RU

Magistratura elmi və peşəkar inkişafın aparıcı pilləsinə necə çevrilə bilər? – RƏY

2025-ci ilin imtahan nəticələri bir daha sübut etdi ki,  ölkəmizdə magistratura pilləsinə maraq ciddi şəkildə azalıb. Belə ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 555 bakalavrdan 13 446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Lakin bu il üçün boş qalan və 1 200-ü dövlət sifarişi olmaqla, 3 700 yerə cəmi 1418 nəfər seçim edib, onlardan cəmi 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1 200 yerin isə cəmi 96-sı dolub. Ümumilikdə, magistratura pilləsində 3 000-dən çox yer dolmayıb. Bu rəqəmələr ekspertlər arasında da müzakirə yaradıb. Bəs görəsən, bakalavrlarda magistraturaya marağın azalmasının səbəbi nədir?

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib ki, magistraturaya marağın azalmasının bir sıra səbəbləri var.

 

“Birincisi, bakalavr təhsilli şəxs gələcəkdə hansı sahədə işləyəcəyini müəyyən etmədiyindən magistraturada təhsil almağın zəruri olduğunu hesab etmir. İkincisi, 2 illik magistratura təhsilinə alternativ olan, gənclərin karyera inkişafına müsbət təsirini göstərən daha qısamüddətli kurslar, təlimlər, proqramlar mövcuddur. Hətta bir sıra ölkələrdə magistratura səviyyəsində təhsil 2 illik yox, 1 illikdir. Bu da gənclər  üçün əmək bazarına 1 il daha tez qatılmaq imkanı yaradır. Üçüncüsü, əmək bazarı bakalavr və ya magistr diplomlular arasında əməkhaqqında hər hansı fərq qoyulmur, işə qəbul şərtlərində hər ikisinə tələb eynidir. Hətta dövlət qulluğuna imtahan verənlərə belə bakalavr və ya magistr təhsil pilləsini bitirməyindən asılı olmayaraq qəbul qaydalarında hər hansı fərq qoyulmur. Dördüncüsü, magistr səviyyəsində təhsilin keyfiyyətinin aşağı olması, elmi mühitin olmaması, daha çox nəzəri dərslərə üstünlüyün verilməsi, praktik dərslərin zəif olmasıdır. Magistratura təhsil pilləsinin cəlbediciliyinin və marağın artırılması üçün bir sıra tədbirlər görülməsi vacibdir. Birinci növbədə tədrisin keyfiyyəti yüksəldilməlidir. Bunun üçün mövcud olan proqramlara yenidən baxılmalı, bu proqramlar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Xarici müəllimlərin, mütəxəssislərin ölkəmizə gətirilməsi də vacib məsələdir. Magistraturanın daha çox nəzəri yox, praktik hissəsinin vacibliyini nəzərə alaraq praktik dərslərin sayının artırılması məqsədəuyğundur. Həmçinin əmək bazarı ilə bağlı məsələyə diqqət çəkmək istəyirəm. Bu gün əmək bazarının kadr hazırlamağa zamanı yoxdur. Əmək bazarı təhsil müəssisəsi qarşısında sifarişçi rolunda çıxış edir. Bununla yanaşı, əmək bazarı və təhsil müəssisəsi sıx işləməlidir. Öz tələblərini irəli sürərək əmək bazarı kadrın hazırlığı işində də iştirak etməlidir. Çox önəmlidir ki, şirkətlər, kampaniyalar təhsil müəssisəsi qarşısında hər hansı kadr hazırlığını sifariş etdiyi zaman kadrın hansı bilik və bacarığa, səriştəyə yiyələnməsi lazım olduğunu da bildirsinlər. Bu, əmək bazarına keyfiyyətcə çox müsbət təsir göstərəcək. Müxtəlif dual proqramlara, ikili diplomlara mütləq gedilməlidir. Bu da çox önəmli məsələdir. Yaxşı olar ki, bizdə də magistratura təhsil pilləsi iki illik olmasın, bir ilə qədər azaldılsın. Bu, imkan verəcək ki, məzun daha bir il tez əmək bazarına qatıla bilsin. Həmçinin magistratura təhsil pilləsini bitirənlərə əmək bazarında daha fərqli şərtlərlə işə götürmə qaydaları müəyyən olunmalıdır. Bu, əməkhaqqına da çox ciddi şəkildə təsir etməlidir. Bakalavr təhsilini bitirənlə magistratura təhsilini bitirən arasında işə qəbul zamanı şərtlər güzəştli olmalı, əməkhaqqı daha yüksək olmalıdır. Magistratura səviyyəsini elə bir səviyyəyə qaldırmalıyıq ki, onun məzunları hətta dövlət qulluğu imtahanından ya azad olunsunlar, ya da güzəştli şərtlərlə dövlət qulluğu imtahanında iştirak etsinlər.  Çox önəmli məsələlərdən biri də budur və magistraturada təhsil alanlar üçün stimullaşdırıcı addım olacaq. Onların təqaüdlərinə yenidən baxılmalı, kifayət qədər yüksək təqaüd almalıdırlar. Bütün bu məsələlər nəticə etibarilə magistratura səviyyəsinin daha çox cəlbediciliyinə təsirini göstərəcək, magistratura təhsil pilləsinə marağı artıracaq”.

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il magistraturaya qəbul kampaniyası bir daha göstərib ki, ali təhsilin ikinci pilləsi ölkədə hələ də planlaşdırma, idarəetmə və imtahan mexanizmlərinin ziddiyyətləri ilə üz-üzədir:

 

“İxtisaslaşma mərhələsinə müraciət edənlərin sayı kifayət qədər çox olsa da, nəticədə yüzlərlə plan yeri boş qaldı. Rəqəmlər bunu təsdiqləyir: təxminən, 15 mindən çox bakalavr seçim edib, 13 mindən artıq şəxs yerləşdirilib, lakin üç mindən çox plan yeri dolmayıb. Boş qalan yerlərə əlavə müsabiqə elan olunsa da, iştirakçı sayı planla uyğun gəlmədi və cəmi bir neçə yüz nəfər əlavə olaraq qəbul edildi. Bu həm də imtahan modelinin və yerləşdirmə mexanizminin təhsil reallıqları ilə tam uyğunlaşmadığını ortaya qoyur. Median balların əvvəlki illə müqayisədə aşağı düşməsi, minlərlə tələbənin minimal nəticə göstəricilərində ilişib qalması problemin miqyasını daha da böyüdür. Qanunvericilikdə magistratura haqqında verilən təriflərdə bu pillə ali təhsilin ikinci səviyyəsi kimi göstərilir və burada məqsəd sərbəst tədqiqat və analitik fəaliyyət göstərə bilən, dərin ixtisaslaşmış mütəxəssislərin hazırlanmasıdır. “Təhsil haqqında” qanunda da açıq şəkildə qeyd olunur ki, təhsil səviyyələrinin hər biri növbəti mərhələyə keçid və əmək bazarında fəaliyyət üçün zəruri bilik və bacarıqları formalaşdırmalıdır. Əgər bu pillədə yerlərin xeyli hissəsi boş qalırsa, deməli, ya ayrılan plan ölkənin real tələbinə uyğun deyil, ya da qiymətləndirmə mexanizmi tələbələrin potensialını lazımi şəkildə üzə çıxarmır. Nəticədə, təhsil sistemi özünün qanunvericilikdə nəzərdə tutulan məqsədini tam yerinə yetirə bilmir. Müsbət məqam bundan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə bu prosesin şəffaflığını artırmaq üçün mühüm addımlar atıb. Qeydiyyat proseslərinin elektronlaşdırılması, portal üzərindən vahid şəkildə idarə olunması tələbələrin vaxtına, həm də resurslarına qənaət edir. Məlumat mübadiləsinin çevikliyi, qəbuldan sonra universitetlərlə mərkəz arasında elektron inteqrasiyanın qurulması sistemin müasir çağırışlara cavab verdiyini göstərir. Nazirliyin ali təhsilin keyfiyyətinə nəzarəti gücləndirməsi, kadr hazırlığında əmək bazarı göstəricilərini nəzərə almağa çalışması təqdirəlayiqdir. Bu, idarəetmədə sabitlik və davamlılıq yaradır və nazirliyin islahat xəttini gücləndirir”.

