RU

“Trampdan öncəki ABŞ hökümətlərinin Qarabağ siyasəti Çinlə apardıqları Tayvan siyasətinə daha çox uyğun idi...”- MÜSAHİBƏ

“Amerika Qarabağ məsələsində həmişə sükut içində olub...”
 
"Hətta Azərbaycan hökümətinə yaxın olan və müstəqil alim və ekspert kimi məşhur olan Z. Bjezinki belə, “mən bilmirəm, məndən soruşmayın, ermənilərlə danışın” deyirdi...
 
“Son 45 ildə erməni lobbisinin təsiri altında olmayan yeganə prezident Trampdır…" 
 
“8 avqustda Tramp höküməti Azərbaycanla bağlı ilkin, uzun müddətli əməkdaşlığa xidmət edən addımlar atmışdır və bu addımlar davam edəcək…”
 
Uzun müddət ABŞ-da çalışmış beynəlxalq məsələlər üzrə ekspert, politoloq Elxan Mehdiyev Moderator.az saytına verdiyi növbəti müsahibəsində Qarabağ münaqişəsinin beynəlxalq siyasətdəki yerini və xüsusilə ABŞ-ın bu məsələyə yanaşmasını geniş şəkildə analiz edib. Müsahibənin əsas mövzusu ABŞ-ın Qarabağ münaqişəsindəki mövqeyi, erməni lobbisinin ABŞ siyasətindəki rolu və bu münasibətlərin Azərbaycan üçün nə dərəcədə əlverişsiz olduğu üzərində qurulub. Elxan Mehdiyev ABŞ-ın münaqişəyə olan soyuq yanaşmasını və bu yanaşmanın uzun müddət ərzində Azərbaycanın milli maraqlarına necə təsir etdiyini vurğulayır. Eyni zamanda, ABŞ-ın regionda sülhün təmin olunmasında və münaqişənin həllində hansı rol oynaya biləcəyi barədə fikirlərini də bölüşür...
 
Ekspertin sözlərinə görə, ABŞ və Ermənistan arasındakı strateji əlaqələr, xüsusilə erməni lobbisinin ABŞ siyasətindəki təsiri, Qarabağ münaqişəsinin həllinə necə mənfi təsir göstərib. Elxan Mehdiyev həmçinin ABŞ-ın bu məsələyə daha balanslı bir yanaşma nümayiş etdirə biləcəyini və bunun regionda daha geniş sülhə təkan verəcəyini bildirir. Bu müsahibə, Qarabağ məsələsinin beynəlxalq aləmdəki çoxşaxəli təsirlərini, xüsusilə ABŞ və digər beynəlxalq güclərin bu münaqişəyə münasibətini daha dərindən anlamağa imkan verir...
 
-Elxan bəy, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycanla Ermənistan arasında 37 illik münaqişəyə son qoyulması kimi nümayiş etdirilən mərasimdən 1 ay keçdi.  Ümumiyyətlə, siz bu anlaşmaların Ağ Evdə imzalanmasını necə dəyərləndirirsiz?
 
-Bu hadisə Azərbaycanın qələbəsinin tanınması və Azərbaycan prezidentinin, dövlətinin və millətinin ortaya qoyduğu qətiyyət və dəmir iradənin nəticəsidir. Azərbaycan tarixində yeri isə müharibə nəticələrinin ABŞ və dünya birliyi tərəfindən təsdiqlənməsi deməkdir... 
 
-Siz ABŞ-da Qarabağla bağlı 90-cı illərdə irəli sürülən ilk sülh təşəbbüslərində iştirakçı olmusunuz. Bəs o zamanlar nələr müzakirə olunurdu?
 
-1995-ci ildə Vaşinqton zonasındakı Merilend Universitetindəki Beynəlxalq İnkişaf və Münaqişələrin İdarə olunması Mərkəzində(“CİDCM”) başlanan Azərbaycan-erməni, gürcü- abxaz  və gürcü-osetin münaqişələrinin alternativ yollarla həlli üçün irəli sürülən təşəbbüsdə istirak edirdim. O zaman bu təşəbbüs, ərəb-İsrail münaqişəsini sülhə aparan Fələstin və İsrail düşüncə sahiblərinin danışıqlarının nəticəsi kimi ortaya çıxan Oslo sazişindən ruhlanaraq irəli sürülmüşdü... 
 
