RU

Canluici Donnarumma rəsmən “Mançester Siti”də!

Bu yay PSJ-dən ayrılmış İtaliya millisinin qapıçısı Canluici Donnarumma bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə nəhənginin rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı qolkiper yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb. İngiltərə klubu Donnarumma üçün PSJ-yə 30 milyon avro ödəyib.

Xatırladaq ki, Canluici Donnarumma PSJ-yə 2021-ci ilin iyul ayında “Milan”dan azad agent qismində keçmişdi. Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 161 oyun, 156 buraxılmış qol və 56 “quru” oyundan ibarətdir.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 74 oyun keçirib, 66 qol buraxıb, 30 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və Çempionlar Liqasının (2024/2025) qalibi olub.

Həmçinin Donnarumma Fransa Liqa 1-də mövsümün qapıçısı seçilib (2021/2022, 2023/2024).

“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Избранный
153
1
arena.az

10Источники