RU

Azərbaycan Ordusunun çinli əsgəri: Qalib ordunun sıralarında xidmət etmək qürurludur - FOTO - VİDEO

Azərbaycan Ordusunun sıralarında xidmət edənlərdən biri də Çin əsilli Emin Lindir.

Emin kökəncə Çinin Qanju şəhərindəndir. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb.

Çinli ailənin 5 övladı - Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin Azərbaycanda böyüyüb.

“N” saylı hərbi hissədə xidmət edən gənc əsgər silahdaşlarının, komandirlərinin hörmətini qazanıb. Onu fərqləndirən cəhətlərindən biri isə dörd dil bilməsidir. Bu bacarığı ilə o, çoxlarının marağına səbəb olub. Onu Lin kimi çağırsalar da, əsgər yoldaşlarının bəziləri "Çinli" deyə müraciət edir:

"Xidmətə yeni gələndə əsgər yoldaşlarım üçün mənim asiyalı görünüşüm maraqlı idi. Ona görə də, xeyli suallar verirdilər. Bəzən bu, yorucu olsa da, sonradan öyrəşdim. Burada yeni dostlar qazanmışam. Komandirlərlə də münasibətim çox yaxşıdır".

Qardaşı antiterror əməliyyatlarının iştirakçılarından olub

Emin Lin ailəsinin ilk əsgəri deyil. Qardaşı Aydın Lin də Azərbaycan Ordusunda qulluq edib. İşğaldan azad olunmuş ərazidə yerləşən hərbi hissədə xidmət keçib, antiterror tədbirlərinin iştirakçılarından olub.

Bacısı Aygün Lin isə əlbəyaxa döyüş idman növündə "qara kəmər" ustasıdır, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəldib, indi isə məşqçi-müəllim kimi fəaliyyət göstərir:

"Mən ali təhsil almamışam. Ancaq Çin, ingilis, rus və Azərbaycan dilini bilirəm. Bacım Aygün İdman Akademiyasının, qardaşım Aydın isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Mənim də gələcəkdə ali təhsil almaq niyyətim var".

Emin Lin hərbi hissədə nizam-intizamla xidmət edir, səhərlər idmanla məşğul olur, ideoloji dərslərdən faydalanır, müxtəlif təlimlərdə iştirak edir.

O, hərbi hissədə həm əsgərlərin istirahəti, həm də peşəkar hazırlığı üçün hər cür şərait olduğunu vurğulayıb.

Emin deyib ki, komandirləri yüksək bilik və bacarığa malikdirlər, hər bir əsgərə xüsusi diqqətlə yanaşırlar: "Qaydalara uyğun olaraq gündəlik idman edirəm, döyüş hazırlığı dərsləri keçirik. Bundan başqa, boş vaxtlarımı əsgər yoldaşlarımla birlikdə keçirirəm. Hər şey çox maraqlıdır. Azərbaycan Ordusunda xidmət etdiyim üçün çox qürurluyam".

Emin onu da vurğulayıb ki, son günlər Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iki dövlət arasında dostluq münasibətlərinin qurulması onu çox sevindirir.

“Əsgərlikdən sonra biznesimi yaradacam, yolumu gözləyən qızla evlənəcəm”

O, xidmətini başa vurduqdan sonra mülki həyata qayıdacağını, şəxsi biznesini yaradacağını və yolunu səbirsizliklə gözləyən qızla ailə həyatı quracağını bildirib:

"Demək olar ki, nişanlıyam. Bir-birimizi çox sevirik. Sonuncu dəfə hərbi xidmətə yola düşəndə görüşdük, ancaq tez-tez telefonla danışırıq. Xidmətimi başa vurub onunla ailə quracam".

Qarabağ haqqında çox oxumuşdum, xidmətdə oxuduqlarımı gördüm

Emin Linin hekayəsi göstərir ki, Azərbaycan Ordusu həm də müxtəlif xalqları bir amal – Vətən sevgisi ətrafında birləşdirən böyük bir ailədir. Azərbaycan respublikasının vətəndaşı olan hər kəs, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqda xidmət edir - qalib ordunun qalib əsgəri kimi:

"Tarix dərslərində Qarabağ haqqında çox oxumuşdum. Xidmətdə isə oxuduğum həqiqətləri gördüm. Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqları azad etmək böyük fəxrdir. Mən qalib ordunun müzəffər əsgəri kimi qürurluyam.

Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan
Избранный
41
7
apa.az

8Источники