Bu modelin Azərbaycan və erməni tərəfi üçün də tətbiq edilməsi arzulanırdı. Həm dünyadakı keçmiş, mövcud və potensial münaqişələrin gedişi və nəticələri öyrənilirdi və həm də biz qrup olaraq Vaşinqtondakı münaqişə və sülh tədqiqatları ilə məşğul olan mərkəzlər, alimlər və siyasi dairələrlə görüşlər keçirib üzləşdiyimiz halı anladırdıq. Bu təşəbbüs 2001-ci ilə qədər davam etdi və biz dünyanın münaqişəli yerlərində görüşərək azsaylı mövcud müsbət dünya təcrübələrini bizim münaqişəyə tətbiq etməyə çalışırdıq. Lakin erməni tərəfinin qalib kimi eyforiyada olması, Qarabağın onlar üçün söhbət mövzusu olmaması və onların rəsmi yanaşmadan azad ola bilməməsi təklif edilən muxtariyyət və ya respublika statuslu idarəetmə formalarını qəbul etməməyə gətirdi. Faktiki olaraq ərazi iddiası üzərində qurulmuş “ya Qarabağ ya, da heç nə” macəra siyasəti onları öz arzularına çatdırdı...
 
-O zamanlar ABŞ-da Ermənistan və Azərbaycana olan münasibət necə idi?
 
-O illər keçmiş sovet respublikaları arasında Amerika dairələri tərəfindən ən çox rəğbət bəslənilən və tanınan ölkə Ermənistan və ermənilər idi. Bunun əsas səbəbi yüz ildən çox Amerikada yaşayan ermənilərin Amerika cəmiyyətinə inteqrasiya olması və ABŞ-da geniş mənada qəbul olunan erməni xristian əhalisinin türklər tərəfindən genosidə məruz qalması alqısı idi. Türkiyədən fərqli olaraq, ermənilər bu məsələni ABŞ-dakı intellektual cameəyə və siyasi dairələrə başarı ilə çatdıra bilmişdilər...
 
Bu baxımdan,1988-ci ildə münaqişə başlanan andan ABŞ-dakı erməni dairələri və onların dəstəkləyənlər birtərəfli təbliğatla ABŞ cəmiyyətini erməni arqumentləri ilə silahlandırmışdılar. Azərbaycanı isə təbii ki, tanıyan yox idi. Hələ 1989 və 1991-ci illərdə keçmiş Dağlıq Qarabağda erməni xristian əhalisinin hüquqlarının Azərbaycan tərəfindən pozulduğu haqda ABŞ Konqresinin qəbul etdiyi iki bəyanat buna nümunədir və erməni iddialarına beynəlxalq dəstəyin ifadəsi idi...  
 
1991-ci ildə ABŞ dövlət katibi J. Beyker keçmiş sovet respublikalarının müstəqilliyinin tanınması üçün prinsiplər irəli sürmüşdü və aparıcı element də yeni yaranmış dövlətlərin bir birinə qarşı ərazi idddiasında olmaması idi.  Ermənistanın ərazi iddiasında olduğu o dövrdə, prezident Buş və Dövlət Katibi Beyker Ermənistan prezidenti Ter-Petrosyanı və xarici işlər naziri R.Hovannisyanı arayaraq Ermənistanın müstəqilliyini tanımaqları münasibəti ilə təbrik etmişdilər. Bu cür yüksək səviyyəli təbrik keçmiş sovet respublikaları arasında ancaq Ermənistanla bağlı olmuşdur.  1992-ci il seçki ili olduğundan həm Buş və həm də Klintonun gündəmində Dağlıq Qarabağın öz müqəddəratını təmin etməsi tələbi qoyulurdu və hər ikisi də seçildiyi halda buna dəstək olacağını ifadə edirdi. ABŞ Konqresində, “Daşnaksütyun”u ifadə edən Amerika Erməni Milli Komitəsinin və Erməni Assambleyasının tərəfdarlarının sayı (Armenian Caucus ) da 120-ni keçmişdi.
 
