RU

Fransada məktəb direktoru intihar edib

Faciə ölkədə təhsil sisteminin struktur çatışmazlıqlarını ortaya qoyur

Fransanın Kantal bölgəsində məktəb direktoru işləyən 42 yaşlı Karolin Qrandjan sentyabrın 1-də səhər saatlarında intihar etmək niyyəti barədə qaynar xəttə zəng edib. Xidmət bu barədə polisə xəbər verib və qadınla əlaqə saxlamağa çalışsa da, sonradan onun cəsədini məktəbdən 10 km aralıda uçurumun dibində aşkar ediblər. 

Çərşənbə axşamı Təhsil Nazirliyi inzibati təhqiqata başlayıb: məlum olub ki, Qrandjan iki il ərzində lesbofob təqiblərinə və zorakılığına məruz qalıb.

2023-cü ilin dekabr ayından direktorun işlədiyi məktəbin divarlarında homofobik qraffitilər peyda olmuş və o, hədələyici məktublar almışdı. Qrandjan şikayətlər yazıb, amma təhqirlər dayanmayıb.

Təhsil müfəttişliyi başqa məktəbə köçürməyi təklif etsə də, o, bundan imtina edib. 2024-cü tədris ilinin başlamasına az qalmış, növbəti təhqirlər onu yenidən işini tərk etməyə məcbur edib və  məktəb direktoru  bir daha vəzifəsinə qayıtmayıb...

Yaxınlarının dediyinə görə, Karolin Qrandjan onu qorumaqdansa, ondan qurtulmağı üstün tutan bir qurum tərəfindən özünü  tərk edilmiş hiss edib və onun məktəbə getdiyi ilk gün intihar etməsi problemə diqqət çəkmək cəhdi olub.

Müəllimlər həmkarlar ittifaqının baş katibi Oreli Qarnyenin sözlərinə görə, faciə Fransa təhsil sisteminin struktur çatışmazlıqlarını ortaya qoyur.  “Euronews” -a verdiyi müsahibədə o, resurs çatışmazlığını pisləyib:

“16 000 dövlət təhsil işçisi üçün yalnız bir peşə terapevtimiz var. Peşəkar psixoloqlar demək olar ki, yoxdur.  2021-ci il üçün intiharın qarşısının alınmasına dair təlimat hazırladıq, amma heç dərc edilmədi. Səbəb? Təlimatda intihardan danışılır və kadrlar şöbələri bunun müzakirə olunmasını istəmir. Bu, onlar üçün tabu mövzusudur.”

Homofobiya əleyhinə birliklərin nümayəndələri də sistemin çatışmazlıqlarından danışırlar. SOS Homofobi dərnəyinin prezidenti Jüli Torlenin sözlərinə görə, “biz təcavüzə məruz qalan tələbələri qoruyuruq, lakin müəllimlərlə bağlı bunun fərqli olduğunu görürük. Onlar sadəcə olaraq işlərini dəyişməli olurlar.”

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
84
azerbaijan-news.az

1Источники