Kliniki Tibbi Mərkəzdə (KTM) elektron növbə sistemi istifadəyə verilib.
Missiya.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir.
Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar iki və üçüncü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər.
Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə birinci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.