RU

Yay məclislərində zəhərlənmə riski yüksəkdir - Həkim-terapevt

Hadisələr səhlənkarlıqdan, məsuliyyətsizlikdən yaranır

“İsti havada qida təhlükəsizliyinə ciddi diqqət lazımdır”

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub. “Qafqazinfo”nun məlumatına görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Hər ailə təbrik məclisinə özü ilə müxtəlif qidalar gətirib və birgə şadyanalıq ediblər. Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Tələbə adını qazananlara ehtişamlı məclis təşkil etmək də son illərin daha bir dəbidir. Bu mövzuya dəfələrlə toxunulub. Körpə anadan olmamış, anasının bətnindəykən “cinsiyyət partisi” təşkil etməklə başlanan şou körpənin doğulması, “40-ı çıxmaq”, sonrakı ayların qeyd edilməsi, uşaq bağçası, 1-ci sinif, ibtidai təhsilin başa çatıb orta təhsilə, ordan da buraxılış sinfinə keçidi, ad günləri, məktəbi bitirmək, ali məktəbə daxil olmaq “partisi”, sonra da digər məlum “partilər”. Oğlandırsa hərbi xidmətə gediş-dönüş, “hə” mərasimi, nişan, toy, yubileylər... İnsanlarımız sanki “parti” hərisləridir. Var-dövlət nümayiş etdirmək, “qonşudan qalma dala” prinsipini həyat kredosuna çevirənlərimiz, təəssüf ki, artır. Belə məclislərdə zəhərlənmə də olar, dava-dalaş, bıçaqlanma da. Xızıdakı şadyanalıq yaxşı ki, yüngül zəhərlənmə ilə başa çatıb. 

Həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, kütləvi toplantılarda, şadyanalıq məclislərində zəhərlənmə halları gözləniləndir: 

- Bu cür məclislərdə ərzaqların xarab olma təhlükəsi böyükdür. Birincisi, havalar hələ isti keçir, ərzaqlar da xarab ola bilər, açıq havada istiyə məruz qalaraq tərkibi dəyişə bilər. Məclis dəniz kənarında, açıq havada təşkil edilir. Belə şəraitdə hər cür təhlükə gözləniləndir. İnsanların müxtəlif növ qidaları eyni vaxtda qəbul etməsi mədə-bağırsaq pozuntusuna yol açır. Ciddi fəsadlar törədir. Havalar isti keçirsə, ishal hallarının artması da gözləniləndir. İstirahət məkanlarında olanlar, məclis təşkil edənlər qida təhlükəsizliyinə və qidanın gigiyenik cəhətdən təmiz olmasına ciddi diqqət etməlidir. Zəhərlənmə, qusma, ishal qida çirklənməsi zamanı baş verir. Qidalarda müxtəlif bakteriyalar, viruslar, parazitlər ola bilir, ya da toksik qida zəhərlənmələri ola bilər. İshal çox zaman qarın ağrısı, ürək bulanması, qusma, halsızlıq kimi simptomlarla yanaşı müşahidə edilir. Açıq məkanlarda qidaların, ərzaqların, içkilərin saxlanmasına fikir verilməlidir. Günəş şüaları qidaların, içkilərin tez xarab olmasına səbəb olur. Müxtəlif salatlar, balıq, bişirilməmiş qidalar, islaq qidalar, toyuq və toyuq məhsulları daha çox təhlükə daşıyır. Bu cür qidalar açıq havada çirklənməyə daha tez məruz qalırlar. Ona görə də qidada bakteriyalar əmələ gəlir, bu isə orqanizm üçün böyük təhdid formalaşdırır. Kriminal xarakterli zəhərlənmə hadisələrini, özünə qəsdləri bir kənara qoysaq, qalan hadisələr insanlarımızın laqeydliyi, məsuliyyətsizliyi nəticəsində baş verir. İnsanlarımız məsuliyyət hissini artırmalıdır. Eləcə də zəhərlənmə halları ilk növbədə səhlənkarlıqdan, insanın özünə qarşı məsuliyyətsiz davranışından baş verir. Bizim xalq birgə əylənməyi sevir. Cürbəcür yeməklər, şirniyyat bişirilir. Yeməyin qayda-qanunu var. Vaxtsız-vədəsiz  yemək qəbul etmək düzgün deyil. Bir tərəfdən də boyat yeməklər vəziyyəti ağırlaşdırır. Nizamsız yemək, yağlı yemək, üzərindən də qazlı, sərinləşdirici içkilər içilirsə, mədə-bağırsaq pozuntusu olacağı mütləqdir. Bunlar hamısı zəhərlənmə ehtimalını artırır. Hərə evdən bir yemək gətirib. Hansı şəraitdə bişirilib o yeməklər, hansı vəziyyətdə gətirilib, bəlkə də yeməklər uzun müddət kənar təsirlərə, çirklənməyə məruz qalıb və bu da tərkiblərində müxtəlif bakteriyaların yaranmasına səbəb olub. Qidaların, ərzaqların pozulması belə hallarda daha tez-tez baş verir. İndi balıq məhsullarına qarşı xüsusilə diqqətli olmaq lazımdır. Köhnə, keyfiyyətsiz balıq məhsulu botulism kimi ağır zəhərlənməyə səbəb olur. İnsanlarımız istrafçılıqdan, yerli-yersiz məclislər təşkil etməkdən əl çəksələr yaxşıdır.
Избранный
16
1
sherg.az

2Источники