BAKI, 28 avqust. TELEQRAF
"Hazırda Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsindədir. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması da bunu deməyə əsas verir. Yeni inkişaf mərhələsinin müəllifi isə Azərbaycan Prezidentidir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində davam edən qeyri-müəyyənlik şəraitində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə davamlı nailiyyətlər qazandırır: “Dövlətimizin başçısı "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual məsələlər barədə geniş fikir bildirib. Prezident Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri barədə məlumat verib və Azərbaycanın öz gücünə beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Cənab Prezident ümid edib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. "Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb",- deyə dövlət başçısı vurğulayıb.
Yəni razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər.
Onun sözlərinə görə, regiondakı güc balansı hər baxımdan tamamilə ölkəmizin xeyrinədir: “Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”. Dövlət başçısı müsahibəsində həmçinin Zəngəzur dəhlizindən də ətraflı bəhs edib. Nəzərə alaq ki, müharibə bitəndən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın prinsipial şərtlərindən biri idi. Vətəndaşlarımız Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz və təhlükəsiz gedib-gəlməlidirlər. Bunun üçün güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Ölkə başçısın da dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil: "Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur".
Sevinc Fətəliyeva əlavə edib ki, proseslər müsbət yöndə davam edir: “Bu amil qarşıda dayanan hədəflərə nail olacağımıza əsas verir”.