RU

Bakıdan Təbrizə bir addım: Birbaşa uçuşlardan kimlər və necə qazanacaq?

Azərbaycan və İran arasında münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bir neçə ildən sonra ilk dəfə olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təbriz–Bakı istiqamətində birbaşa reys həyata keçirib. Bu, uzun müddət fasilədən sonra regionda əlaqələrin bərpası baxımından xüsusi əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirilir.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkə üzərindən verdiyi açıqlamada bildirib ki, bu addım Prezident İlham Əliyevin tapşırığı əsasında atılıb. Səfirin sözlərinə görə, ilkin mərhələdə Bakı–Təbriz reysi həftədə iki dəfə icra ediləcək. Bundan əlavə, şənbə günündən etibarən Bakı–Tehran–Bakı marşrutu üzrə də AZAL-ın uçuşları bərpa olunub. Bu isə iki ölkə arasında hava nəqliyyatının tam şəkildə yenidən fəaliyyətə başlamasına imkan yaradacaq.


Ekspertlər hesab edirlər ki, Bakı–Təbriz və Bakı–Tehran reyslərinin bərpa olunması Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsinə, turizm və ticarət dövriyyəsinin artmasına ciddi təkan verəcək. Xüsusilə Təbriz istiqamətində uçuşların açılması həm Azərbaycanda yaşayan güneyli soydaşlarımız, həm də İranda yaşayan azərbaycanlılar üçün qarşılıqlı əlaqələrin daha da asanlaşmasına şərait yaradacaq.

Bununla yanaşı, iş adamları və tələbələrin də gediş-gəliş imkanları xeyli genişlənəcək.
Bu qərar həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında son illərdə yaranmış müəyyən gərginlik fonunda hava əlaqələrinin bərpası Bakı ilə Tehran arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artmasına xidmət edir. Aviareyslərin bərpası yalnız nəqliyyat əlaqəsi deyil, eyni zamanda siyasi iradənin nümayişi kimi də qəbul olunur.

Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən bu addım gələcəkdə iqtisadi əməkdaşlıq layihələrinin də inkişafına zəmin yarada bilər.

Nəzərə alsaq ki, regionda nəqliyyat dəhlizlərinin açılması və yeni ticarət yollarının formalaşması prosesi gedir, Bakı–Tehran və Bakı–Təbriz reysləri bu istiqamətdə mühüm bir tamamlayıcı mexanizmə çevriləcək.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Musavat.com-a açıqlamasında bildirib ki, Təbriz-Tehran və Bakı arasında hava əlaqələrinin yaranması Güneydən olan 30 milyondan çox azərbaycanlıya münasibətin göstəricisidir. Onun sözlərinə görə, bu həm də Azərbaycanın İranla əlaqələri qurmaq istəyinin göstəricisidir:

“Son illər, xüsusən də 44 günlük müharibədən sonra Tehran hakimiyyətində təmsil olunan müxtəlif qüvvələr, SEPAH başda olmaqla bir sıra mühafizəkar kəsim Azərbaycan-İran münasibətlərinin pozulması üçün əlindən gələni etdi. Son aylarda İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində cəhdlərinə görə də ona parlament səviyyəsində hücumlar təşkil edildi. Ona görə də Azərbaycan İranla bu istiqamətdə addım atmaqla bir xoşməramlılıq nümayiş etdirir. Bu həm də Azərbaycanın bir tranzit ölkəsi olaraq etibarlılığını göstərir. Yəni, Azərbaycanın hava məkanı və hava limanları təhlükəsizdir.


Azərbaycan dünyanın müxtəlif ölkələrinə - Türkiyəyə, Rusiyaya, Aİ ölkələrinə və Mərkəzi Asiyaya hava daşımalarına açıqdır və bu istiqamətdə əməkdaşlıq edir. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan üzərindən Çinə səfər etməsi də Azərbaycanın hava məkanının təhlükəsiz olduğunu təsdiq etdi. Təbriz-Tehran-Bakı reysinin bərpası da Azərbaycanın bu istiqamətdə regional baxımdan təhlükəsizlik yer olduğunun təzahürüdür”.

Siyasi şərhçi deyir ki, İrandakı soydaşlarımız birbaşa reyslərin bərpasını çox xoş qarşılayırlar:


“İstər Tehranda, istərsə də Təbrizdə reyslərin açılması Güney Azərbaycanla əlaqələrə müsbət təsir edəcək. Bu həm də oradakı türklərin viza tələb edilmədən turist kimi Azərbaycana daha asan və tez gəlmələri üçün imkandır. Qərar həmçinin İran vətəndaşları üçün də əlavə fürsətdir. Çünki İran vətəndaşları da müsəlmandılar və onlara Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın vəziyyətini görmək maraqlıdır. Ona görə də reyslərin açılması hər mənada bir fürsətdir. Qarabağa onların səfərini təşkil etmək lazımdır ki, erməni vəhşiliklərini və orada dövlətimizin apardığı yenidənqurma işlərini görsünlər”.


İqtisadçı Natiq Cəfərli bildirir ki, təyyarə reyslərinin bərpası turizmin inkişafına birbaşa təsir göstərəcək. Onun sözlərinə görə, İranla quru sərhədlər bağlı olduğu üçün yalnız Naxçıvan ərazisindən gəlib getmək mümkün idi: “Gürcüstan və Ermənistan statistikasına baxdıqda son illər İrandan gələn turistlərin sayında kəskin artım var. İranlıların bu ölkələrdə xərclədiyi vəsaitin həcmi də kifayət qədər böyükdür. 85 milyonluq bir ölkədir və onun turizm potensialından mütləq istifadə etmək lazımdır. Yeni reyslərin açılması həm biznes əlaqələrinin, həm də turizm əlaqələrinin artmasına səbəb olacaq yanaşmadır.


Məsud Pezeşkian hakimiyyətə gələndən sonra iki ölkə arasında münasibətlərdə xeyli yumşalma var. Çünki gərginliyin səbəbi Azərbaycan deyil, İranın bəzi dairələrinin bir sıra məsələlərə verdiyi aşırı reaksiyadan qaynaqlanır. Ona görə də o reaksiyalar azaldıqca münasibətlər də normallaşır. Bakı heç vaxt gərginliyi yaradan faktor olmayıb”.

Turizm üzrə mütəxəssis Ceyhun Aşurov deyir ki, birbaşa uçuşların təsiri əlverişli qiymətə Azərbaycana gəlişi də təmin edəcək: “Qiymətlər əlverişli olarsa, həmin marşrutlardan istifadə edənlərin sayı da kifayət qədər çox olacaq. Nəzərə alaq ki, İranda sentyabrın axırına qədər İranda məktəb və universitetlər açılmır və yay tətili günləri davam edir. Buna görə də İrandan Azərbaycana qısa müddətli istirahət üçün gələnlərin sayı arta bilər. Önəmli bu uçuşların sayının çox, bilet qiymətlərinin isə əlverişli olmasıdır”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
37
musavat.com

1Источники