RU

Döyüşdə təmiz Zəfər diplomatiyada da Zəfərə çevrildi...


2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqı və dövlətinin tarixində şanlı bir səhifə açdı. Bu müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, döyüş əzmini və qəhrəmanlığını nümayiş etdirdi. Azərbaycan əsgərləri, dövlətin siyasi rəhbərliyi və xalqı birləşərək, işğal altında olan torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər.

Müharibənin nəticəsində Ermənistanın işğalı altında olan Qarabağ və ətraf rayonlar azad edildi, tarixi zəfər qazandı. Bu tarixi qələbə, yalnız bir hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanaraq öz suverenliyini bərpa etməsi anlamına gəlirdi. Azərbaycanın bu müharibədəki qələbəsi, həm də beynəlxalq aləmdə haqqın, ədalətin və haqq işinin qalib gəlməsi kimi qiymətləndirilməlidir.

Ən böyük hərbi-siyasi hadisə Qarabağda suverenliyimizin tam bərpa edilməsi oldu

Vətən müharibəsi Azərbaycanın tarixi və strateji qələbəsi ilə nəticələndi. Ümumiyyətlə, Vətən müharibəsinin başa çatmasından ötən 5 ilə yaxın müddət istər hərbi, istərsə də diplomatik müstəvidə Azərbaycanın uğurları ilə əlamətdardır. Bu dövrün ən böyük hərbi-siyasi hadisəsi isə Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi oldu. Sözdən anlamayan, ölkəmizin qanunlarına tabe olmaq istəməyən ermənilərin bu dəfə Azərbaycanın şərtlərinə əməl etməkdən başqa çarələri qalmadı. Prezident İlham Əliyevin göstərişi ilə 2023-cü il sentyabrın 19-da cəmi 23 saat ərzində erməni separatizmi darmadağın edildi, erməni təəssübkeşlərinin çirkin planları iflasa uğradı. 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin ardınca növbəti tarixi zəfərimizlə dövlətimizin suverenliyi tam bərpa olundu. Ermənistan 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, Qarabağdakı silahlı qüvvələrinin qalıqlarını çıxarmaqdan boyun qaçırırdı. Hətta 2023-cü ilin aprel ayında Laçın rayonu ərazisində şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına qədər Qarabağdakı erməni separatçılarını silah-sursatla təmin edirdi. Vətən müharibəsinin başa çatmasından sonra Ermənistandan gətirilən minalar Azərbaycan ərazilərində basdırılmışdı. Ermənistan hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşı mina terroru həyata keçirirdi. Azərbaycan Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, separatçılara silah-sursat göndərilməsi, ərazilərimizin minalanması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə maneəçilik yaradılması, separatçılar tərəfindən Qarabağ səmasından uçan təyyarələrə əngəllər yaradılması ilə razılaşmayaraq 2023-cü ilin sentyabrında iki əsrlik separatizmə 23 saata son qoydu, ərazilərimizdə terrorçuların kökünü birdəfəlik kəsdi. Uzun illər Azərbaycana qarşı separatizm və terrorizmə imza atan ünsürlər Azərbaycan Silahlı Qüvvələri qarşısında bir sutka belə duruş gətirə bilmədi və təslim oldular.

Bütün dünya gördü ki, Ermənistan necə böyük vandalizm aktları törədib

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu, yüksək döyüş qabiliyyəti, müasir texnologiyaların istifadəsi və xalqın birliyi sayəsində böyük bir zəfər qazandı. Bu müharibə təkcə ərazi bütövlüyünü bərpa etmək məqsədini daşımadı, həm də erməni işğalçı qüvvələrinin törətdikləri sülh və insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir mərhələ oldu. Bütün dünya gördü ki, Ermənistan necə böyük vandalizm aktları törədib.

Hazırlanan reportajlar bütün dünyaya işğalçı Ermənistanın əsl simasını göstərdi

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, biz təkcə ərazilərimizi işğaldan azad etmədik, biz həm də erməni vandalizminin əsl iç üzünü bütün dünyaya göstərdik: “Ərazilərimiz işğal altında olanda ətraf 7 rayon demək olar tamamilə məhv edilərək yer üzündən silindi. Qarabağda isə bilavasitə azərbaycanlıların yaşadığı kəndlərin çoxu ya dağıdıldı, ya da ermənilər tərəfindən süni şəkildə məskunlaşdırıldı. İşğal dövründə Ermənistan beynəlxalq təşkilatları, media orqanlarını Qarabağa buraxmırdı. Buraxanda da onların səfəri məhdud xarakterli olurdu. Nəticədə onlar ermənilərin yaşayış məntəqələrini necə məhv etdiklərini, yer üzündən sildiklərini öz gözləri ilə görə bilmirdilər. Nəzərə almaq lazımdır ki, kənd və şəhərlərimiz Birinci Qarabağ müharibəsi zamanı döyüş nəticəsində o günə qalmamışdı. İşğal etdikdən sonra atəşkəs dövründə kənd və şəhərlər məqsədyönlü şəkildə talan edilərək, evləri axırıncı daşınadək sökərək o günə qoymuşdular. Dəmir və digər metalları talayaraq o vaxt İrana satıldı. Digər qiymətli əşyalar Avropaya aparılaraq qanunsuz olaraq satıldı. Meşələri qırdılar, ekologiyaya zərər vurdular. Təəssüf doğuran həm də o oldu ki, beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərdə nələrin baş verdiyini öyrənməyə can atmadılar. Bununla əlaqədar Ermənistana hansısa təzyiq göstərilmədi. Ancaq 44 günlük Vətən müharibəsində şanlı qələbəmizdən sonra hər şey başqa cür oldu. İlk növbədə Azərbaycan tərəfi ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlərini, beynəlxalq təşkilatların nümayəndələrini azad olunan ərazilərə dəvət edərək ermənilərin törətdiyi vandalizm aktlarını onlara göstərdi. Daha sonra xarici dövlətlərin media vasitələri azad edilən ərazilərə dəvət olundu. Hazırlanan reportajlar bütün dünyaya işğalçı Ermənistanın əsl simasını göstərdi. Dünya gördü ki, işğal dövründə bunlar necə vəhşiliklər törədiblər”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
76
baki-xeber.com

1Источники