Ermənistanda ilk dövrdəki Ter-Petrosyan hökümətinin 4 naziri də Amerika vətəndaşı ermənilər idi və onlar arasında Amerikada geniş əlaqələrə malik olan tanınmış tarixçi alim Riçard Hovanisyanın oğlu Raffi Hovanisyanın xarici işlər naziri təyin edilməsi xüsusi yer tuturdu. Onun ABŞ ilə birbaşa əlaqədə olması, onların anladığı tərzdə danışması və hərəkət etməsi erməni gündəmini irəli, Azərbaycanı isə geriyə atırdı. O zamanlar ABŞ dövlət departamentində dovlət katibinin yaxın şərq üzrə köməkçisi olan nüfuzlu səfir Edvard Gerecyanın da, özünün sonralar etiraf etdiyi kimi, Qarabağla bağlı Dövlət Departamentinin mövqeyinin formalaşmasında rolu çox böyük idi... 
 
Elə bu cür atmosferdə 1992-ci ildə Konqresin xarici yardım komitəsinin iclasında Konqressmen J. Porterin qanun layihəsinə anti-Azərbaycan düzəlişi müqavimətsiz olaraq qəbul edilmişdi.  Prezident Buşun da imzaladığı həmən qanunda, Azərbaycan torpaqları işğala məruz qaldığı halda, “Azərbaycanın DQ və Ermənistana qarşı hücum etdiyi”  göstərilir və “Azərbaycan təcavüzkar əməllərindən əl çəkmədiyi zamana qədər ona heç bir hökümət-hökümət yardımı edilməyəcəyi” bildiriliridi. Bu düzəlişin layihəsini də Erməni Milli Komitəsi yazıb Porterə vermişdi. Ermənistan isə torpaqları işğal etdiyi 1993-1994 illərində və sonrakı illərdə hər il 100 milyon dollar civarında yardım alırdı və sonralar Ermənistan adambaşı düşən yardıma görə ABŞ-dan dünyada ən çox yardım alan ölkəyə çevrildi...
 
İkincisi, təkcə ABŞ Konqresi yox, istər Amerikanın dövlət departamenti, istərsə Ağ Ev olsun, onlar Qarabağla bağlı ilkin məlumatları irqçi, nasist Erməni Milli Komitəsinin(EMK) liderlərindən alırdılar. Təsəvvür edin ki, 2000-ci ildə ABŞ prezidenti Kilintonla görüşən EMK-nin sədri Murad Topalyan bir neçə ay sonra terror ittihamı ilə ABŞ-da həbs olundu və 8 il iş verildi. Azərbaycan və Ermənistana təyin edilən istənilən səfir və ya  nümayəndə olsun və ya sonralar Qarabağla bağlı təyin edilən istənilən həmsədr olsun, onların ilk görüşü Vaşinqtonda Erməni Milli Komitəsi ilə olurdu və sonra onlar regiona səfər edirdilər. Bu baxımdan, istənilən Amerikan təmsilçi regiona səfərə gələndə erməni radikal arqumentləri ilə silahlanmış halda gəlir və bir çox hallarda Bakıda ona verilıən məlumatlar uzun müddət qulaqardına vurulurdu...
 
-Bəs o dövrdə münaqişə və onun nəticələri ilə bağlı ABŞ-da yanaşma necə idi? 
 
-Bilirsiz, təkcə ABŞ-da yox, bütün Qərb ölkələrində bizim dediyimiz erməni işğalı sadəcə Dağlıq Qarabağ(DQ) münaqişəsi adı ilə gedirdi və 7 rayonun işğal edildiyi haqda söhbət getmirdi və ya bu haqda bilmirdilər və çoxluq burada DQ -nin erməni əhalisi və ərazisi üzərində münaqişə getdiyini düşünürdü...
 
