RU

Çarizmin Azərbaycana dini üsullarla nəzarəti

Hakim dairələrin etimad şifrələri: “Fanatik deyil”, “rusca savadlıdır”, “ermənilərin razılığı var”…

XIX əsrin sonu və XX əsrin əvvəli Azərbaycanda milli oyanış və maarifçilik hərəkatının genişlənməsi Rusiya imperiyasının müstəmləkəçilik siyasətində siyasi-inzibati üsullarla yanaşı, dini və hüquqi institutların nəzarətinin güclənməsi ilə də cavablandırılırdı. Çarizmin hakim dairələri, bir tərəfdən, bütün idarəetməni mərkəzləşdirir, digər tərəfdən isə müsəlmanların gündəlik həyatında mühüm rol oynayan şəriət məhkəmələrini formal olaraq yaşadırdı.

O zaman şəriət məhkəmələrində qazı olmaq üçün müraciət edənlərin arxivlərdə qalmış məktubları, cavabsız qoyulmuş xahişləri, “fanatik deyil” və “rus dili savadı var” kimi qiymətləndirmələr imperiyanın əsl niyyətini açır: din institutlarını da siyasət alətinə çevirmək, xalqımızı əlavə bir nəzarətə də məruz qoymaq. Naxçıvan Dövlət Arxivində üzə çıxardığımız sənədlər XIX əsrin sonu – XX əsrin əvvəllərində Naxçıvanda qazı təyinatlarının hansı “ölçü cihazları” ilə idarə olunduğunu aydın göstərir.

Müraciətlərin qiymətləndirilməsi zamanı kiminsə “fanatik deyil” kimi qələmə verilməsi, “rus dili savadı”nın müsbət keyfiyyət sayılması, “ermənilərin razılığı var” məzmunlu qeydlər, “gerb markası” (ştamp rüsumu) kimi incə bürokratik filtrlər şəxsi talelərə münasibəti ifadə etmir, ümumiyyətlə, çar administrasiyasının müsəlman dini idarəçiliyinə ciddi nəzarət siyasətinin də mahiyyətini açır.

Etimadsızlıq ədalətsizlikdən qaynaqlanırdı

Çar Rusiyası hər zaman var qüvvəsi ilə “dişini qıcıdığı” Cənubi Qafqazda, xüsusilə də Şimali Azərbaycanda 1840-cı ildə yeni inzibati-ərazi və məhkəmə islahatları həyata keçirmişdir. Həmin ilin 10 aprel tarixində çar I Nikolay tərəfindən “Qafqaz diyarının idarə olunması üçün təsisat” adlı inzibati-məhkəmə islahatını nəzərdə tutan layihə təsdiq edilmiş və qanuni qüvvəsini almışdır.

I Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları “erməni vilayəti” adlı bir inzibati bölgüdə birləşdirilmişdisə, həmin inzibati-məhkəmə islahatından sonra göstərilən vilayət ləğv edilmiş, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılmış, Naxçıvan qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatılmışdır.

İslahatlar nəticəsində ölkəmizdə əsrlərdən bəri mövcud olan məhkəmə sistemi bütövlüklə rus məhkəmə sistemi ilə əvəz edilmişdi. Belə ki, islahatlara görə rus dilində fəaliyyət göstərən qəza məhkəmələri, eləcə də quberniya və vilayət, cinayət və mülki məhkəmə palataları yaradılmışdı.

Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən qəza məhkəməsi əsasən notarial, əmlak, mülki, torpaq, oğurluq və ümumiyyətlə, polis orqanları tərəfindən daxil olmuş cinayət işlərinə baxmaq funksiyasını yerinə yetirirdi. Naibin başlıca vəzifəsi şikayətə baxmaq və əhali arasında mübahisə, dalaşma işləri ilə qanun üzrə məşğul olmaq idi.

10 aprel 1840-cı il tarixli qanun Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa başlanıldı. Həmin qanun dini məhkəmələrə də əhəmiyyətli səlahiyyətlər vermişdir. Belə ki, müsəlmanlar şəriət qaydaları əsasında müəyyən mülki işlərini həll edə bilərdilər.

