RU

Qızılgül ətri beyində boz maddənin həcmini artıra bilər

Bakı, 28 avqust, AZƏRTAC

Yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, qızılgül ətrini qoxulamaq yaddaşla bağlı beyin strukturlarında dəyişikliklərə səbəb ola bilər. Bu kəşf demensiyanın qarşısının alınmasına yönəlmiş profilaktik üsulların işlənib hazırlanmasına yardımçı ola bilər.

AZƏRTAC “Frontiers in Human Neuroscience” jurnalına istinadla xəbər verir ki, Kyoto Universiteti və Tsukuba Universitetinin alimləri qoxuların beyin fəaliyyətinə təsirini öyrəniblər. Araşdırmada 50 qadın iştirak edib. Onlardan 28-i bir ay ərzində gündəlik olaraq paltarlarına gül yağı vurub, qalan 22-si isə sadə sudan istifadə edib. Beyindəki dəyişikliklər maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə qeydə alınıb.

Qızılgül ətrini müntəzəm qoxulayan iştirakçılarda mütəxəssislər yaddaş və assosiasiyaların formalaşmasına cavabdeh olan arxa sinqulat qırışında boz maddənin artdığını müəyyən ediblər. Alimlər qeyd edirlər ki, bu dəyişikliklər idrak qabiliyyətlərinin dərhal yüksəlməsi demək deyil, lakin beynin sağlamlığının qorunmasında və neyrodegenerativ xəstəliklərin, o cümlədən Altsheymer xəstəliyinin profilaktikasında mühüm rol oynaya bilər.

Bununla yanaşı, emosiyalara cavabdeh olan badamcıq cismi və qoxuların qavranması ilə bağlı orbitofrontal qabıq kimi digər beyin nahiyələrində nəzərəçarpan dəyişiklik müşahidə olunmayıb. Tədqiqatçılar güman edirlər ki, sabit qoxu bu şöbələrin yükünü azaldır, əvəzində isə arxa sinqulat qırışı xatirələrin formalaşdırılması və saxlanmasında daha fəal iştirak edir.

Alternativ nəzəriyyə də mövcuddur. Belə ki, gül ətri həmişə eyni dərəcədə xoş qarşılanmır və məhz bu qoxuya uyğunlaşma zərurəti yaddaş və assosiativ təfəkkürə cavabdeh beyin zonalarını aktivləşdirə bilər. Ola bilsin ki, emosional reaksiyanı tənzimləmək və təcrübəni yadda saxlamaq zərurəti arxa sinqulat qırışını daha da fəallaşdırır və bunun nəticəsində boz maddənin artmasına şərait yaradır.

Избранный
9
5
azertag.az

6Источники