İkincisi, ABŞ -da üstünlük tutan düşüncə heç də DQ-nin Azərbaycana məxsus olduğunu mütləq saymırdı. Ümumiyyətlə, ABŞ düşüncəsi istənilən məsələyə geniş prizmadan baxır. DQ-yə gəldikdə isə bu məsələni ən yaxşı halda mübahisəli ərazi sayırdılar və “burası sovet İttifaqı olmuş və SSRİ dağıldıqdan sonra bu ərazidə yaşayan xalqlar bu torpaqların gələcəyinin müəyyən edilməsi uğründa mübahisə və münaqişəyə girmişlər”  deyirdilər. ABŞ-dan olan Minsk Qrupu həmsədri R.Koçaryana istinad edərək deyirdi ki, Dağlıq Qarabağ 70 il Azərbaycanda olsa da, Sovet İttifaqına məxsus olub və sovet dağıldıqdan sonra onlar da öz talelərini özləri müəyyən etmək istəyir. “Siz Azərbaycanı müstəqil dövlət kimi tanımısınız deyəndə, “tanımışıq, amma mübahisə və hərbi münaqişə var, ATƏT çərçivəsində danışıqlar gedir və nəticəsini də tərəflər müəyyən etməlidir, biz öncədən heç bir münaqişə tərəfinin tərəfini tutmalı deyilik” deyirdilər. Bu cür yanaşma da faktiki olaraq işğalçıya yaşıl işıq yandırırdı.
 
ABŞ-dakı erməni dairələri də öz növbəsində işğalı ört-basdır etmək üçün önləyici tədbirlər görürdülər. Erməni Milli Komitəsinin planları əsasında, əsasən də Konqresdə Bayden və Kerri tərəfindən irəli sürülən erməni genosidi layihələri bilavasitə erməni işğalını pərdələmək məqsədi güdürdü və Türkiyəni bu məsələyə müdaxilə etməkdən kənar tutmağa məcbur edirdi, ABŞ Prezidenti də ən yaxşı halda neytral olmağa çalışırdı. Üstəlik, amerikanlar üçün İsrailin təhlükəsizliyi ən həssas məsələ olduğundan, DQ-nin təhlükəsizliyi termini də bu kontekstdə işə salınmışdır və ona görə də işğalın özü də təhlükəsizlik pərdəsinin altında gizlənirdi... 
 
Digər tərəfdən, bilmək lazımdır ki, ABŞ-da istənilən münaqişəyə, əsasən də bizim üzləşdiyimiz ərazi münaqişəsinə, ərəb-İsrail münaqişəsi kontekstindən yanaşırlar, çünki onlar bu münaqişəni incəliklə izləyir və dünyaya da o gözlə baxırlar... 
 
İkincisi, ABŞ-dakı dairələr əsasən sahədiki vəziyyətdən çıxış edirlər, daha çox mövcud reallığı qəbul edib hərəkət edirlər. “Bizim əlimizdə sehrli çubuq yoxdur ki, sahədəki vəziyyəti dəyişək, gəlin kompromis variant axtaraq” yanaşması onların aparıcı yanaşmasına çevrilmişdi. Baxın, elə indi də Rusiya-Ukrayna savaşında sahədki vəziyyətdən çıxış edərək hərəkət edirlər...
 
