RU

Uşağa qarşı işgəncə dövlət və cəmiyyət üçün ibrət dərsidir - AKTUAL

Əliməmməd Nuriyev: “Qəyyumların davranışı yoxlanılmalıdır, uşaqların gələcəyi izlənməlidir”

Mətanət Məmmədova: “Bir uşağın ağrısı bütün cəmiyyət üçün utancdır”

Son günlər sosial şəbəkələrdə 14 yaşlı yeniyetmənin qəyyumu (xalası) tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı müxtəlif versiyalar səslənsə də, məsələ hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılaraq istintaq aparılır.

Qonşular yeniyetmənin zəncirləndiyini, ac-susuz saxlanıldığını iddia etsələr də, onun qardaşı F.Məmmədov bu məlumatları təkzib edərək bütün işgəncələrin mərhum ataları tərəfindən törədildiyini deyib. Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətindən verilən məlumatda isə bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin əzabvermə maddəsi ilə cinayət işi başlanılıb. Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda qeydə alınan bu hadisə qəyyumluq institutu ilə bağlı yaşanan problemləri gündəmə gətirib. 14 yaşlı uşağın doğma xalası tərəfindən işgəncəyə məruz qalması bir daha göstərdi ki, qəyyumluq yalnız formal məsələ deyil. Valideyn himayəsindən məhrum qalan uşaqların gələcək taleyinə, psixoloji və sosial inkişafına birbaşa təsir edən ciddi bir institutdur.
Bəs, kimlər qəyyum ola bilər və hansı şərtlərlə qəyyumluq təyin edilir?

Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında uşaqların taleyi ilə bağlı məsələlərin hər zaman ciddi müzakirə mövzusu olduğunu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların taleyi təkcə ailələrin deyil, millətin taleyi ilə bağlı məsələdir: 

“İstər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə Ailə Məcəlləsində və digər qanunvericilik aktları uşaqların hüquq və azadlıqlarının müdafiəsilə bağlı normalar müəyyənləşdirilib. Qəyyumluq valideyn himayəsindən məhrum qalmış azyaşlı uşaqların hüquqlarını, mənafelərini qorumaq və onların normal inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən edilmiş institutdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, qəyyumluq həmçinin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış və ya itirilmiş şəxslərə də şamil olunur. Qəyyumluq böyük sosial və mənəvi məsuliyyət daşıyan bir institutdur. Qəyyumluğa təyin olunan şəxs uşağın təkcə maddi yox, həm də mənəvi qayğısını təmin etməli, ona ailə mühitini əvəz etməlidir. Qəyyumluğun əsas məqsədi uşağın təhlükəsizliyini təmin etmək, təhsilini, sağlamlığını, sosial və mənəvi inkişafını qorumaqdır. Qəyyumluq və himayəçilik haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaxın qohumlar, yəni xala, bibi, dayı, əmi, nənə və baba kimi qohumlar üstünlük təşkil edir. Dövlət orqanları qəyyumluğu ilk növbədə uşağın qohumlarına həvalə etməyə çalışır. Əgər yaxın qohumlar qəyyumluq edə bilmirsə və ya istəmirsə, qəyyumluq uşağa laqeyd olmayan başqa şəxslərə verilə bilər. Uşaqların hüquqlarını kobud şəkildə pozanlar, alkoqol və narkotik asılılığı olan şəxslər, məhkumluğu olan və ya psixi xəstəlik səbəbi ilə qəyyumluğa yararsız hesab edilən şəxslər qanunla qəyyum ola bilmirlər”.

