“Türk Petrolları A.O.” (TPAO) milli neft şirkəti ilə Türkiyə Respublikasının Hava Elektrik Sənayesi (HAVELSAN) birgə “Süni İntellekt Dəstəkli Formasiyanın Müəyyənləşdirilməsi Layihəsi”ni həyata keçirir. Layihə neft və təbii qaz kəşfiyyatında süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutur.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, layihənin əsas məqsədi təsvir texnologiyalarından istifadə edərək neft və qaz axtarışında yeraltı təbəqələri yüksək dəqiqliklə müəyyən edəcək süni intellekt modelinin hazırlanmasıdır.
TPAO-nun Coğrafi İnformasiya Sistemləri meneceri Tünay Öztürk bildirib ki, layihə quyu qazma əməliyyatlarının səmərəliliyini artıracaq:
“Bu, həm şirkət, həm də ölkə üçün xərc və vaxt baxımından mühüm qənaət təmin edəcək. Quyularda süni intellektdən istifadə xüsusilə kəşfiyyat mərhələsində mənfi geoloji şəraitin və potensial istismar xərclərinin qarşısını almağa imkan verəcək”.