Tural İsmayılov: “Moskva uzun illərdir ki, öz ərazisində güclənən, təşkilatlanmış etnik icmalara şübhə ilə yanaşır və onları ya kriminal, ya da “təhlükə” kimi təqdim etməyə çalışır”
Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.
APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.
O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.
Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.
Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.
Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.
Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.
İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.
Hər iki şəxslə bağlı istintaq davam edir.
Hazırkı dönəmdə reputasiyası ləkəli, adı müəyyən iqtisadi cinayətlərdə hallanan adamların Azərbaycan diasporuna sədr seçilməsi ilə bağlı məlumatların, özü də yalan məlumatların indi yayılması, tirajlanması təsadüfi deyil. Azərbaycan diasporunun rəhbərləri indi Rusiyada təqib olunurlar, onları tuturlar, incidirlər. İndiki şəraitdə bu cür məlumatları məhz Rusiyanın özündə yaymaqla belə rəy yaradırlar ki, Azərbaycan diasporu guya kriminallaşmış bir strukturdur və rəhbərliyə də iqtisadi aləmdə kriminal imiclə tanınan adamları, yaxud da avtoritetləri gətirirlər.
Rusiyada niyə belə rəy yaradırlar?
“Moskvanın bu yanaşması həm ədalətsiz, həm də təhlükəlidir”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Azərbaycan diasporuna qarşı bu cür kampaniyaları əslində köhnə imperiya siyasətinin davamıdır: “Moskva uzun illərdir ki, öz ərazisində güclənən, təşkilatlanmış etnik icmalara şübhə ilə yanaşır və onları ya kriminal, ya da “təhlükə” kimi təqdim etməyə çalışır. İndi də Azərbaycan diasporunun hədəfə alınmasında məqsəd aydındır – həm nüfuzunu sarsıtmaq, həm də onun yerli cəmiyyətdəki rolunu zəiflətmək. Əslində, kriminal damğası heç bir fakta söykənmir, bu, sadəcə ictimai rəyin manipulyasiyasıdır. Rusiyada miqrantlara qarşı aparılan “ovu” xatırladır - əvvəl informasiya ilə damğalanır, sonra isə inzibati və hüquqi təzyiqlərlə üz-üzə qoyulur. Azərbaycan diasporunu kriminal kimi göstərmək həm də sıravi rus vətəndaşını azərbaycanlılardan uzaqlaşdırmaq üçündür.
Moskvanın bu yanaşması həm ədalətsiz, həm də təhlükəlidir”.
T.İsmayılov qeyd etdi ki, diaspor milli kimliyini qoruyan, sosial dayaqlar yaradan bir qurumdur və ona qarşı aparılan kampaniya sadəcə böhtan deyil, siyasi oyundur: “Rusiyanın bu addımı diasporun güclənməsindən duyulan qorxunun göstəricisidir. Əslində isə Azərbaycan diasporu heç vaxt kriminal olmayıb, əksinə, rus cəmiyyətinə inteqrasiyanın, əməkdaşlığın, qarşılıqlı hörmətin daşıyıcısı olub.
İndi sual budur: bu siyasət kimin xeyrinədir? Görünür, Rusiya həm özündə daxili gərginliyi azaltmaq, həm də Azərbaycanı təzyiq altında saxlamaq üçün belə “informasiya zərbələri” vurur. Amma reallıq dəyişməyəcək - Azərbaycan diasporu nə Moskvadan, nə də yalan kampaniyalardan asılıdır, o öz gücü və birliyi ilə yaşayır”.
İradə SARIYEVA