RU

Cüdo Federasiyasından Musa Hüseynli ilə bağlı açıqlama - MÖVQE

Azərbaycan Cüdo Federasiyası 14 ildir, cüdo idman növü ilə məşğul olan və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Musa Hüseynlinin işdən çıxarılması məsələsi barədə mövqe bildirib.

 

Federasiyadan Pravda.az-ın sorğusuna cavab olaraq göndərilən açıqlamada deyilib ki, kişilərdən ibarət milli yığmanın sabiq üzvü Musa Hüseynlinin guya radikal dini qruplaşmanın üzvü olması və bu səbəbdən milli komandadan uzaqlaşdırılması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

 

Açıqlamada bildirilib ki, Federasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvi prinsipləri əsas götürür və heç bir şəxsə qarşı etnik və dini zəmində ayrı-seçkiliyə yol verilməməsinə ciddi nəzarət edir:

 

“Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işçinin əmək fəaliyyəti ilə bağlı məlumatlar, o cümlədən əməkhaqqısı yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada açıqlana bilər. İdmançı bu məsələ ilə bağlı zəruri məlumatı yalnız birbaşa Federasiyaya müraciət etməklə əldə edə bilər. Qeyd edək ki, 4 sentyabr 2025-ci il tarixində Federasiya bu məsələ ilə bağlı Musa Hüseynli ilə iki dəfə əlaqə saxlayaraq görüşə dəvət edib, lakin Musa Hüseynli görüşə gəlməkdən yayınıb. Qeyd edək ki, Federasiyada idmançılara əməkhaqları daxili qaydalara əsasən təyin edilir və onların nəticələrinə görə tənzimlənir. Musa Hüseynli 2022-ci ildə keçirilən Azərbaycan çempionatında 3-cü yeri tutduğuna görə ona müvafiq əməkhaqqı təyin edilib. Azərbaycan çempionatının mükafatçısı kimi ona 2023-cü ildə 3 beynəlxalq yarışda özünü sınamaq üçün şans verilib. O, bu yarışlarda nəinki nəticə göstərməyib, bir görüşdə belə qələbə qazana bilməyib.

 

Həmçinin 2023-cü ilin sonunda keçirilən Azərbaycan çempionatı zamanı o, 5-ci yeri tutub. Buna baxmayaraq, kişilərdən ibarət milli komandanın baş məşqçisinin təqdimatı əsasında istisna hal kimi ona 2024-cü ildə də əmək haqqı təyin edilib. Təəssüf hissi ilə bildiririk ki, 2024-cü il ərzində Musa Hüseynli iştirak etdiyi bütün rəsmi yarışlarda yenə də nəticə əldə edə bilməyib və ümumiyyətlə yenə də bir görüşdə belə qələbə qazana bilməyib. Rəsmi yarışlar dedikdə Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi kimi ali cüdo təşkilatlarının rəsmi təqviminə daxil olan yarışlar nəzərdə tutulur.

 

Musa Hüseynlinin nəzərdə tutduğu 2024-cü ildə Rusiyada keçirilən BRICS Oyunları Beynəlxalq Cüdo Federasiyasının və hər hansı bir qitə cüdo təşkilatının rəsmi təqviminə daxil olmadığına görə rəsmi yarış hesab edilmir və oradakı nəticələr Federasiyanın daxili qaydalarına görə, maddi motivasiya üçün nəzərə alınmır. Bunu da qeyd edək ki, Federasiyanın daxili qaydalarına əsasən, idmançıların Böyük Dəbilqə kimi nüfuzlu yarışlarda iştirak edə bilməsi üçün ən azı qitə (Avropa, Asiya və s.) Kuboklarında və ya qitə (Avropa Asiya və s.) Açıq Turnirlərində medal qazanması tələb olunur. Musa Hüseynli yuxarıda qeyd edildiyi kimi sözügedən turnirlərdə nəinki nəticə göstərməyib, bir görüşdə belə qələbə qazanmayıb. Buna baxmayaraq, istisna hal kimi ona iki dəfə Böyük Dəbilqə kimi nüfuzlu turnirlərdə özünü sınamağa şərait yaradılıb.

 

Musa Hüseynli sonuncu dəfə 2024-cü ilin dekabr ayında keçirilən Azərbaycan çempionatında 7-ci yeri tutub. Sonra isə milli komandanın məşqlərinə qatılmayıb. Qeyd edək ki, hazırda əmək haqqı almasalar da, milli komandanın məşqlərinə qatılan onlarla idmançı var. Bunu da vurğulayaq ki, Musa Hüseynli idmançı karyerası ərzində 7 beynəlxalq rəsmi yarışa qatılıb və bu yarışlarda nəinki nəticə göstərməyib, ümumiyyətlə, bir görüşdə belə qələbə əldə etməyib, hətta xal belə qazana bilməyib. Bütün məlumatlar Beynəlxalq Cüdo Federasiyasının rəsmi internet saytından əldə edilə bilər. Azərbaycan Cüdo Federasiyası milli yığma komandanın üzvləri üçün bərabər imkanların yaradılmasını və dəstəkləyici mühitin təmin olunmasını əsas prioritetlərdən biri sayır. Federasiya illərdir, böyüklər, gənclər və yeniyetmələr arasında peşəkar idmançıların yetişdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Son illərdə beynəlxalq yarışlarda əldə olunan qələbələr də göstərir ki, potensial idmançılara inkişaf və uğur qazanmaq üçün bütün zəruri şərait yaradılır”.

 

Qeyd: Musa Hüseynli saytımıza şikayətində işinə xitam verilsə də, 6 ay ərzində əmək kitabçasının bağlanmadığını və 1800 manatının mənimsənildiyini demişdi. Azərbaycan Cüdo Federasiyası sorğumuza göndərdiyi açıqlamada bu məsələyə aydınlıq gətirməyib.

 

Aytəkin Qardaşova

Tarix: 5 Sentyabr 2025, 14:27   
Избранный
91
pravda.az

1Источники