RU

Azərbaycan və Türkiyənin şəhid ailələrinin görüşü keçirilib - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin növbəti günü geridə qalıb.

QHT.az xəbər verir ki, 3 sentyabr tarixində ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti əvvəlcə Əsgərxan qalası, Ağdam Şəhidlər Xiyabanı və Qobustan Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edib. Qonaqlara Azərbaycanın tarixi irsi, təbiət abidələri və Birinci Qarabağ müharibəsi şəhidləri barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında Türkiyə şəhid ailələrinin üzvləri Abşeron rayonunda yaşayan şəhid ailələri ilə görüşüb. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbir səmimi, dostluq və qardaşlıq ab-havasında keçib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq Azərbaycanın hər zaman Türkiyə ilə çiyin-çiyinə olduğunu, şəhid ailələrinin qayğısının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənəsini gücləndirmək olduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş isə çıxışında Azərbaycan və Türkiyənin bir millət, iki dövlət prinsipi üzərində möhkəm birliyini, həmçinin şəhid ailələrinin bu qardaşlığın ən ali rəmzi olduğunu qeyd edib.

Daha sonra həm Azərbaycan, həm də Türkiyə şəhid ailələrinin üzvləri çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti Sevinc Sarıyeva və IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli çıxış ediblər. Onlara tar ifaçısı Cavanşir Rüstəmbəyli və kamança ifaçısı Əli Rüstəmbəyli müşayiət ediblər.

Sonda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə qonaq olan Türkiyə nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

Избранный
75
qht.az

1Источники