RU

Minsk qrupu rədd oldu, növbə Avropa İttifaqının Ermənistandakı missiyasınındır...


Məlum olduğu kimi, sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib. Qrup 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılıb. Bu qurumun əsas məqsədi münaqişənin həllində Ermənistan və Azərbaycan arasında diplomatik təmaslar qurmaq, münaqişənin qızışmasına yol verməmək və məsələni sülh yolu ilə həll etmək olub.

Lakin Azərbaycan uzun illərdir ki, ATƏT-in Minsk qrupunu heç bir iş görməməkdə günahlandırırdı. İkinci Qarabağ müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra elan etdi ki, daha bu quruma ehtiyac qalmayıb və o ləğv olunmalıdır. Məsələ ilə bağlı prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərdə olarkən deyib: “Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”. Bunun ardınca cari il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Burada Minsk qrupunun ləğvi ilə bağlı məsələ də razılaşdırılıb. Beynəlxalq məsələlər üzrə ekspert i Rikard Yozvyak Minsk qrupunun hədəflərinin heç birinə çatmadığını, ATƏT diplomatlarının da bunu etiraf etdiyini bildirir. Onların fikrincə, qrup bircə 1990-cı illərin sonu - 2000-ci illərin əvvəlində Bakı ilə İrəvan arasında gərginliyi səngidə bilib. ATƏT-in konsensuslara əsaslanması, daimi vetolar qrupun effektini azaldıb. İndi Minsk qrupunun ləğvi o deməkdir ki, ATƏT 2021-ci ildən bəri büdcəsinin təsdiqlənməsinə nail ola bilər. Bundan ötrü ona yekdillik lazımdır, Bakı isə 158 milyon avro həcmində büdcəyə veto qoyub, çünki büdcədə Minsk qrupu üçün də vəsait nəzərdə tutulub. Amma Rusiyanın əngəl yarada biləcəyi məsələsi də var. Çünki Moskva ATƏT-in Ukraynadakı fəaliyyəti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri monitorinq etməsindən narazıdır, bunu siyasi sayır. Bütün bunlar fonunda hazırda Avropa İttifaqı (Aİ) da Ermənistandakı müşahidə missiyasının (EUMA) taleyini düşünür. Missiya iki il öncə bu ölkənin Azərbaycanla sərhədində monitorinq məqsədilə yaradılıb. 209 müşahidəçisi olan missiya Bakının qəzəbinə tuş gəlib. Rikard Yozvyak qeyd edir: “Azərbaycan Minsk qrupunu yola salmağa nail oldu, avropalı diplomatlar EUMA-nın növbəti ola biləcəyini düşünürlər”. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirir ki, Aİ mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur: “Bildiyimə görə, Ermənistan xalqı və hakimiyyəti Avropa İttifaqının Ermənistandakı missiyasını alqışlayır. Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və, əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək”.

Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı? Bu sualı cavablandıran Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətlərinin dəvəti ilə ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq: “Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik”. Bir daha xatırladaq ki, sülh müqaviləsinin mətninin razılaşdırılmasından beş ay sonra Ermənistan və Azərbaycan avqustun 8-də Vaşinqtonda sazişi paraflayıblar. Sənəddə deyilir ki, qarşılıqlı sərhədə hər hansı üçüncü tərəf qüvvələrini yerləşdirməməlidir. Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində daha iki il –2027-ci il fevralın 19-dək qalmasına qərar verilib. Bakı dəfələrlə Aİ-nin Ermənistandakı missiyasını casusluq fəaliyyətində, “binokl diplomatiyası”nda ittiham edib. Qeyd edək ki, şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi, indi də yoxdur. Missiyanın rəsmi olaraq Avropa İttifaqına məxsus olması hesab edilsə də, onun faktiki idarəçiliyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir. Bütün bunlar missiyanın geosiyasi məqsdəqlər güddüyünü də göstərir. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına çalışılır. Bütün bunlar missiyanın geosiyasi məqsdəqlər güddüyünü də göstərir. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına çalışılır. Amma görünən odur ki, Aİ missiyasının fəaliyyətinə çox qalmayıb.

Samirə SƏFƏROVA

Избранный
55
baki-xeber.com

1Источники