Ə.Nuriyevin sözlərinə görə, qəyyumluq yerli icra hakimiyyəti orqanları və ya məhkəmə tərəfindən təyin edilir: 

“Uşaq valideyn himayəsindən məhrum qaldıqda, müvafiq orqanlar onun vəziyyətini araşdırır, ən münasib şəxs seçilir və qəyyumluq rəsmi qərarla rəsmiləşdirilir. Uşaq üçün qəyyum tapılmadıqda, o, uşaq evinə və ya dövlətin müvafiq sığınacağına yerləşdirilir. Qəyyum əgər uşaqların hüquqlarını pozarsa, qəyyumluq orqanı onu kənarlaşdıra bilir. İşgəncə verilməsi kimi ağır hallarda isə qəyyum Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Konkret hadisədə olduğu kimi…”

Qəyyumluğa verilən uşaqların sonrakı taleyinin izlənilməsinə gəldikdə isə Fond prezidenti bildirib ki, qanunvericilikdə bununla bağlı da məsuliyyət müəyyən edilib. Qəyyumluq və himayəçilik orqanları, rayon İcra Hakimiyyəti yanında Qəyyumluq komissiyaları uşaqların saxlanma şəraiti və hüquqlarının qorunmasına davamlı nəzarət etməlidirlər: 

“Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında sosial xidmət orqanları da monitorinqlər aparmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaq hüquqlarının müdafiəsi üçün nəzarət funksiyasına  malikdir. Uşaq hüquqları ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatları, ictimai birliklər də müvafiq monitorinqlər və ictimai nəzarət funksiyasını yerinə yetirir. Qəyyumluğun effektiv işləməsi üçün sadaladığım dövlət qurumları koordinasiyalı işləməlidir. Davamlı monitorinqlər və təhlükəsizlik yoxlamaları aparılmasa, uşaqlar risk altında qala bilərlər”.

Ə.Nuriyevin sözlərinə görə, qəyyumluq və himayəçiliklə bağlı Mülki Məcəllədə heç bir çatışmazlıq yoxdur. Lakin Yerli İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Kommissiyaları bu öhdəlikləri çox zaman formal icra edir. Uşağın saxlanma şəraiti, psixoloji  vəziyyətinin inkişafı ilə bağlı davamlı monitorinqlər aparılmır: 

“Təklif edirəm ki, komissiyanın fəaliyyətinə müstəqil monitorinq mexanizmləri əlavə olunsun. Vətəndaş cəmiyyətləri, ictimaiyyət nümayəndələri bu prosesə qoşulsun. Bu zaman daha obyektiv nəticələr əldə  etmək mümkün olar. Ən böyük problemlərdən biri qəyyumların seçilməsi ilə bağlıdır. Qanunvericilik üstünlüyü yaxın qohumlara versə də, bəzən bu şəxslərin psixoloji və sosial-iqtisadi vəziyyətləri nəzərə alınmır. Həmin şəxslərin uşaqla davranışı yoxlanılmalıdır. Bəzi hallarda qəyyum təyin olunan qohumlar uşaq üçün real təhlükə mənbəyi ola bilir. Zorakılıq edən, istismar edən qəyyumların sayı az deyil. Bəzən öz uşaqlarına qarşı laqeyd olan şəxslər vəfat etmiş yaxınlarının uşaqlarına qəyyum  təyin edilir. Hesab edirəm ki, qəyyum təyin edilməzdən əvvəl icbari sosial- psixoloji qiymətləndirmə keçirilməlidir. Həmin şəxsin qəyyum olub-olmayacağına dair yekun nəticə əldə olunmalıdır. Qəyyumluğa namizədlərin məlumat bazası formalaşdırılmalıdır. Onlar daim nəzarətdə olmalıdır. "Sosial xidmət haqqında" qanuna dəyişiklik etməklə qəyyumluq nəzarəti üzrə elektron vahid platforma yaradılmalıdır. Qəyyumlar üçün məcburi maarifləndirmə və təlim proqramları tətbiq olunmalıdır. ƏƏSMN övladlığa verilən şəxslərlə bağlı məcburi təlimlər keçirir. Qəyyum təyin edilən qohumlarla bağlı da bu cür təlimlərin icbari olması məqsədəuyğundur. Qanunvericilikdə nəzərdə tutulsa da, qəyyumluğa verilən uşaqların gələcək taleyinin izlənməsi ilə bağlı  çatışmazlıqlar var. Zənnimcə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında milli reyestr yaradılmalı və qəyyumluğa verilən uşaqların datası yerləşdirilməlidir. Hər uşağın vəziyyəti real vaxt rejimində izlənilməlidir”. 
Sosioloq Mətanət Məmmədova da Sherg.az-a açıqlamasında deyib ki, istənilən ölkədə valideynlərini itirmiş uşaqlara qəyyumluq, ilk növbədə, ailədən – yaxın qohumlardan təyin olunur: 

