RU

Diqqət! Buna görə CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb.

Sitat.info xəbər verir ki, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Bəs bu hallar aşkarlanarsa, işəgötürənləri hansı cəzalar, cərimələr gözləyir? Qanunvericilikdə bu məsələ necə əksini tapıb? 

Bu suallarla bağlı Sitat.info-ya danışan hüquqşünas Asim Abbasov  bildirib ki, Azərbaycanda işçiləri əmək müqaviləsi bağlamadan işlətmək qanunvericiliklə ciddi şəkildə qadağan olunub: "Həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulur. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur".

Aytac,

Sitat.info 

Избранный
111
2
sitat.info

3Источники