Hər iki yanaşma da Azərbaycanın əleyhinə və ermənilərin lehinə işləyirdi. Bu baxımdan ABŞ-da münaqişələrin həlli və sülh quruculuğu nəzəriyyə və praktikası tamamilə ərəb- İsrail münaqişəsi prizmasından yazılmış və bu elmin baniləri İsrailə daha yaxın olduqlarından, bütövlükdə ortaya qoyulan yanaşma işğalı qabartmaq yox, münaqişəni yaradan səbəblərin aradan qaldırılması, yəni, onların dediyi kimi, tərəflərin münaqişə ilə bağlı ehtiyac və maraqları üzərində qurulan nizamlama və ya həll yolu axtarmaq idi. İşğalçı ilə işğala məruz qalana eyni yanaşılırdı. ABŞ üçün işğal dedikdə Fələstinin və ya Şərqi Yerusəlimin işğalı göz önünə gəldiyindən və İsrail və ABŞ höküməti bu sözə həvəslə yanaşmadığından, Amerika prezidenti və ya Dövlət katibinin “erməni işğalı” deməsi mümkün deyildi və onların apardığı siyasəti dağıda bilərdi, baxmayaraq ki 1993-cü ildə “işğal” ifadələri BMT TŞ 4 qətnaməsində ABŞ-ın da səsi ilə qəbul edilmişdi. Yeri gəlmişkən, hadisələrin sonrakı gedişi və Minsk Qrupu həmsədrlərinin fəaliyyəti göstərdi ki, ABŞ daxil digər həmsədrlər də sonrakı illərdə heç bir zaman 1993-cü ildə səs verdikləri TŞ-nın 4 qətnaməsinə səs verməzdilər...
 
-Münaqişənin ilk illərində və işğaldan sonra ABŞ  Minsk Qrupu daxilində daha aktiv görünürdü, amma sonralar bu sadəcə Minsk Qrupu ilə məhdudlaşdı...
 
-Hələ 1993-cü ildə, əsasən də Kəlbəcərin işğalından sonra ABŞ bu məsələyə praktiki yanaşmış və Minsk qrupu üzvü kimi Rusiya və Türkiyə ilə birlikdə üçtərəfli sülh planı ortaya qoyulmuşdu. Bu plana görə, o zaman erməni qüvvələri Kəlbəcəri iki həftə ərzində tərk edir və sonra DQ -nin da statusu müəyyən olunurdu.  1993-cü ilin yayında sürətlənən erməni işğalı zamanı ABŞ, BMT TŞ-nin 4 qətnaməsinə də səs verdi və o zaman ABŞ-ın BMT-də daimi nümayəndəsi olan və TŞ-nin sədri olan M. Olbrayt işğalı pisləyən xüsusi bəyənatla çıxış etdi.
 
Əsas gedişlər və fəallıq isə 1996-cı ilin sonunda ATƏT-in Lissabon sammitində baş verdi və burada ABŞ daxil bütün ölkələr, bu məsələnin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək dərəcəli muxtariyyat verilməsi ilə razılığa gəldilər. Eyni mövqe Yeddilərin 1997 -ci ilin mayında Denver görüşündə də Rusiya ilə birlikdə dəstəkləndi və ondan sonra ABŞ vitse-prezidenti Al Qor Prezident Heydər Əliyevə məktub yazaraq DQ -a hansı status və səlahiyyətlər veriləcəyi ilə bağlı məktub da ünvanlamışdı. Vaşinqtona 1997-ci ildə H. Əliyevin rəsmi səfəri zamanı da Azərbaycanın suverenliyi dəstəkləndi. Sonralar bu təkliflər Paket və Mərhələli həll planlarına salındı və ABŞ tərəfi bu təşıbbüslərdə aparıcı rol oynayırdı. İndiki prizmadan baxsaq, o planlar bizə indi qəbuledilməz gəlsə də, o vaxtkı reallıqlar üzərində bu kompromis variant sayılırdı...
 
Bu baxımdan zəifləmiş Rusiya dönəmində ABŞ-nin 1999-cu ilə qədər siyasəti, daha da təşəbbüskar və münaqişənin tezliklə həll olunması üstündə qurulmuşdu. Lakin Levon Ter-Petrosyanın istefaya getməsi və müharibə partiyası olan R.Köçəryanın hakimiyyətə gəlməsi və erməni tərəfinin özünə qırmızı xətt müəyyən etməsi ilə ABŞ vasitəçiləri də sanki özlərini onların mövqeyinə və arzularına uyğun diplomatiyaya uyğunlaşdırdılar. Boynumuza almalıyıq ki, ABŞ siyasətinin sonralar tamamilə dəyişməsi status-kvonun uzanması ilə bağlı idi, çünki ABŞ yanaşması yuxarıda qeyd etdiyim kimi əksər hallarda sahədə olan reallığa söykənirdi...  
 
