RU

“BELƏ MÜNASİBƏTLƏ BARIŞMAQ NİYYƏTİNDƏ DEYİLİK” “Moskva təzyiq dilindən əl çəkməsə...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Tofiq Zülfüqarov: “Propaqanda, təhdidlər, diaspor üzərində təzyiq – bunların hamısı qəbuledilməzdir”

“Moskvanın davranışları tarixən qonşu xalqlara göstərdiyi təzyiqlərin davamıdır”.

“AzPolitika” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Minval.az”-a Rusiya ilə münasibətlərin hazırkı durumunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya tarixə istinad etməyi sevsə də, “narahatlıq doğuran məqamları” gizlətməyə çalışır: “Əgər tarixə ideoloji pərdəsiz baxsaq, görərik ki, Moskva daim müstəqillik istəyən xalqlara qarşı güc tətbiq edib. SSRİ-nin dağılması da məhz bu siyasətin bariz nümunəsi oldu. Suverenlik arzusu orada ‘nəzarəti və resursları itirmək’ kimi qəbul edilirdi. Cavab isə tanklar, qoşun yürüşləri və dinc insanların qanı idi”.

T. Zülfüqarov qeyd edib ki, eyni siyasət bu gün də davam edir: “Rusiya düşünür ki, mülki təyyarəni vura bilər və dünya bunu unudacaq. Lakin belə faciələr tarixdən silinmir. Üstəlik, günahkar tərəf məsuliyyəti qəbul etmir, araşdırma aparmır və günahkarları cəzalandırmır”.

O, Bakı–Qroznı reysi ilə bağlı insidentin Çikaqo Konvensiyası əsasında araşdırılmalı olduğunu xatırladıb: “Qaydalara görə, ilkin nəticələr bir ay ərzində açıqlanmalı, yekun hesabat isə bir il ərzində dərc edilməlidir. Hadisə Qazaxıstan üzərində baş verdiyi üçün araşdırma məhz orada aparılmalıdır”.

Eks-nazir bildirib ki, bütün faktlar ortada olsa da, Moskva məsuliyyəti boynuna almır. Halbuki Bakı yaxşı anlayır ki, nə baş verib və kim günahkardır. 

Tofiq Zülfüqarov vurğulayıb ki, Bakını ən çox qıcıqlandıran məqam – Azərbaycanla Rusiya arasında baş vermiş vertolyot insidentinə fərqli yanaşmadır: “Azərbaycan həmin hadisədə maksimum açıqlıq nümayiş etdirdi, məsuliyyətli mövqe sərgilədi. Amma Bakı–Qroznı reysi ilə bağlı tam əksini görürük”.

Keçmiş nazir, həmçinin, ŞƏT sammitində iki ölkə liderlərinin görüşməməsinə diqqət çəkib: “Diplomatiyada adətən kimin görüş təşəbbüsü göstərdiyi bəyan edilir. Bu dəfə isə tam sükut idi. Nəticədə dialoq əvəzinə Rusiyanın tərəfdən iddialar eşitdik. Həmin iddialar isə çoxdan məlum tarixi faktlarla – AXC-nin 1920-ci ildə işğalının xatırlanması ilə bağlıdır”.

Onun fikrincə, bu ritorika Kremlin Azərbaycana qarşı yeni kampaniyasının tərkib hissəsidir. Eyni zamanda, Rusiya mediasında güclənən anti-Azərbaycan təbliğatı açıq-aşkar milli ləyaqəti alçaldan ifadələrlə müşayiət olunur.

T. Zülfüqarov deyib: “Bu, sadəcə dostluğa zidd davranış deyil, açıq imperial təfəkkürün göstəricisidir. Biz belə münasibətlə barışmaq niyyətində deyilik. İstəsək, münasibətləri sadəcə qonşuluq çərçivəsinə endirə bilərik. Propaqanda, təhdidlər, diaspor üzərində təzyiq – bunların hamısı qəbuledilməzdir”.

Ekspert bildirib ki, bütün bunlar Rusiyanın mövqeyini dəyişmək istəmədiyini göstərir. Bu səbəbdən də prezidentlər arasında görüş baş tutmadı.

Gələcək perspektivdən danışan keçmiş nazir qeyd edib ki, nəticə etibarilə Qazaxıstan hadisə ilə bağlı hesabatı açıqlayacaq: “Əslində, həmin vaxt Moskvanın beynəlxalq öhdəliklərə sadiqliyi də aydın görünəcək. Əgər dəyişiklik olmazsa, münasibətlər sadəcə beynəlxalq hüquqda nəzərdə tutulan adi qonşuluq əlaqələri səviyyəsinə endirilə bilər”.

Sabiq XİN rəhbəri əlavə edib: “Rusiya Azərbaycana müəyyən formatı sırımağa çalışır – təzyiqə əsaslanan formatı. Bu yanaşma təkcə bizə yox, ümumən qonşu ölkələrə münasibətdə Kremlin daxili böhranının göstəricisidir. Əslində, bu, Rusiyanın öz maraqlarına da uyğun deyil”.

Tofiq Zülfüqarov yekun olaraq bildirib: “Əgər Moskva təzyiq, hədə və təhqir dilini davam etdirsə, Bakı bütün çağırışlara cavab verəcək. Və artıq bu gün tam əminliklə demək olar: münasibətlərin pisləşməsinə görə bütün məsuliyyət Rusiyanın üzərindədir”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
azpolitika.info

1Источники