RU

ABŞ-də Trampın siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçiriləcək

“No Kings” hərəkatı 18 oktyabrda milyonlarla insanı küçələrə çıxarmağı planlaşdırır...

Poliqon xəbər verir ki, ABŞ-da prezident Donald Trampın siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçiriləcək. “No Kings” (“Krallara yox”) təşəbbüs qrupunun təşkil etdiyi nümayişlər 18 oktyabrda bütün ölkə ərazisində baş tutacaq. Təşkilatçılar hesab edir ki, bu etirazlara ümumilikdə 5–6 milyon insan qatılacaq.

Aksiyanın rəsmi saytında qeyd olunub ki, “milyonlarla insan yenidən küçələrə çıxaraq bütün dünyaya nümayiş etdirəcək: Amerikanın kralı yoxdur, hakimiyyət xalqa məxsusdur”.

Təşkilatçılar bəyanatlarında Trampın hakimiyyətdən sui-istifadə etməsini vurğulayaraq, onun “ordunu daxildə tətbiq etməsi, seçicilərin səsvermə hüququnu məhdudlaşdırması və milyarderlərə müxtəlif imtiyazlar verməsi”ni tənqid ediblər.

Qeyd edək ki, “No Kings” hərəkatının ilk kütləvi etiraz aksiyaları iyunun 14-də – Donald Trampın doğum günündə və eyni zamanda Vaşinqtonda keçirilən hərbi parad günündə təşkil olunmuşdu. Həmin vaxt on minlərlə insan paytaxt küçələrinə çıxaraq Trampın siyasətinə etirazını bildirmişdi.

Ekspertlər hesab edir ki, qarşıdakı aksiyalar ABŞ-da siyasi gərginliyi daha da artıra bilər, çünki Tramp administrasiyası son aylarda həm daxili, həm də xarici siyasətdə kəskin addımlar ataraq cəmiyyətdə ziddiyyətləri dərinləşdirib.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники