"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Abşeron rayonundan olan şəhid ailələri ilə Türkiyədən gələn şəhid ailələri arasında qardaşlıq və həmrəylik görüşü təşkil edilib.
Herbiand.az xəbər verir ki, “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində baş tutan tədbirdə hər iki ölkənin şəhid yaxınları, eləcə də Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsindən nümayəndələri iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dərinliyinə, ölkələr arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlığa və 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə diqqət çəkib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənəsini gücləndirmək olduğunu diqqətə çatdırıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş isə çıxışında Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” prinsipi üzərində möhkəm birliyini, həmçinin şəhid ailələrinin bu qardaşlığın ən ali rəmzi olduğunu qeyd edib.
Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və şəhid polis Abdülkadir Güngörün həyat yoldaşı Merve Zarife Güngör həm Türkiyə, həm də Azərbaycanda şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin, rifahının gündən-günə daha da yaxşılaşdırılması üçün hər cür dəstəyin göstərildiyini diqqətə çatdıraraq, dövlət başçılarına və onların xanımlarına təşəkkürlərini bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Görüşün sonunda Türkiyədən gələn şəhid ailələrinə Abşeron RİH tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, sentyabrın 1-5-də həyata keçirilən bu layihənin əsas məqsədi Azərbaycan və Türkiyənin ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, şəhid ailələri və ictimaiyyət arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdir.
Xatırladaq ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi keçən il də eyni adlı layihə çərçivəsində Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri ilə görüşlər keçirmiş, həmçinin 30 şəhid övladı üçün ŞKTR-da "Yay məktəbi" təşkil etmişdi.