RU

Alimlərdən xərçəng müalicəsinə yeni TƏKLİF

Almaniyanın Leybnits Plazma Fizikası İnstitutunun (INP) alimləri xərçəng hüceyrələrini yalnız səthdə deyil, həm də toxumanın dərin qatlarında məhv edə bilən “soyuq plazma” üsulunu təqdim ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Trends in Biotechnology (TrendBio) jurnalında dərc olunub.

Soyuq plazma ionlaşmış qaz olub, aktiv oksigen və azot hissəcikləri ilə zəngindir. Bu qeyri-sabit molekullar yalnız saniyənin çox kiçik bir hissəsi yaşayır, lakin hüceyrələr daxilindəki proseslərə təsir göstərir və şişin böyüməsini dayandırmaq və ya məhv olmasını təmin edə bilir.

Tədqiqatçılar plazmanın toxumalara təsirini öyrənmək üçün üçölçülü mədəaltı vəzi xərçəngi modeli hazırlayıblar. Bu üsul molekulların şiş toxumasının dərinliyinə necə nüfuz etdiyini və hüceyrə ölümünü hansı proseslərin başlatdığını müəyyən etməyə imkan verib.

Məlum olub ki, xüsusilə peroksinitrit molekulu dərinliyə bir neçə millimetrə qədər nüfuz edə bilir. Əvvəllər əsas təsir faktoruna çevrilən hidrogen peroksidinin təsiri isə minimaldır və onun çıxarılmasından sonra da plazmanın effekti zəifləməyib.

Alimlər soyuq plazmanın klinikaya yaxın şərtlərdə sınağını da aparıblar. Cərrahiyyə zamanı şiş qalıqlarının müalicəsi hüceyrələrin məhv olunmasına səbəb olub, o cümlədən qonşu toxumalara yayılmağa başlayan hüceyrələr də təsir altına düşüb. Bu isə əməliyyatdan sonra xəstəliyin təkrarlanma riskini azaltmaq üçün perspektiv yaradır.

INP-də plazma tibb proqramının rəhbəri professor Sander Bekeshus bildirib ki, plazmanın təsir edən molekullarını dəqiq bilmək tibbi cihazların optimallaşdırılmasına və müxtəlif xərçəng növlərində plazma terapiyasının genişləndirilməsinə imkan verəcək.

Qeyd edək ki, əvvəllər Rusiyada vətəndaşlara xərçəngin erkən aşkarlanması üçün onkomarker testlərinin əhəmiyyəti barədə məlumat verilib.

Nuriyyə NATİQQIZI

Избранный
20
redaktor.az

1Источники