1849-cu ildə İrəvan quberniyası təşkil edildi, Naxçıvan və Ordubad qəzaları bu quberniyaya verildi. İrəvan quberniyasının tərkibinə həmçinin, İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi. Bu dövrlərdə şəriət məhkəmələrinin səlahiyyətləri məhdudlaşdırılsa da, hətta XIX əsrin sonlarında, eləcə də XX əsrin əvvəllərində belə müsəlmanlar öz mülki mübahisələrinin həllində qazılara üz tutur, dini işlər üzrə ədalət mühakiməsi məhz qazılar tərəfindən həyata keçirilirdi. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da qazılar fəaliyyət göstərmişdir.

Arxiv sənədlərinin araşdırılması nəticəsində XIX əsrin sonu, eləcə də XX əsrin əvvəllərində Qafqazda və xüsusilə Naxçıvanda fəaliyyət göstərmiş olan bir neçə qazının adı, qazı olmaq arzusunda olan dindarların bəzilərinin şəxsiyyətlərinə dair maraqlı məlumatları, habelə həmin dövrdə qazı olmaq üçün prosedur qaydaları əldə etmişik. Maraqlıdır ki, qazı olmaq üçün bəzi dindarların ünvanladıqları ərizələr müxtəlif səbəblər göstərilərək təmin olunmamış, bəzilərinin barəsində verilmiş xasiyyətnamələrdə isə onların fanatik olmamaları, xüsusilə bölgədə yaşayan ermənilər tərəfindən rəğbətlə qarşılanmalarının müsbət hal kimi qiymətləndirilməsi göstərilmişdir.

Kimlərə inanır, etibar edirdilər?

Arxivdə bir neçə iş açıq nümunədir. Eçmiədzin qəzasının Təkin məhəllə mollası Axund Əbdül Həsən Qazizadə haqqında rəylərdə onun “rus dili savadı” və “xidmət maraqları üçün xeyirli olması” vurğulanır və Ordubad qəza qazısı vəzifəsinə təsdiqi verilir. Bir neçə il sonra eyni din xadimi səhhət səbəbindən yerdəyişmə istəyəndə ondan rüsum üçün “hər biri 75 qəpik dəyərində iki gerb markası” tələb edilir, rüsum ödənmədiyinə görə ərizəsi “hərəkətsiz saxlanılır”. “Uyğun kadr” meyarı ilə “uyğun ödəniş” mexanizmi bir-birini tamamlayırdı.

1912-ci ildə Ordubad sahəsi üzrə Hacı Mirzə Lütfulla Molla Hacı Məmməd oğlu “Axund” dərəcəsi üçün keçdiyi imtahanların geniş proqramını – Quran mətnlərinin izahı, ilahiyyat, mirasın bölünməsi və qazının qərar tərtibi daxil olmaqla — təqdim edir və təyinata təsdiq alır. Bu, mərkəzin tələb etdiyi “sənədləşdirilmiş səriştə” modelinin tipik nümunəsidir. Paralel olaraq, imperiya kontekstində şəriət məhkəmələrinin (xüsusən ailə-mülki dairədə) saxlanılması, amma onları rəsmi ruhanı idarələri vasitəsilə “çarpaz nəzarətdə” tutmaq siyasəti geniş təsvir olunub.

Ən kəskin faktlardan biri Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə ilə bağlıdır: Naxçıvan qəza qazısı vəzifəsi üçün ardıcıl müraciətlərinə “vəzifə baş qərargahın ‘layiqli’ şəxsi tərəfindən tutulduğundan…” cavabı verilir; faktiki olaraq “uyğun görülməməsi” səbəbi ilə proses bağlanır. Vənənd–Dırnıs mollası Molla Məmməd Bağır Axundzadə Ordubad qazılığına iddia edərkən Quberniya Məclisinin rəyi “təcrübəsizdir və kargüzarlığı bilmir” izahı ilə mənfi olmuşdur. Ordubad sakini Molla Mir Yəhya Səməndərzadə barədə “məhəllə mollası adının attestatı olsa belə, məhəllə mollası kimi görünməmişdir” qeydi ilə müraciət geri çevrilir – arxiv ifadəsinin özü mərkəzin “kim görünür, kim görünmür” səlahiyyətini rəsmi dilə çevirir.

Naxçıvanda vəba illərində “bir gündə 20–30 dəfn” kimi ağır işlərin altına girən Molla Əli Hüseynzadənin uzun xidmətini sadalayan müraciəti də rədd edilir. Keştaz məhəllə mollası Hacı Molla Həmid Axundzadə üçün toplanmış rəydə “yaxşı əxlaq, fanatik deyil, zərərli sektaya mənsub deyil” kimi “pozitiv” ştrixlər var. Təəssüf ki, arxivdə bu işdə saxlanılan başqa sənədlərə rast gəlmədiyimizdən onun qazı təyin olunub-olunmadığını bilmədik.

