RU

Azərbaycanda çaylar, bulaqlar quruyur, buzlaqlar əriyir: Bizi nə gözləyir?

Azərbaycanın yeraltı sularının həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib. “Bu dəqiqləşmə aparılıb hesabat təqdim olunduqdan sonra yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq”, - deyə İ.Quliyev əlavə edib.
Bu tədbirlər planını zəruri edən nədir? Yeraltı sularımızla bağlı hansı problemlər mövcuddur?

ADSEA-nın "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu"nun mütəxəssisi, aparıcı mühəndis Cavid Rəhmanlının sözlərinə görə, bu addımın atılmasının əsas səbəbi bütün dünyada baş verən iqlim dəyişmələridir: “Bu məsələ daha çox Kür çayında suyun azalmasından sonra aktuallaşdı. Çünki Kür Azərbaycanın ən böyük su kütləsinə sahib çayıdır. Bu səbəbdən də həyəcan təbili çalmalı olduq. Həmçinin bulaqların, buzlaqların həcminin azalması belə tədbirlərə əl atmağı zəruri etdi”.

Mütəxəssis yeraltı sularımızın çirklənməsindən də bəhs etdi: “Yeraltı sularda çirklənmə daha çox obyektlərin, zavodların ərazisində baş verir. Onların buraxdığı tullantıların laylara axması, torpağı çirkləndirməsi yeraltı sulara da təsir edir. Həmçinin yeraltı sulardan kənd təsərrüfatında istifadə olunur ki, buna da nəzarət olunmalıdır. İsrafın qarşısını almağa çalışmalıyıq”.

“Qarabağ ilk sıralardadır”

C.Rəhmanlı bildirdi ki, işğal olunmuş torpaqlarımız azad edildikdən sonra su ehtiyatlarımız da artmış oldu: “Çünki Azərbaycanın yeraltı su ehtiyatlarına görə Qarabağ ilk sıralardadır. Qarabağda formalaşan yeraltı sulardan bu gün də istifadə olunur. Yeni artezian quyuları qazılır və istismar olunmağa başlayıb”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə, ölkəmizdə olan yeraltı su ehtiyatlarının təkcə həcmi yox, həm də keyfiyyəti nəzərə alınmalıdır: “Yeraltı sularımızda keçən əsrlərdə müşahidə olunan qalxmalar nəticəsində dəniz heyvanlarının cəsədləri məhv olub, suya qarışıb. Bu mənada Balakəndən Şamaxıya qədər olan əraziləri qeyd etmək olar. El dilində o sulara cod su deyirik. Yeraltı sularımız düzənlik ərazilərimizdə, məsələn Kür-Araz ovalığında, Gəncə-Qarabağ ərazisində kütləvi şəkildə kənd təsərrüfatı üçün istifadə edilib. Müxtəlif gübrələr və başqa mikro-elementlər torpağa qarışıb. Bu maddələr ion şəklində suya hopa bilər. Bu sulardan istifadə zamanı ehtiyatlı olmalıyıq. Samur-Dəvəçi ovalığından başlamış Qusar maili düzənliyinə qədər 30 milyard ton su ehtiyatımız mövcuddur. Naxçıvan, Qazax, Tovuz və Füzuliyə qədər ərazilərdə isə vulkan püskürmələrindən sonra suların tərkibi dəyişdi və mineral sular meydana gəldi. Həmin ərazilərdə 360-a yaxın kəhrizimiz mövcuddur”.

“Gələcəkdə yeraltı su ehtiyatımızın mənbəyi artacaq”

Ekoloqun fikrincə, hazırda yeraltı sularımızda azalma kimi hallar yoxdur: “Ölkəmiz hazırda yağıntılı dövrü yaşayır. O səbəbdən yeraltı sularımızda heç biri quruma mövcud deyil. Bu da gələcəkdə yeraltı su ehtiyatımızın mənbəyinin artmasından xəbər verir. Amma əvvəlki dövrlərdə qar ehtiyatımız az olurdu, çaylar, göllərimiz quruyurdu. İndi elə problemimiz yoxdur”.

Избранный
98
publika.az

1Источники