“Azərbaycan mentalitetində isə xala “ana yarısı” sayılır. Bizim ənənələrimizdə xalanın öhdəsinə düşən vəzifə müqəddəsdir – o, bacısının övladını öz uşağından seçməz, onu böyüdər, oxudar, həyat yoluna hazırlar, ta ki, həmin uşaq öz ailəsini qurana qədər. Bu, həm milli ənənəmizin, həm də mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir. Amma təəssüf ki, Sabunçu rayonunda yaşanan son hadisə bu mənəvi dəyərlərin ziddinə nümunədir. Bacısının övladına sahib çıxmalı olan bir xala, əksinə, onun həyatını zindana çevirib. Bəli, biz insanıq, hər kəs depressiyaya düşə bilər, yaxınını itirəndə psixoloji sarsıntılar keçirə bilər. Lakin heç bir psixoloji gərginlik uşağa işgəncə verməyə, onun hüquqlarını tapdalamağa haqq qazandıra bilməz! Əgər bu qadın öz vəziyyətini idarə edə bilmirdisə, sadə bir yol var idi – uşağı dövlətin himayəsinə vermək. Dövlət müəssisələri də, sosial xidmət orqanları da bunun üçün var. Amma gizlincə uşağı döymək, əzab vermək sadəcə psixoloji deyil, cinayət xarakteri daşıyan bir davranışdır. Azərbaycan cəmiyyətində heç bir insan uşağa edilən işgəncəyə biganə qala bilməz. Bizim insanımız mərhəmətlidir, incə ruhludur, hər zaman məzlumun, kimsəsizin yanında dayanıb. Məhz buna görə də bu hadisənin ictimailəşdirilməsi təsadüfi deyil”. 

M.Məmmədovanın sözlərinə görə, hadisə ciddi şəkildə araşdırılmalıdır: 

"Əgər xala, doğrudan da, psixoloji problemlərdən əziyyət çəkir və  üalicəyə ehtiyacı varsa, uşaq əlindən alınıb dövlət müəssisələrinə yerləşdirilməlidir. Yox, əgər o, tam sağlamdır və bu işgəncələri məqsədli şəkildə edibsə, onda cəzası ən ağır formada verilməlidir! Belə bir qadının azadlıqda qalması, uşaqlarla işləyən hər kəs üçün təhlükədir. Əgər “ana yarısı” adlanan bir xala belə qəddar ola bilirsə, onda biz övladlarımızı hansı qonşuya, hansı bağça tərbiyəçisinə, hansı müəllimə etibar edək? Ona görə də bu cür hallara qarşı dövlətin reaksiyası sərt olmalıdır - elə sərt ki, hər kəs üçün ibrət olsun.
Ümumiyyətlə, Azərbaycan cəmiyyətində uşaqlara qarşı zorakılıq halları çox nadirdir. Çünki bizim insanlarımızın qanında mərhəmət var. Lakin istisna hallarda belə vəhşiliklər törədənlər ya mənəvi dəyərlərdən tamamilə uzaq, ya da psixoloji cəhətdən xəstə insanlardır. Bu cür şəxslər cəmiyyətdən təcrid olunmalı,  ya həbsxanaya atılmalı, ya da psixoloji mərkəzə yerləşdirilməlidir. Çünki bir uşağın göz yaşları, bir uşağın çəkdiyi ağrı, bir uşağın susaraq yaşadığı işgəncə bütün cəmiyyət üçün utancdır! Uşaqlar bizim gələcəyimizdir, sabahımızdır, millətin vicdanıdır. Bu gələcəyi qorumaq hər birimizin, həm dövlətin, həm də cəmiyyətin müqəddəs borcudur”.
Избранный
0
1
sherg.az

2Источники