RU

İrəvanda qondarma "Arsax bayramını" kim qızışdırır...


Onlar hələ də cəmiyyəti inandırmağa çalışırlar ki, Ermənistan Rusiyanın yanına qayıtsa, Moskva Qarabağı yenidən ermənilərə qaytaracaq

Ermənistanda geniş şəkildə qeyd edilən saxta "Artsaxın müstəqillik günü" Azərbaycanla Ermənistan arasında paraflanmış, amma hələ də təsdiqlənməmiş sülh müqaviləsi danışıqlarına, sözsüz ki, mənfi təsir göstərir. Çünki Ermənistan hökuməti cəmiyyəti bu sülh müaqviləsini qəbul etməyə hazırlamalıdır.

Erməni cəmiyyətinə izah edilməlidir ki, indiyə qədər "dənizdən dənizə dövlət", "böyük ermənistan", "qarabağ ermənistandir", "erməni soyqırımı" kimi boş süarlarla onların beynini yuyublar. Bu ideyaların hamısınin rus imperyası tərəfindən uydurulduğu erməni cəmiyyətinə izah edilməlidir. Belədə isə 37 il əvvəl ortaya atılmış uğursuz "Artsax" ideyası yenidən dövrüyyəyə buraxılıb.

İrəvanda 2 sentyabr - qondarma “Artsaxın müstəqilliyi günü”nü bayram kimi təqdim etmək cəhdləri, əsasən, Ermənistanın revanşist dairələrinin və radikal siyasi qruplarının işidir.

Keçmiş Qarabağ klanı (Robert Koçaryan, Serj Sərkisyan tərəfdarları) - bu qüvvələr mövzunu dirildib Paşinyan hökumətinə təzyiq vasitəsi kimi istifadə edirlər.

Radikal müxalifət partiyaları olan “Daşnaksütyun” və digər millətçi hərəkatlar öz maraqları naminə bu məsələni yenidən qızışdırmaq istəyirlər. Çünki revanşist qüvvələr Rusiya himayəsinə haqq qazandırmaq üçün başqa bir ideya tapa bilmirlər. Onlar hələ də cəmiyyəti inandırmağa çalışırlar ki, Ermənistan Rusiyanın yanına qayıtsa, Moskva Qarabağı yenidən ermənilərə qaytaracaq.

Digər tərəfdən, Rusiyanın birbaşa təsiri altında olan kilsə rəhbərliyi və dini dairələr - Qarabağı “erməni torpağı” kimi təqdim edən bəyanatlarla insanları emosional ruhlandırmağa çalışır.

Qərbdəki erməni diaspor təşkilatları, xüsusilə Fransadakı və ABŞ-dakı lobbi qrupları mitinqlər və kampaniyalarla İrəvanda belə aksiyaları dəstəkləyir. Məqsəd cəmiyyətin diqqətini Ermənistanın real problemlərindən yayındırmaq, ruspərəst müxalifətə reytinq qazandırmaq, Azərbaycanla sülh danışıqlarına mane olmaq və prosesləri sabotaj etmək, revanşizm və separatizmi gündəmdə saxlamaqla beynəlxalq dairələrdə təəssürat yaratmaqdır ki, guya “Artsax məsələsi hələ də açıqdır”. Əslində isə Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi məhdud antiterror əməliyyatından sonra Qarabağda separatizm tamamilə məhv edilib, “artsax” adlı qurum mövcud deyil. Bu gün İrəvanda keçirilən “bayram” sadəcə siyasi şou xarakteri daşıyır.

İrəvanda 2 sentyabr – qondarma “Artsaxın müstəqilliyi günü” adı ilə keçirilən tədbirləri qızışdıran əsas qüvvələr isə aşağıdakılardır: keçmiş Qarabağ klanı nümayəndələri, Robert Koçaryan (keçmiş prezident, Xankəndidən çıxmış siyasətçi), Serj Sərkisyan (keçmiş prezident) və onların siyasi komandası və tərəfdarları.

