Eltun Süleymanov: Strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa aparan yol
Sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüş yalnız regional əhəmiyyət daşımırdı, bu tədbir həm də beynəlxalq münasibətlərin gələcəyinə işıq salan mühüm bir platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tədbirdəki çıxışı isə bir daha göstərdi ki, ölkəmiz bu gün təkcə regional deyil, həm də qlobal miqyasda söz sahibidir. Cəna Prezidentin bu çıxışını izlədiyim zaman, onun dərin məzmunu və strateji mesajları məni həm qürurlandırdı, həm də gələcəyə inamımı daha da gücləndirdi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanla Çin arasında səmimi dostluq və hərtərəfli strateji tərəfdaşlıq möhkəmlənməkdədir. Son iki ildə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ən önəmlisi, bu ilin dövlət səfəri zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq barədə Birgə Bəyanat münasibətlərimizdə tarixi bir dönüş nöqtəsi oldu. Bu hadisənin önəmi ondadır ki, Azərbaycanın dostluq dairəsi genişlənir və ölkəmiz dünyanın aparıcı gücləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur. Çinlə əməkdaşlıq həm iqtisadi, həm də siyasi müstəvidə ölkəmizi yeni imkanlara aparır. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqam Azərbaycan tərəfindən Çinin qlobal təşəbbüslərinə verilən dəstək idi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Həmçinin Çin liderinin irəli sürdüyü Qlobal İdarəetmə Təşəbbüsünə yüksək qiymət verilir. Bu da o deməkdir ki, Azərbaycan heç bir blok siyasətinə qapılmır, əksinə, beynəlxalq əməkdaşlığa açıq və müstəqil siyasət yürüdür. Bizim dövlətimiz dünya ilə dialoqa, ədalətə və inkişafın paylaşılmasına xidmət edən bir mövqe sərgiləyir. Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın nəqliyyat-logistika imkanlarına xüsusi yer ayrıldı. Çox qürurvericidir ki, ölkəmiz bu gün Avrasiyanın əsas tranzit mərkəzinə çevrilib. Orta Dəhliz vasitəsilə Azərbaycan Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşruta çevrilib. Rəqəmlər də bunu təsdiqləyir. Yəni son iki ildə bu dəhliz üzrə yükdaşımalar 90 faiz artıb, tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb. Ən önəmlisi, yaxın illərdə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionun nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Cənab Prezidentin dediyi kimi, bu dəhliz təkcə iqtisadi mənfəət deyil, həm də sülh və çoxtərəfli əməkdaşlıq üçün mühüm vasitə olacaq. Bu Cənubi Qafqazın gələcək taleyini dəyişəcək bir layihədir. Prezident İlham Əliyevin “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” fikri əslində təkcə Çinlə münasibətlərimizə deyil, bütün dünya ilə əməkdaşlığımıza aid edilə bilər. Çünki ölkəmiz enerji, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirdiyi layihələrlə həm regiona, həm də qlobal sabitliyə xidmət edir. Cənab Prezidentin çıxışı Azərbaycan gəncliyinə də bir mesaj idi. Bu mesaj ondan ibarətdir ki, gələcəyimiz açıqdır, perspektivlərimiz genişdir və biz öz milli maraqlarımızı qoruyaraq dünya miqyasında dəyər yarada bilirik. Tiencindəki “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə mühüm gücə çevrilib. Çinlə dostluq və tərəfdaşlıq münasibətləri bu gücü daha da artırır, ölkəmizi sabitlik, inkişaf və əməkdaşlıq mərkəzinə çevirir. Bu siyasət Azərbaycanın gələcək uğurlarının əsasını təşkil edəcək. Çünki cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycan beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir və tərəfdaşlıq üzərində qurulmuş münasibətləri möhkəmləndirir”-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.