münasibət haqqında da çox yazılıb. Belə insanların keçmişində işıqlı məqamlar özləri üçün stimuldur, dinləyənlər üçün tanımaq fürsəti. İsmixan müəllimin bu söhbətini televiziya ekranından dinləmişdim: Sürgündən qayıdan İsmixan Rəhimov küçədə Bəxtiyar Vahabzadə ilə qarşılaşır. Fikirləşir ki, çoxu kimi, o da görüşməyə ehtiyat edəcək. Şairsə yaxınlaşır, sevinclə görüşüb qucaqlaşır... Şairin o andakı rəftarı, münasibəti sürgündən qayıtmış "xalq düşməni" üçün çox şey deməkdi, rəsmi bəraət qərarından da vacibdi, əhəmiyyətliydi. Üstündən bir ömür qədər vaxt keçəndən sonra İsmixan müəllim xatirəsi ilə bir Bəxtiyar Vahabzadə də tanıtdı onu dinləyənlərə...

Bir epizodsa yaxın illərin yaddaşındandır. 90-cı illərdə Ali Sovetin iclaslarının şouya, dramatizmlə dolu səhnəyə çevrildiyi vaxtlarda, "yıxılana" balta çalmağa mahir kəmfürsətlər zamanında "ətəyində namaz qıldıqları" insana "dərs keçməyə" qalxışanda, bircə Bəxtiyar Vahabzadə Kişilik göstərdi. Göstərdi ki, həmişə haqqı, ədaləti qoruyub, vəzifəyə əyilməyib!

...Doğrudan da Şairdir - təpədən-dırnağa, büsbütün Şair! Onu Şair edən, şeirə gətirən... nə rejimə nifrəti olub, nə qəzəbi, nə də mübarizə əzmi. Onu Şair edən... sevgidir.

Yox faidəsi, yoxsa əgər canda məhəbbət.

Yüz yol deyək ki, Bəxtiyar azadlıq fədaisidir, filosofdur, alimdir, xeyri yoxdur, Bəxtiyar, hər şeydən əvvəl, məhəbbət şairidir.

Sevgi bir oddur ki, düşsə qəlbinə,

Eylər öz-özündən dərbədər səni.

Bəxtiyar deyir ki:

Dünyaları öz hökmünə diz çökdürən hakim,

Bir gözləri ahuya, gözəl dilbərə möhtac.

60-70-ci illərdə Bəxtiyarın sevgi şeirləri, məhəbbət etirafları dildən-ağızdan düşmürdü. Kimin yadında deyil "Bir salama dəymədi", "Unudam gərək", "Kölgəm qədər", "Durna qatarı", "Gör necə güclüsən"... şeirləri?! Bəxtiyarın sevgi şeirləri gənclərin hisslərinə tərcümanlıq edirdi, etiraf-lara çiyin verirdi, sənəmlərin qəlbini ovsunlayırdı, aşiqə təsəlli olurdu, eşqin fəzilətindən söz açırdı, dünyanı gözəlləsdirirdi...

Sevə bilirəmsə əgər ürəkdən,

Dünyanın ən gözəl adamıyam mən.

Məgər, sən, oxucu, "Bir salama dəyməyən eşqə ölüm yarasdıranda", "Ayrıldıq... Ayrılmaq istəmədən biz" pesmanlığını yaşayanda Bəxtiyar şeirinin üstünə qaçmadınmı? Məgər unutmağın çəmini ondan soruşmadınmı?

Unuda bilməkçün səni, sevgilim,

Təzədən doğulam, təzədən gərək.

Məgər sən də onun kimi, nə vaxtsa məlum-məşhur əfsanənin acı nəsibinə təəssüflənib

"Leylini Məcnuna, Zeynəbi Zeydə,

Baharın odunu qışa...

versəydilər... - ax, nə gözəl olardı!" - fikirləşmədinmi? Sonralarsa həyatın bu suala cavabını da Bəxtiyar şeirində tapmadınmı?

Çiçəyə isti yox, bahar gərəkdir.

Heç olmayıbmı içində:

"Təbiətin hökmü olsaydı məndə,

Qanqalın ömrünü gülə verərdim"

Kimi bir iddia baş qaldırsın?

"Yaxud necə dəqiq tutub!" - deyə bu misraları pıçıldamadınmı?

Mənimlə olsaydı, mən darıxmağı

Zamana ən böyük ölçü sayardım!

Yoxsa elə bildin ki, "dünyamız dəyişsin" deyəndə Bəxtiyar özünü fikirləşir?

Mənim gözlərimdə ağlayan dünya

Bu qızın gözündə gülür gör necə.

...Qız yenə sevinsin, o dəyişməsin,

Dünyamız dəyişib yaraşsın ona.

Yox, qardaş, yox, insan, Bəxtiyar gərdişə meydan oxuyurdu:

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var, ağladanda gül görüm.

Yox, qardaş, yox, insan, aldanma bu sözlərə:

Yalnız sona çatdıqda ömür, biz bunu qandıq,

Başdan-başa çarpışmada, qovğada bu dünya.

Hətta bu qaçılmazlıqda da Bəxtiyarın Həyata, İnsana, Gözəlliyə məhəbbəti aşıb-daşır, yaşamaqdan, sevgidən... zövq almağa, ömrün hər ayının, hər anının qədrini bilməyə çağırışı eşidilir.

lll

Deyirlər, hər kəsin taleyi adında kodlaşır. Bəxtiyara adı ata-ana verməyib, əslində, ona bu adı Taleləri Yazan verib. Bu adla bahəm qəlbinə şair qəlbinin dərmanını - dünyanın ən böyük nemətini qıyıb - Sevgini. Bəxtiyar da ona yazılmış ömrü bu sevginin gücünə yaşayıb...

Ömrümüzü arzular gözəlləşdirmir, ömrümüzü sevgi gözəlləşdirir, arzular da sevgi olmasa çiçəkləmir.

İndi Bəxtiyar deyibsə də:

"Bir ondan razıyam ki,

Özümdən narazıyam",

çox dərinə getməyin. Bəxtiyar dopdolu bir ömrü - gerçək-yalan arasında dövr edən həyatı şair kimi, "eşqdən intihasız zövq bularaq" yaşayıb.

Hər addımında Yaradanına sığınıb.

 Məgər sevgi Yaradandan deyil?

 Məgər sevə bilmək səadət deyil?...

...!!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
525.az

1Источники