Ən “siyasi” sətirlər isə budur: Ordubadda Seyid Hacı Mir Həşim haqqında “dini təhsili yoxdur, müsəlman fanatikliyindən kənardır, hətta ermənilərin rəğbətini qazanmışdır” deyə vurğulanır və ona müvəqqəti icra həvalə edilir – şəriət biliyi yoxluğu belə maneə sayılmır, “siyasi uyğunluq” üstün meyara çevrilir. Göründüyü kimi, seçim meyarlarının “sözlüyü” belə olub: “fanatik deyil”, “rusca savadlı”, “rüsum ödənilibmi?”

Beləliklə, Çar Rusiyasının ideologiyasına xidmət edən maneələri ümumiləşdirib aşağıdakı kimi qruplaşdıra bilərik:

1. İdeoloji-təhlükəsizlik filtri. “Fanatik deyil”, “zərərli sektalara mənsub deyil” və “ermənilər tərəfindən rəğbətlə qarşılanır” kimi qiymətləndirmələr namizədin imperiya baxımından “təhlükəsiz profil”ə salınmasını hədəfləyirdi.

2. İnzibati-səriştə filtri. “Kargüzarlığı bilmir”, “təcrübəsizdir” və ya tam əksi– “rus dili savadı vardır” — kimi qeydlər kimin “idarə oluna biləcəyini” müəyyən edirdi.

3. Maliyyə-bürokratik filtri. Məzmunu cüzi görünən, amma mexanizmin “dişlisini” hərəkətdə saxlayan gerb markaları və rüsumlar təyinat prosesinin real tənzimləyicisinə çevrilirdi.

Bu filtrlərin hamısı 1872-ci il Ruhani Əsasnamə ilə qurulan Zaqafqaziya Şiə/Sünni Ruhani Məclislərinin çətiri altında işləyirdi: ruhaniliyin dövlətlə müqaviləli “institusionallaşdırılması” bir tərəfdən şəriətin ailə–mülki dairədə məhdud qənaətlə yaşamasına imkan verir, digər tərəfdən isə təyinat üzərində mərkəzi nəzarəti təmin edirdi.

Hüquqi-inzibati fon: şəriət məhkəməsi saxlanılır, suverenlik “bölüşdürülür”. Qeyd edək ki, islahatlar dönəmində Çar administrasiyası Qafqazda qazı institutunu tam aradan qaldırmadı; əksinə, onu ailə, nikah-boşanma, miras və başqa mülki münasibətlərdə “tanınmış” səlahiyyət sahibi kimi saxlayıb, imperiya məhkəmə nizamı ilə paralel tətbiq etdi. Bu modelin məntiqi və praktikası həm hüquq tarixində, həm də yeni açılan arxiv toplusunda ətraflı şəkildə açıqlanır.

Bütün bunlar 1840-cı il tarixli inzibati-məhkəmə aktının, 1849-cu il tarixli İrəvan quberniyasının təşkili qaydalarının və 1872-ci il tarixli Ruhani Əsasnamənin çərçivəsində baş verirdi. Yəni, “yerli adət-ənənə” adı ilə saxlanılan şəriət sahəsi, əslində, imperiya içində idarə olunan məhdud muxtariyyət idi.

Sonda belə bir nəticəyə gələ bilərik ki, Naxçıvan Dövlət Arxivində aşkar etdiklərimiz mikro-tarix deyil, imperiya siyasətinin yerli portretidir: siyasiləşmiş “yaraşıqlı” xasiyyətnamələr, rəsmi rituallar, maliyyə rüsumları və qeyri-müəyyən “vakant deyil” cavabları. Bu mexanizmlər qazını ictimai nüfuzun təbii təmsilçisi yox, mərkəzin seçilmiş tərəfdaşı kimi formalaşdırırdı.

Müasir tədqiqatlar göstərir ki, Rusiya imperiyası müsəlman ruhaniliyini “təsbit edib” onunla işləməklə həm legitimlik qazanır, həm də potensial müxalif dini avtoritetləri kənarda saxlayırdı.

Yunis XƏLİLOV,
NDU ümumi hüquq kafedrasının müəllimi

Избранный
3
1
xalqqazeti.az

2Источники