“Ümid edirəm ki, qələbə qazanan tərəf mən olacağam”.
Bunu Offsideplus.az-a açıqlamasında tanınmış MMA döyüşçüsü Xəyal Canıyev deyib.
Yenidən RCC MMA təşkilatının bayrağı altında çıxış edən təmsilçimiz növbəti döyüşü haqqında danışıb. O bildirib ki, özünü qarşılaşmaya tam hazır hiss edir:
“Döyüşün vaxtını bir müddət öncədən bildiyim üçün hazırlıqlara iki ay öncədən başlamışdıq. Hazırlığım Azərbaycanda keçib. İndi isə Rusiyadayam. Son on günü burada keçirəcəyəm. Hazırda çəkisalma mərhələsindəyəm. Özümü yaxşı hiss edirəm”.
Canıyev rəqibi yaxşı analiz etdiyini vurğulayıb:
“Rəqib iranlı döyüşçü Hüseyn Bəhmənidir. Döyüşlərini izləyib yetəri qədər analiz etmişik. Həm ayaqüstü döyüşür, həm də lazım olanda güləşir. Biz də yetəri qədər ciddi hazırlaşırıq. Ona bir-iki sürprizim olacaq”.
31 yaşlı idmançı gələcək hədəflərindən də danışıb:
“İlin sonuna kimi daha bir döyüş keçirmək istəyirəm. Sonra da böyük planlarımız var. MMA-da daha da irəliləyib qarşıma qoyduğum məqsədlərə çatmaq niyyətindəyəm”.
Qeyd edək ki, Xəyal Canıyevlə Hüseyn Bəhməni arasında döyüş sentyabrın 12-də baş tutacaq.