Eyni zamanda buraya radikal müxalifət partiyaları və hərəkatlar da daxildir. Onlar “Daşnaksütyun” (ARF - Erməni İnqilabi Federasiyası), partiyası, “Vətən” partiyası (Artur Vanetsyan) və digər anti-Paşinyan bloklardan ibarətdir.

Ermənistanın kilsə rəhbərliyi olan II Qaregin (Eçmiədzin Katolikosu) və Katolikos I Aram (Kilisənin Kilikya qolu) da bu siyahıya daxildir.

Onlar da dini təbliğat vasitəsilə “Artsax məsələsini” gündəmdə saxlamağa çalışırlar

Bununla yanası xarici erməni diaspor təşkilatları - ABŞ-dakı ANCA (Armenian National Committee of America), Fransadakı və Rusiyadakı erməni lobbi dairələri bu hərəkata dəstək verir.

Amerikadakı “Hay Dat” strukturları maliyyə və təbliğat dəstəyi ilə bu aksiyaları gücləndirirlər.

Eyni zamanda, separatçıların qalıqları və Qarabağdan çıxmış qruplar- keçmiş “artsax rejiminin” nümayəndələri (Araik Arutyunyan, Samvel Şahramanyan və s.) və İrəvanda məskunlaşmış radikal qruplar bu ideyanı yenidən erməni cəmiyyətinin gündəminə daşımaq istəyir. Lakin erməni cəmiyyətinin böyük əksəriyyəti artıq bu qüvvələrin aləti olmaqdan bezib.

Bu "bayram görüntüləri" Ermənistanın dövlət siyasəti deyil, daha çox revanşist dairələrin, kilsə və diasporun təzyiqi ilə qızışdırılan aksiyalardır. Məqsəd isə Azərbaycanla sülh prosesinə mane olmaq və erməni ictimaiyyətini yenidən “artsax xülyası” ilə ovutmaqla Ermənistanı Rusiya orbitinə qaytarmaqdır.

Saxta “Artsaxın müstəqillik günü”nün Ermənistanda geniş qeyd edilməsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına bir neçə istiqamətdən mənfi təsir göstərə bilər.

Bu, cəmiyyətin əhval-ruhiyyə və milli mövqelərini sərtləşdirə bilər. Bu cür "bayramlar" Ermənistan ictimaiyyətində və siyasi dairələrdə “Artsaxın müstəqilliyi”nə dair illüziya və qəti mövqe formalaşdırır. Nəticədə, Ermənistan rəsmilərinin danışıqlarda kompromis vermək ehtimalı azalır, çünki ictimai təzyiq “Artsaxı qorumaq” tələbini gücləndirir.

Digər tərəfdən, proses danışıqları çətinləşdirə bilər. Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımayan və saxta “müstəqillik günü”nü qeyd edən tərəf, danışıqlarda konstruktiv və realist mövqedən uzaqlaşa bilər. Bu, sülh danışıqlarının uzanmasına və konkret nəticələrin əldə edilməsinin çətinləşməsinə səbəb olur.

Belə "bayramlar" simvolik olaraq “ərazi üzərində iddia” mesajı verir. Bu da Azərbaycan tərəfi üçün təzyiq yaradır və etimad mühitini zəiflədir. Sülh danışıqları üçün etimadın olması vacibdir, belə "bayramlar" isə etimadı zəiflədir.

Ermənistanın belə "bayramlar"ı geniş şəkildə qeyd etməsi beynəlxalq ictimaiyyətə mesaj verir ki, Ermənistan hələ də “Artsaxın müstəqilliyini” dəstəkləyir və kompromis üçün hazır deyil. Bu, beynəlxalq vasitəçilərin də Ermənistana təzyiq göstərməsini çətinləşdirə bilər.

Yəni "bayramlar" sülh prosesinə mənfi təsir göstərir, danışıqları uzadır və kompromis imkanlarını azaldır. Azərbaycan tərəfi üçün bu, həm daxili, həm də beynəlxalq səviyyədə diplomatik strategiyanı gücləndirməyə ehtiyac yaradır.

Akif NƏSİRLİ

Избранный
127
baki-xeber.com

1Источники