RU

Ermənistandakı rus hərbçilər Azərbaycanla sülh prosesini poza bilər...


Faiq Ələkbərli: “Ermənistanda rus hərbi bazasının, rus sərhədçilərinin olması həm sülh prosesi, həm Zəngəzur dəhlizi, həm də bütövlükdə bölgə dövlətləri - Gürcüstan və Türkiyə üçün böyük bir təhdiddir”

“Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

Bu sözləri Prezident İlham Əliyev “Əl Ərəbiyyə”nin müxbirinin “Kiçik bir sualım var. Bu münasibətdən sonra Siz Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam” sualını cavablandırarkən söyləyib.

Prezident İlham Əliyev Ermənistanda rus bazasının olduğunu xatırlatdı, amma şərh vermədi. Müxbirin verdiyi sual da maraqlıdır, Prezidentin rus hərbi bazasının Ermənistanda mövcud olduğunu xatırlatması da.

Belədə sual yaranır ki, Rusiyanın Ermənistandakı hərbi bazası, sərhəd dəstəsi qoşunları Azərbaycanla Ermənistan arasındakı hazırkı sülh prosesinə, Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasına qarşı hansısa addımlar ata bilərmi?

“İndiki şəraitdə Rusiyadan hər cür təxribat gözləniləndir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, indiki şəraitdə Rusiyadan hər cür təxribat gözləniləndir. “Son əsrlər bu bölgədə münaqişələr yaradan və bu münaqişələrdən sui-istifadə edən Rusiya və onun sələfləri olan Çar Rusiyası və Sovet Rusiyası olub. Çox təəssüflər olsun ki, Rusiya Federasiyası hələ də sələflərinin yolunu davam etdirməkdə və bölgədə münaqişələrin tamamilə həll olunmasına mane olmaqdadır. Bu baxımdan, Ermənistan hələ də Rusiyanın əlində münaqişələrin yaranması və davam etdirilməsi üçün əlverişli bir vasitədir. Əgər bu gün Ermənistanda Rusiyanın hərbi bazası varsa, bu, bölgə üçün çox ciddi təhdiddir. İndiki şəraitdə Rusiyadan hər cür təxribat gözləniləndir. Bu baxımdan, Ermənistanda rus hərbi bazasının, rus sərhədçilərinin olması həm sülh prosesi, həm Zəngəzur dəhlizi, həm də bütövlükdə bölgə dövlətləri - Gürcüstan və Türkiyə üçün böyük bir təhlükə və təhdiddir. Yəni onlar Ermənistandakı revanşist qüvvələrin dövlət çevrilişi edib hakimiyyətə gəlməsi üçün qaynaq rolunda çıxış edir. Rus hərbiçlərinin orda olması revanşist qüvvələrin hər an Ermənistanda dövlət çevrilişi edə biləcəyi deməkdir. Dəfələrlə bu cəhdlərin şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyevin “Əl Ərəbiyyə” kanalına verdiyi müsahibədə müxbirin sualına cavab olaraq bu məsələdən danışması da təsadüfi deyildi. Çünki Azərbaycan rus əsgərindən təmizlənsə də, ancaq Ermənistan bu məsələlədə hələ də problem yaşamaqdadır. Əlbəttə, Azərbaycan özü üçün bu problemi birdəfəlik kökündən həll edib, ancaq Ermənistanda hər hansısa bir dövlət çevrilişi olarsa, hansısa təxribatlar baş verərsə bu bizim üçün də problemdir.

Eyni zamanda bu, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sənədlərə, gəlinən razılıqlara, iki ölkə arasında sülh şərtlərinin yerinə yetirilməsinə dair müqaviləyə bir təhdiddir”.

F.Ələkbərli qeyd etdi ki, bu gün nə Rusiya, nə də Ermənistandakı revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında normallaşma prosesini, sülh istiqamətində atılan addımları dəstəkləyir, hətta əksinə, hər addımda bunu pozmağa çalışırlar. “Bu vəziyyətdə rus hərbiçilərinin və arxasında Rusiyanın dayandığı revanşist qüvvələrin hansısa təhlükəli addımlar atacağı gözlənilməz deyil. Ümid edirik ki, Paşinyan hökuməti dövründə həm Zəngəzur dəhlizi açıqlacaq (Tramp yolu), həm də sərhədlərin delimitasiya və demarkasiyası öz həllini tapacaq, eyni zamanda Ermənistan Konstitusiyasında tələb olunan dəyişikliklər həll ediləcək. Sülhə əngəl olan bütün problemləri Ermənistan hökuməti ləngimədən aradan qaldırmalıdır”.

F.Ələkbərli qeyd etdi ki, Rusiyanın hər cür təxribatını önləmək üçün Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin şərtləri yerinə yetirilməlidir. Onun sözlərinə görə, biz bölgədə sülh və əminamanlığa nail olmaq istəyirksə, ümumiyyətlə bölgədən rus hərbiçiləri, Rusiyanın hərbi bazası çıxarılmalıdır. O hesab edir ki, Ermənistan öz sərhədlərini, xüsusən də İran və Türkiyə ilə sərhəddlərini rus sərhədçilərinə həvalə etməkdən artıq imtina etməlidir, bununla bağlı Paşinyan hökuməti ciddi qərarlar qəbul etməlidir. Ekspert qeyd etdi ki, heç bir halda Ermənistanla Azərbaycan sərhədində rus hərbiçiləri yerləşdirilməməlidir, belə hal varsa onlar uzaqlaşdırılmalıdır. “Rus əsgərinin bölgədə olması yeni münaqişə ocağının yaranması, yaxud sönmüş münaqişə ocaqlarının yenidən alovlandırılması deməkdir. Azərbaycan öz gücünü ortaya qoyub, rus əsgərini ərazisindən çıxarıb, onları bölgədən çıxarmaq üçün gərək Ermənistan sülh şərtlərini yerinə yetirsin və onlar da rus əsgərlərini çıxarsınlar. Bu halda bölgədə stabillik, sakitlik mövcud ola bilər.

Rusiya Azərbaycan üçün artıq ciddi təhdid deyil. Baxmayaraq ki, müxtəlif vasitələrlə öz gücünü göstərməyə çalışır. Amma Ermənistanın əli ilə Rusiya bizə ziyan vura bilər. Buna görə də rus əsgəri bölgədən getməlidir”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA

Избранный
128
50
baki-xeber.com

10Источники