Almaniyada koalisiya hökumətdə yer alan tərəfdaş partiyalar – Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) ölkənin iqtisadi və sosial problemlərinə birlikdə həll tapmaq niyyətində olduqlarını bəyan ediblər. SİA “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə koalisiya komitəsində aparılan müzakirələrdən sonra mətbuat nümayəndələri üçün brifinqdə məlumat verilib. Tərəflər müzakirələrdən sonra sənaye, avtomobil istehsalı və sosial dövlət sahələrində geniş islahatlar aparmaq barədə razılığa gəldiklərini açıqlayıblar.
Federal Kansler Fridrix Merts çətin durumda olan polad sənayesini dəstəkləmək üçün sənaye və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. Kansler avtomobil sənayesinin gələcəyi ilə bağlı da geniş dialoqa start verəcəyini bildirib. Koalisiya tərəfdaşları sosial təminat sisteminin əsas funksiyalarını qoruyaraq onu daha effektiv və ədalətli hala gətirməyi planlaşdırır.
Koalisiyanın prioritetləri arasında Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, iş yerlərinin qorunması və yenilərinin açılması məsələlərinin yer aldığı qeyd olunub. SPD-nin həmsədri Berbel Bas hökumət daxilindəki ictimai çəkişmələrə son qoyulmasının və diqqətin ortaq məqsədlərə yönəlməsinin vacibliyini bildirib.
SPD-nin digər həmsədri və vitse-kansler Lars Klinqbayl və CSU-nun sədri Markus Zöder qarşıdakı ayların ölkə üçün həlledici olduğunu vurğulayıblar. L.Klinqbayl federal büdcədəki kəsirin bağlanması üçün ədalətli ümumi paketin hazırlanacağını bildirib.
Qeyd edək ki, “Payız islahatları” çərçivəsində hökumət əsasən sosial təminat, pensiya və bələdiyyə maliyyəsi sahələrində dəyişikliklər nəzərdə tutur. Koalisiya tərəfdaşları sosial dəstək sistemi – vətəndaş müavinəti ilə bağlı sərt qaydalar tətbiq etməklə ilk mərhələdə 1,5 milyard avro, sonrakı illərdə isə 5 milyard avroya qənaət planlaşdırır. Büdcə planına əsasən, Almaniyanın dövlət xərcləri 2026-cı ildə 520 milyard avroya, 2029-cu ildə isə 572 milyard avroya çatacaq. Müdafiə xərcləri 2026-cı ildə 32 faiz artaraq 108 milyard avroya yaxınlaşacaq. Koalisiya, həmçinin sosial dövlətin strukturunu sadələşdirmək üçün yeni komissiyanın işinə start verib. Bu orqan ilin sonunadək vətəndaşlıq müavinəti, yaşayış yardımı və uşaq müavinətlərinin optimallaşdırılması barədə təkliflər təqdim edəcək.