RU

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FİFA-nın dəstəyi ilə paytaxt məktəblərində futbol infrastrukturu gücləndirilir. Bu gün 247 nömrəli məktəbin həyətində inşa olunan yeni futbol meydançasının açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, AFFA prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının rəhbəri, dünya futbolunun əfsanəsi Andrey Şevçenko, həmçinin FİFA nümayəndələri iştirak ediblər. FIFA prezidenti Kanni İnfantino isə mərasimə videomüraciət ünvanlayıb.

Tədbirdə vurğulanıb ki, bu kimi layihələr məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, FIFA-nın “Məktəb arenası” layihəsi uşaqların futbola marağını artıracaq və Azərbaycanda futbolun inkişafına töhfə verəcək:“Biz fiziki tərbiyəni sadəcə fənn kimi deyil, gənc nəslin sağlam və hərtərəfli inkişafı üçün vacib sahə kimi görürük”.

AFFA prezidenti Rövşən Nəcəf çıxışında vurğulayıb ki, layihə uşaqların həm fiziki inkişafına, həm də sağlam həyat tərzinə marağını artırır:

“Təhsil müəssisələrində futbola göstərilən diqqət uşaqların sosial bacarıqlarının inkişafına və asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradır. Bu il məktəblərarası futbol çempionatı da start götürəcək”.Futbol əfsanəsi Andriy Şevçenko çıxışında Azərbaycan xalqına, AFFA-ya və Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirib:“Mən uşaqlıqda daim daha yaxşı futbol meydançasının arzusunda olmuşam. Bu gün isə Bakının uşaqları üçün unikal bir fürsət yaradılıb. Bu stadion onların həm idmanı, həm də təhsili üçün mühüm rol oynayacaq”.Şevçenko həmçinin Azərbaycanın gözəl və təsirli ölkə olduğunu vurğulayaraq, burada ilk dəfə olduğunu və xoş təəssüratlarla ayrıldığını qeyd edib.AFFA və FİFA-nın birgə təşəbbüsü çərçivəsində paytaxtın digər təhsil müəssisələrində də idman infrastrukturu yaradılır. Artıq 138 nömrəli məktəbin həyətində də futbol meydançası inşa olunub. Məktəblərdə belə meydançaların yaradılması şagirdlərin idman bacarıqlarını inkişaf etdirməsinə, sağlam həyat tərzinə marağın artmasına və aktiv gənc nəslin formalaşmasına xidmət edir.

Açılış mərasimi çərçivəsində 138 və 247 nömrəli məktəblərin şagirdləri arasında simvolik futbol oyunu keçirilib.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FİFA-nın dəstəyi ilə məktəblərdə idman infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilib. Elm və Təhsil Nazirliyinə rəsmi müraciət əsasında başlanan proses çərçivəsində paytaxtın 138 nömrəli məktəbində də futbol meydançası inşa olunub.

 

 

 

 

 

Избранный
27
tehsil.biz

1Источники