Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Sammiti 21 ölkə liderinin və 10-dan çox beynəlxalq təşkilatın iştirakı ilə beynəlxalq münasibətlərdə mühüm hadisə kimi yadda qaldı. Sammitin nəticələri həm qlobal güc balansına, həm də iştirakçı dövlətlərin regional siyasətinə təsir göstərəcək. Azərbaycan üçün bu platformada iştirak və fəallıq xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan hələ üzv dövlət statusuna malik olmasa da, uzun illərdir ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status ölkəmizə: siyasi dialoqda iştirak, iqtisadi və humanitar layihələrə qoşulmaq, ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır.
Tiencin sammiti göstərdi ki, Azərbaycan üçün bu təşkilat yalnız regional təhlükəsizlik məsələlərinin müzakirəsi yox, həm də Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq platformasıdır.
Azərbaycanın strateji coğrafi mövqeyi – Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi – ŞƏT dövlətləri üçün böyük maraq doğurur. Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur dəhlizi perspektivi, həmçinin Orta Dəhliz layihəsi Azərbaycanın ŞƏT çərçivəsində tranzit və logistika baxımından xüsusi rolunu daha da artırır.
Azərbaycanın zəngin enerji resursları və “yaşıl enerji” sahəsində atdığı addımlar ŞƏT ölkələri ilə əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu sammitdə müzakirə olunan “yaşıl iqtisadiyyat” və rəqəmsal texnologiyalar istiqamətləri Azərbaycanın dayanıqlı inkişaf strategiyası ilə üst-üstə düşür.
Tiencin sammiti Azərbaycan üçün bir neçə mühüm nəticə doğurur:
Regional və qlobal güclərlə əlaqələrin möhkəmlənməsi;
Nəqliyyat dəhlizləri və enerji layihələrində strateji tərəfdaşlığın genişləndirilməsi;
Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzunun artması;
ŞƏT çərçivəsində gələcəkdə daha yüksək status əldə etmək üçün zəminin formalaşması.
Tiencin şəhərində keçirilən ŞƏT Sammiti Azərbaycan üçün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm imkanlar açır. Azərbaycanın strateji mövqeyi, enerji və nəqliyyat sahəsində təşəbbüsləri ŞƏT məkanında yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaradır. Bu isə Azərbaycanın Avrasiya məkanında artan rolunun və beynəlxalq diplomatiyada mövqeyinin gücləndiyini bir daha sübut edir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı