RU

Rusiyanın Hindistanla birlikdə Azərbaycan planı - Məqsədləri bu olub

BAKI, 8 sentyabr. TELEQRAF

"Azərbaycanın xarici siyasətində dünya ölkələri və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq məsələləri önəmli yer tutur. Təsadüfi deyil ki, ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət dayanır".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı Azərbaycana veto qoymasına münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın ən böyük regional təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində iştirakı bir daha dövlətimizin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir: “Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz bu təşkilatda dialoq tərəfdaşı statusunda təmsil olunur. ŞƏT-in əksər üzv dövlətləri Azərbaycanın bu qurumda tam hüquqlu üzv kimi görmək istəyir. Ona görə də, Çində keçirilən sammitdə ölkəmizin üzvlük məsələsi gündəmə gətirilib. Lakin Hindistan özünün siyasi maraqları və qərəzi səbəbindən Azərbaycanın təşkilata üzv seçilməsini bloklayıb”.

Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib: “Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb. Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Rusiyanın bu addımı ən azı təəssüf doğurur. Azərbaycan bu ölkə ilə mehriban qonşuluğun davam etdirilməsinin tərəfdarıdır. Lakin Rusiyanın davranışları münasibətlərin daha da soyuqlaşmasına yönəlib. İki ölkə arasındakı əlaqələrdə yaranmış xoşagəlməz vəziyyətin səbəbi Rusiya tərəfindən Azərbaycanın sərnişin təyyarəsinin vurulması və bu ölkədə soydaşlarımıza qarşı qanunsuz hərəkətlərdir. Dövlətimiz beynəlxalq hüquq və ikitərəfli münasibətlər əsasında haqlı mövqeyini Rusiya tərəfinə çatıdırıb".

“Görünən odur ki, Rusiya haqlı mövqeyimizi görməzdən gəlməyə çalışır. Bəlkə də, bu ölkənin siyasi dairələri hesab edirlər ki, Rusiya dünyanın böyük dövlətlərindən biri olduğu üçün istədiyini edə bilər və buna görə heç bir məsuliyyət daşımamalıdır. Amma belə deyil. Azərbaycanın davranışları göstərir ki, ərazisinin böyük və kiçikliyindən asılı olmayaraq, dünyada bütün ölkələr bərabər hüquqlara sahibdir. Yəqin ölkəmizin bu mövqeyi Rusiyanın xoşuna gəlmir. Azərbaycanın ŞƏT üzvlüyünün bloklanmasında rolu ilə Moskva ölkəmizə təzyiq göstərməyə cəhd edir. Lakin belə təzyiq cəhdləri əbəsdir. Çünki Azərbaycan müstəqil siyasət aparan dövlətdir, dünyada böyük nüfuza sahibdir. Heç bir təzyiq dövlətimizin siyasətinə təsir edə bilməz”, - deyə o, qeyd edib.

Избранный
62
teleqraf.com

1Источники