RU

Repetitorluğun sonu gəlir -“robot repetitor” müəllimləri əvəz edə biləcək?

  Süni intellekt əsasında “robot repetitor” layihəsi hazırlanır. Bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov bildirib.

Qeyd edib ki, virtual müəllimlər vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat və digər fənləri interaktiv şəkildə öyrənə biləcəklər.

Layihə üçün lazımi məlumat bazasına çıxış əldə olunarsa, 7-8 aya istifadəyə verilə bilər. Amma mütəxəssislər və pedaqoqlar arasında sual yaranır: belə bir sistem mövcud repetitorluğun yerini tuta biləcəkmi, yoxsa sadəcə əlavə bir vasitə olaraq qalacaq?

Referans xəbər verir ki, Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Zeynəb Məmmədli AzEdu.az-a açıqlamasında bildirib ki “robot repetitor” mövcud repetitorluğu tamamilə əvəz edə bilməyəcək.



Canlı ünsiyyət daha effektivdir

"Çünki biz cəmiyyət olaraq təhsilə yanaşmada daha çox nəzarət və istiqamətə ehtiyac duyuruq. Əgər şagird müstəqil şəkildə “robot repetitor” ilə işləyə biləcəksə, o onsuz da internet resurslarından istifadə edərək hazırlıq apara bilər. Amma əksər hallarda bunu etmir. Bunun səbəbi də marağın tam fərqli olmasıdır: canlı ünsiyyət şagirdlər üçün hələ də daha cəlbedici və təsirli görünür.

Müşahidələrimə əsasən deyə bilərəm ki, hətta onlayn təhsil belə abituriyent hazırlığında geniş qəbul edilmir. Müavin olduğum məktəbdə (543 şagird təhsil alır) cəmi 2 şagirdin onlayn hazırlığa qoşulduğunu öyrəndim. Valideynlər və şagirdlər hələ də ənənəvi, canlı ünsiyyətə üstünlük verirlər. Psixoloji cəhətdən də baxsaq, məktəb yaşlı uşaqların bütün dərs və asudə vaxtlarını yalnız telefon, planşet və ya noutbukla keçirməsi sosial bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər. Sosiallaşmanın azalması, ünsiyyətin zəifləməsi gələcəkdə mənfi təsirlər yarada bilər".

Məktəb təhsili ikici plana atılır

"Bu baxımdan “robot repetitor” daha çox 18 yaşdan yuxarı şəxslər üçün uyğun ola bilər. Məktəblilər üçün isə effektiv olmayacağı qənaətindəyəm. Yəni repetitorluğun tamamilə əvəzlənməsi real görünmür.  Bir nüansı da qeyd etmək istəyirəm. Ötən il məktəbimizdə şagirdlərin bir çoxunun səhər dərslərinə gəlmədiyi məlum oldu və bu səbəbdən valideynlərlə mütəmadi görüşlər keçirirdim. Araşdırmalar zamanı öyrəndim ki, hazırlıqlar əsasən günorta saat 14:00-dan sonra başlayır. Buna baxmayaraq valideynlər uşaqlarının səhər dərsə gəlməməsini belə əsaslandırırdılar: “Uşağımız repetitor yanında dərs oxuyur, yorulur, biz də onun istirahətini düşünürük.  

Bu nümunə də onu göstərir ki, repetitorluq məktəblilər üçün hər formada əlavə yükdür və məktəb təhsilini kölgədə qoyur. Süni intellekt əsasında yaradılacaq belə bir layihə isə repetitorluğun vacibliyini daha da qabardacaq. Hətta “o qədər vacibdir ki, artıq robotunu da yaradırlar” kimi bir təsəvvür formalaşacaq. Bu isə təhsil sistemimiz üçün arzuolunan deyil.

Bütün hallarda hesab edirəm ki, indiki zamanda belə layihəni real olaraq hər 100 nəfərdən yalnız 2-3-ü qəbul edəcək".  

Избранный
2
1
referans.az

2Источники