RU

Bakı küçələrində təhlükə: Çökmüş kanalizasiya qapaqları həyat və əmlak üçün təhdidə çevrilib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin iyununda baş verən faciə hələ də insanların yaddaşındadır. 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü paytaxtın Nərimanov rayonunda yer səthinin çökməsi nəticəsində kanalizasiya kanallarına düşərək həyatını itirmişdi. Onun meyitinin kilometrlərlə uzaqda Hövsan qəsəbəsində kanalizasiya kollektorunda tapılması isə hadisənin miqyasını və şəhər infrastrukturu ilə bağlı problemlərin dərinliyini ortaya qoymuşdu.

Hadisədən üç aya yaxın vaxt keçib, amma görünən odur ki, Bakı küçələrində təhlükə hələ də qalır. Bu dəfə zərərçəkən insanlar deyil, avtomobillərdir. Paytaxtın müxtəlif küçələrində kanalizasiya qapaqları çökür, qırılır, bəzi hallarda isə tamamilə yox olur. Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır.

Şəhər sakinlərinin sözlərinə görə, belə hallara tez-tez rast gəlinir. Avtomobillərin təkərlərinin cırılması, alt hissələrinin zədələnməsi adi hala çevrilib. Amma bu ziyan maddi tərəfi ilə ölçülə bilən problemdir. Əsl təhlükə isə qəfil çökmələr nəticəsində piyadaların və ya uşaqların həmin kanallara düşməsidir.

Mütəxəssislər bildirirlər ki, bu problemlərin səbəbləri çoxşaxəlidir: Sovet dövründən qalan kanalizasiya sistemi uzun müddətdir ki, əsaslı şəkildə yenilənməyib. Mövcud nasazlıqlar vaxtında aradan qaldırılmır, nəzarət mexanizmi işlək deyil. Qapaqların tez sıradan çıxması və ya oğurlanması təhlükəni artırır.

Sosial şəbəkələrdə də bu məsələ geniş müzakirə olunur. İnsanlar haqlı olaraq sual edirlər: “Ölkənin paytaxtında, şəhərin mərkəzi küçələrində belə təhlükəli vəziyyətin davam etməsinə niyə göz yumulur?”

Əgər vaxtında tədbir görülməsə, nəticələri daha ağır ola bilər. Çünki söhbət təkcə maddi zərərdən getmir. Bu məsələ insan həyatı ilə bağlıdır.

Ekspertlər hesab edirlər ki, kanalizasiya sisteminin köklü yenilənməsi, mütəmadi texniki baxışların həyata keçirilməsi və qapaqların oğurlanmasının qarşısını almaq üçün nəzarətin artırılması təcili şəkildə həyata keçirilməlidir. Əks halda, paytaxt sakinləri hər gün öz həyatlarını təhlükəyə atmaq məcburiyyətində qalacaqlar.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
icma.az

1Источники