RU

Rusiya-Ukrayna müharibəsi xaotik hal alır - ŞƏRH

 Atəşkəs görünmür, hər iki tərəf ağır itkilər verir

Rusiya ordusu Kiyev vilayətindəki elektrik stansiyasına zərbələr endirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Kiyev vilayətindəki Tripolski İES PUA hücumuna məruz qalıb. Bildirilib ki, İES ərazisində azı 10 partlayış eşidilib. Qeyd edək ki, Tripolski İES Kiyev vilayətindəki ən güclü stansiyadır. 

Kiyev regionunun elektrik enerjisi tələbatının 57 faizi bu stansiya vasitəsilə ödənilir. ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Rusiyanın sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir: "İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki ofisinə olub". 

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, tərəfdaşlarının Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir. O bildirib ki, bu hücumlarla Rusiya Ukraynaya daha çox ağrı verməyə çalışır:

 "Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yaxud dözəcəklərmi? Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir". Ukrayna prezidenti qeyd edib ki, Putin danışıqlar istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır. Zelenski deyib ki, Ukraynanın Rusiya ilə müharibədə qələbəsi onun “sağ qalması” deməkdir. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçün qələbə Ukraynanı tamamilə işğal etmək olardı, lakin bu baş vermədiyi müddətcə qələbə Ukraynanındır: “Putinin məqsədi Ukraynanı işğal etməkdir. Putin, əlbəttə ki, bizi tamamilə işğal etmək istəyir. Onun üçün bu, qələbədir. O, bunu bacarana qədər qələbə bizim tərəfimizdədir”.

Siyasi şərhçi Azər Niftiyev "Şərq"ə deyib ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı işğala başlamazdan öncə Qazaxıstanda hakimiyyət əleyhinə qiyam qaldırıldı. Etirazçılar Nursultan Nazarbayevin heykəllərini aşırdı və hamı düşündü ki, ölkədə hakimiyyət devriləcək. Amma Rusiya KTMT adı altında Qazaxıstana ordu yeritdi və olayları yatışdırdı. Ekspertə görə, məhz bundan sonra Moskvada bir əminlik yarandı ki, Kreml postsovet məkanını öz nəzarətinə götürməlidir. Ona görə də ultimativ bəyanatlar verməyə başladı:

"Rusiya XİN başçısı S.Lavrov Qərbdən konkret surətdə təhlükəsizliklərinə təminat tələb etdi. Çünki İsveç və Finlandiya NATO üzvləri olmuşdu və bu, hərbi alyansın genişlənməsi idi. NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq məqsədilə Rusiya Ukraynaya hücum etdi. Moskva düşünürdü ki, çox qısa müddətdə, bir həftə ərzində paytaxt Kiyevə çatacaq, Zelenskini devirəcək və özünə yaxın şəxsi hakimiyyətə gətirəcək. Bununla faktiki olaraq imperialist siyasətini növbəti mərhələyə daşımış olacaqdı. Ancaq Kremlin niyyətinin fərqində olan kollektiv Qərb buna imkan vermədi. Rusiyanın Ukraynada istəyinə nail olması Avropa ölkələri üçün birbaşa təhdid idi. Rusiya imperialist və işğalçı dövlətdir, hər zaman çalışıb ki, postsovet ölkələrini öz nəzarətində saxlasın. Qərbin müdaxiləsi ilə Rusiyanın Ukraynanı işğal etmək üçün başlatdığı savaş bugünədək uzandı". 

A.Niftiyev qeyd edib ki, Rusiya bu müharibədə ciddi itkilər verib, yüzminlərlə hərbçisini itirib: 

"Ukraynanın da itkiləri çoxdur. Artıq müharibə dərinləşib, mürəkkəb fazasını yaşayır. Tərəflərin mövqeləri kifayət qədər ziddiyyətlidir. Rusiya işğal etdiyi ərazilərin "öz torpaqları" kimi tanınmasını tələb edir. Ukraynanın hərbsizləşdirilməsini, NATO üzvü olmamasını istəyir. Kiyev isə buna qətiyyətlə qarşı çıxır. O baxımdan müharibənin qısa zamanda dayanacağını, atəşkəs olacağını söyləmək çox çətindir. Ukrayna öz ərazilərini güzəştə getməyəcək. Rusiya da öz imperialist maraqlarından çəkilməyəcək. ABŞ Prezidenti D.Trampın səyləri əfsuslar ki, özünü doğrultmur. Çünki Rusiya-Ukrayna müharibəsi kifayət qədər xaotik hal alıb".
Избранный
45
sherg.az

1Источники