“Şəfa” futbol klubunun prezidenti Sərdar Salmanzadənin Offsideplus.az-a müsahibəsi

-        I Liqada klubun qarşısında duran əsas hədəflər nədir?

-        Məqsədimiz çempionluq və Premyer Liqaya qayıtmaqdır. Hər şeydən öncə “Şəfa”nın əzəmətini qaytarmalıyıq. “Şəfa” köklü və tarixi klubdur. Düşünürük ki, Premyer Liqanın yaraşığı olacaq. Biz çempionluğa oynayacağıq. Hədəfimiz avrokuboklara qatılmaqdır. Bir sözlə, “Qarabağ”, “Zirə” və “Sabah” klublarına rəqib gəlir. Üstəlik, heyət sırf azərbaycanlılardan ibarət olacaq.

 

-        Heyətdən söz düşmüşkən, klub 17 yeni transfer edib. Mövsüm üçün transfer siyasətinizdə dəyişiklik olacaqmı?

 

-        “Şəfa”ya hətta Premyer Liqadan da qatılmaq istəyən futbolçular var. Sadəcə olaraq, o qədər yer yoxdur. Bizim hazırda 25 oyunçumuz var. Akademiyamız olduğuna görə daha çox futbolçu gətirmirik. Çünki mütəmadi olaraq akademiyadan futbolçuları məşqlərə və oyunlara cəlb etməyi düşünürük.

 

-        Azarkeşlər bu mövsüm necə bir “Şəfa” görəcəklər?

 

-        Komanda Qəbələ şəhərində təlim-məşq keçib. Hazırlıq prosesinin kifayət qədər faydalı olduğunu düşünürəm. Ötən mövsümdəki kimi dominant futbola üstünlük verəcəyik. Bütün komandalar məcbur olub bizə qarşı bizim oynadığımız tərzdə oynayacaqlar. “Şəfa” II Liqada olduğu kimi, I Liqada da bütün oyunlara ancaq və ancaq qalib olmaq üçün çıxacaq. Azarkeşləri matçları izləməyə dəvət edirik. Bizim orada sürprizlərimiz də olacaq. Klubun səhifəsini izləyənlər bilir ki, azarkeşlərimizə müxtəlif dəyərli hədiyyələr təqdim edirik. Bu mövsüm də ənənəmizə sadiq qalacağıq.

 

-        Bu günlərdə mətbuatda komandanın baş məşqçisinin dəyişəcəyinə dair xəbərlər gördük. Ən çox adı çəkilən isə Cavid Hüseynov idi. Bu xəbərlərdə həqiqət payı var?

 

-        Xeyr. Ümumiyyətlə, baş məşqçi dəyişmək kimi bir planımız olmayıb. Biz Elgiz Kərəmliyə böyük etimad göstəririk. Onun klubla uzunmüddətli müqaviləsi var. “Qarabağ” futbol klubu necə ki, vaxtilə Qurban müəllimə dəstək olub, biz də həmin ssenari üzrə gedəcəyik. Əlimizdən gələni edəcəyik ki, Elgiz bəy bizdə təcrübə qazanıb Avropada nəticə verən məşqçilərdən olsun.