 

K.Əsədov bildirib ki, ən çox tənqid hədəfi Dövlət İmtahan Mərkəzidir: “Mərkəzin həyata keçirdiyi imtahan modeli kağız üzərində səmərəli görünsə də, praktikada ciddi boşluqlar üzə çıxarır. İmtahanın məzmunu ilə bakalavriat təhsili arasında uyğunsuzluqlar qalmaqdadır. Minlərlə tələbənin aşağı nəticə göstərməsi, median balın ildən-ilə düşməsi bunu təsdiq edir. Üstəlik, DİM qəbul mərhələsində yalnız nəticələri elan etməklə kifayətlənir, amma bu nəticələrin səbəbləri barədə ictimaiyyətə təhlil təqdim etmir. Nə üçün müəyyən ixtisaslarda yerlər dolmur, hansı sahələrdə plan həddən artıq verilir, hansı qruplarda imtahan nəticələri kəskin aşağıdır – bütün bunlara dair dərin analitik hesabatlar ictimaiyyətə açıq paylaşılmır. Elan olunan əlavə seçim mərhələləri də sadəcə texniki prosedura çevrilib, heç bir maarifləndirici və istiqamətləndirici rol daşımır. Belə olduğu halda, tələbələr real imkanlarını dəyərləndirməkdə çətinlik çəkirlər və nəticədə boş qalan yerlərin sayı çoxalır. Dünya təcrübəsi isə göstərir ki, magistratura səviyyəsində qəbul yalnız testlə məhdudlaşmır. Avropa universitetlərinin əksəriyyətində mərkəzləşdirilmiş imtahanla yanaşı, universitetlərin özlərinin müsahibə, portfel, tədqiqat təklifi və hətta praktiki bacarıqları yoxlayan kombinə olunmuş mexanizmləri mövcuddur. Bu həm keyfiyyətli namizədlərin seçilməsinə, həm də tələbələrin ixtisas üzrə real bacarıqlarının üzə çıxarılmasına imkan verir. Azərbaycan modelində isə bütün qərar bir testin nəticəsinə bağlanıb. Bu, sistemin çevikliyini məhdudlaşdırır və uyğun tələbələrin prosesdən kənarda qalmasına gətirib çıxarır. Görünən budur ki, növbəti illərdə dəyişəcək əsas məsələ universitetlərin özləri üçün dərs olacaq plan boşluqlarıdır. Çünki fakültələr artıq başa düşürlər ki, əmək bazarının real tələbinə uyğun olmayan, yalnız statistik göstərici naminə yüksək saxlanılan plan yerləri həm iqtisadi, həm də akademik baxımdan mənasızdır. Nazirliyin rəqəmsal idarəetmə təcrübəsi universitetlərə bu reallığı daha aydın görməyə kömək edəcək və bu istiqamətdə koordinasiya güclənəcək. Dəyişməli olan isə DİM-nin ölçmə modelidir. İmtahan sualları aydın şəkildə proqram nəticələri ilə əlaqələndirilməli, nəticələrin təhlili ictimaiyyətə açıq şəkildə təqdim olunmalı və əlavə mərhələlər sadəcə formal deyil, aktiv yönləndirici bir mexanizmə çevrilməlidir. Yalnız bu halda magistratura pilləsi qanunvericilikdə nəzərdə tutulduğu kimi, yüksək ixtisaslı və yaradıcılıq qabiliyyətli mütəxəssislərin hazırlanmasına real töhfə verə bilər. Nəticə etibarilə, Elm və Təhsil Nazirliyinin atdığı addımlar müsbət qiymətləndirilməli, DİM isə tənqid edilməlidir. Nazirliyin şəffaflıq, rəqəmsallaşma və koordinasiya sahəsində gördüyü işlər sistemi gücləndirir. Amma imtahan modelində çeviklik, analitik hesabatlılıq və uyğunlaşdırılmış məzmun olmadıqca boş yerlərin çoxluğu problemi həll olunmayacaq. Azərbaycanın ali təhsil məkanında bu balans düzgün qurulduğu təqdirdə, magistratura həqiqətən də elmi və peşəkar inkişafın aparıcı pilləsinə çevrilə bilər”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 6 Sentyabr 2025, 17:19   
Избранный
47
29
pravda.az

10Источники