RU

Putinin ən böyük qorxusu – Sovet dövründəki o vəziyyət təkrarlansa…

“Reuters” agentliyi Rusiya prezidenti Vladimir Putinin ən böyük qorxusunu üzə çıxarıb. Kremlə yaxın üç mənbə agentliyə bildirib ki, Putin müharibə veteranlarının kütləvi şəkildə cəbhədən geri qayıtmasını ictimai sabitliyə və özünün qurduğu siyasi sistemə ciddi risk kimi görür.

Nəşrin həmsöhbətlərinin fikrincə, rəsmi Kreml Əfqanıstan müharibəsindən sonra (1979-1989) veteranların 1990-cı illərdə ölkədə cinayətkarlığın artmasına “töhfə verdiyi” vəziyyətin təkrarlanmasından ehtiyatlanır.

Mənbələr həmçinin belə bir məqama diqqət çəkib: “Cəbhədən geri dönənlərin çoxu hazırda qazandıqları qədər qazana bilməyəcək. Belə ki, məsələn, Moskvadan olan çağırışçı Ukraynadakı ilk illik hərbi xidmət ili üçün ən azı 5,2 milyon rubl (65 min dollar), o cümlədən 1,9 milyon rubl (24 min dollar) avans alır. Bu, demək olar ki, paytaxtda orta illik əmək haqqına bərabərdir”…

“Reuters” əlbəttə, haqlıdır. Deməli, Putinin təlaşı əsassız deyil.

Hələ Ukraynaya qarşı hərbi təcavüz təzəcə başlayanda yazmışdıq ki, Rusiyaya işğalçı müharibənin “astarı üzündən baha” baha oturacaq. Yəni qələbə olacaqsa belə, bu “Pirr qələbəsi” olacaq. Moskva hərbi uğurlarına mütləq peşman olacaq, yaxud ediləcək.

Hələ biz işğal olunan və faktiki altı-üstünə çevrilən şəhər və qəsəbələrin bərpası, minaların təmizlənməsi üçün tələb olunan yüz milyardları, on illəri demirik. İqtisadi və maliyyə-bank sisteminin getdikcə ağırlaşan problemləri, Qərbin azı 30 il ləğv etməyəcəyi sanksiyalar da öz yerində…

Nüfuzlu “Faynənşl Tayms” bu xüsusda yazır ki, Rusiyanın hərbi iqtisadiyyatında gərginlik artdıqca Kreml 2026-cı il büdcəsində çətin seçimlər etməli olacaq. Nəşr qeyd edib ki, ölkənin hərbi iqtisadiyyatı artıq həyəcan siqnalları verməyə başlayıb.

“Ukraynada müharibənin ilk illərində Moskva neft və qazın sabit qiymətləri, eləcə də yüksək əmək haqqı və istehlakçı tələbatına töhfə verən hərbi xərclər sayəsində iqtisadi vəziyyəti qoruyub saxlaya bilmişdi. Son bir neçə ildə artan hərbi xərclər, yavaşlayan artım, güclü rubl və zəif neft qiymətlərinin birləşməsi Rusiya hökumətini çətin qərarlar qəbul etməyə məcbur edib”, – məqalədə bildirilir.

Qəzet ardınca qeyd edir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-avqust aylarında Rusiyanın enerji gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20% azalıb: “Analitiklər 2024-cü ildəki 4,3%-dən bu ilin sonuna qədər ÜDM artımının 1,4% olacağını proqnozlaşdırır və növbəti üç il ərzində bu artımın 2%-i keçəcəyi gözlənilmir. Mərkəzi Bank xəbərdarlıq edib ki, ən pis halda ölkə ciddi tənəzzüllə üzləşə bilər”…

Başqa necə olmalı idi görəsən? “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Əsas odur ki, “rus mujiki” nəhayət, anlasın ki, Putin ona, Rusiya cəmiyyətinə xoşbəxtlik, rifah yox, bədbəxtlik, yoxsulluq gətirib, üstəlik də proses hələ “pik nöqtəsi”nə də çatmayıb.

Onu da dərk eləsinlər ki, qardaş, dindaş hesab elədikləri slavyan dilli Ukraynada Putinin uydurduğu kimi heç bir nasist, faşist rejimi yoxdur olmayıb. Əksinə, hərbi cinayətlərə görə haqqında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa elan edilən Zelenski yox, Rusiya rəhbəridir…

Analitik xidmət,
Musavat.com

Избранный
37
1
editor.az

2Источники