RU

32 il sonra Bakıdan Ağdama…

Bakı-Ağdam qatar marşrutunun bərpası yalnız bir nəqliyyat hadisəsi deyil, bu dövlətimizin gücünün, xalqımızın iradəsinin və həyata keçirilən qətiyyətli siyasətin bariz nümunəsidir

44 günlük Vətən Müharibəsində Prezident İlham Əliyevin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və ərazilərimizi boşaltmağa məcbur etdi. Ağdam rayonunun işğal olunmuş ərazisi 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldıldı. Həmin gün Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu və 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Qalib Sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Rayonda, həmçinin mühüm infrastruktur layihələri icra olunur. İnfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Həyata keçirilən infrastruktur layihələri arasında yolların yenidən qurulması xüsusi yer tutur. Ötən dövrdə uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib. Bərdədən Ağdam şəhərinədək 47,1 kilometr uzunluğunda olan dəmir yolu xətti çəkilib. Uzunluğu 64,8 kilometr olan Ağdam-Füzuli avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Hazırda Ağdam‒Hindarx‒Ağcabədi və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yollarının tikintisi davam etdirilir. Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5, ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq. Rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, həmçinin “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Paralel olaraq fiber-optik kabellər çəkilib və bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq.

Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. Prezident İlham Əliyev ötən beş ildə Ağdama səfərləri zamanı yaşayış məhəllələrinin, sənaye parkının, 1 saylı orta məktəbin, xəstəxananın, şəhər mərkəzi parkının, dəmir yolu və avtovağzal kompleksinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “İmarət” stadionunun, Ağdam Muğam Mərkəzinin, inzibati binanın, “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin və digər obyektlərin təməlini qoyub. Artıq Ağdamda Konfrans Mərkəzinin, “Aghdam City Hotel”in tikintisi, Cümə məscidinin, İmarət Kompleksinin bərpası başa çatdırılaraq istifadəyə verilib. Ağdam şəhərində yaşayış məhəllələrinin, həmçinin Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində tikinti işləri yekunlaşmaq üzrədir. Hər 3 kənddə evlərlə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, inzibati binalar və digər obyektlərin də tikintisi aparılır. Hazırda ilk köçün Xıdırlı və Kəngərli kəndlərinə olması planlaşdırılır. Bununla bağlı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov müsahibəsində bildirib. Qeyd edib ki, Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilibdir. Ağdam şəhərinin özünə isə oktyabr- noyabr aylarında ilk köç planlaşdırılır. Emin Hüseynov onu da qeyd edib ki, şəhərə 2026-cı ilə qədər 20-25 min əhali köçürüləcəyi nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən mühüm yol-nəqliyyat layihələrindən biri Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Ərazisi 8 hektara yaxın olan bu kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Qeyd edək ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Avqustun 30-u Ağdamın tarixinə daha bir əlamətdar gün kimi yazıldı. 32 ildən sonra Qarabağa doğru hərəkət edən qatar tam doluluqla Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə çatdı. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və digər qonaqlar var idi. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində bu tarixi hadisəyə həsr olunan tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən danışdi. “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyev azad olunmuş torpaqlara müntəzəm qatar səfərlərinin keçmiş məcburi köçkünlərin Ağdama qayıdışına, ümumilikdə Böyük Qayıdışa töhfə verəcəyini bildirdi. Qeyd edildi ki, Bakı–Ağdam–Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə dəstək verəcək.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı-Xankəndi-Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

Sevinc Azadi, “İki sahil”

Избранный
10
ikisahil.az

1Источники