11 sentyabr hadisələrindən sonra Buş hökümətinin dönəmində bu məsələ anti-terror kampaniyasının kölgəsində qaldı və erməni tərəfi burada müsəlman amilindən maksimum istifadə etməyə çalışdı və müəyyən mənada da nail olurdu... Digər tərəfdən, məsələ uzandığından və atəşkəs xəttində sabitlik olduğundan artıq DQ məsələsi ABŞ höküməti üçün çox aşağı pillələrdə dururdu və ancaq hər hansı zirvə görüşündə şablon bəyənatlarla müşayiət olunurdu...
 
-ABŞ-ın Minsk qrupu şərçivəsində fəaliyyəti Rusiya və Fransanınkından fərqlənirdimi? 
 
-Həmsədr ölkələrin vahid mövqe nümayiş etdirməsi daha çox 2006-cı ildə Minsk Qrupu həmsədrləri DQ məsələsinin həlli üçün ortaya qoyduqları planı bəyan etdikdən sonra baş verdi. Burada onlar açıq şəkildə bu plandan uzağa gedə bilməyəcəklərini ifadə edirdilər və həmsədrlər arasında fikir ayrılıqları olmadığını və vahid mexanizm kimi hərəkət etdiklərini bildirirdilər. Sonralar Madrid prinsiplərinə çevrilən bu bəyanat müharibə başlayana qədər ermənilər üçün spekulyasiya mövzusuna çevrilmişdi. Vahid mövqe yenə də erməni tərəfinin tələblərini yerinə yetirmək üzərində idi, sahədəki reallığa, işğala əsaslanırdı... 
 
ABŞ-ın digər həmsədr ölkələrlə birlikdə 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verməsi vasitəçi ölkə üçün presedenti olmayan hal idi. Digər tərəfdən, işğalı və yer üzündən silinən işğal olunmuş əraziləri tamamilə pərdələyən ATƏT Minsk qrupunun fakt toplama missiyasının hesabatı, ABŞ həmsədri daxil digər həmsədrlərin hərbi cinayətləri ört-basdır etməsi baxımından Azərbaycana olan münasibətin göstəricisi idi...
 
Sonrakı illərdə ABŞ höküməti ilə istənilən görüşün nəticəsi “Minsk qrupu həmsədrlərinin rolunun aktivləşdirilməsi” və “məsələnin tezliklə həllinə sadiq olduqları” bəyanatları ilə məhdudlaşırdı. Bu məsələ ilə bağlı Minsk qrupu həmsədrləri xaricində hər hansı hərəkət və ya təşəbbüs sülh prosesini pozmaq kimi qiymətləndirilirdi. Bütövlükdə bu məsələ ilə maraqlanan Amerika dairələri, istər hökümət, istər Universitet və istərsə ekspert camiyəsi olsun, heç biri də müstəqil hərəkət edib rəsmi mövqeden kənar bir yanaşma ortaya qoymurdu... 
 
Hətta Azərbaycan hökümətinə yaxın olan və müstəqil alim və ekspert kimi məşhur olan Z. Bjezinki belə, “mən bilmirəm, məndən soruşmayın, ermənilərlə danışın” deyirdi...
 
ABŞ-ın davranışı, daha çox ərəb -İsrail danışıqlarında olduğu kimi, indi də erməni tərəfinin vəkili kimi erməni tələblərini uyğun hüququ sənəd dilinə salmağa bənzəyirdi. Artıq Ermənistan Amerikadan adambaşına maliyyə yardımı almağa görə 1-ci yerdə gedir və ABŞ dünyada yeganə ölkə idi ki, DQ-yə birbaşa yardım edirdi. Dağlıq Qarabağ nümayəndəiyi Vaşinqtonda hüquqi qeydiyyata alınmış və DQ separatçılarına və indi Azərbaycanda həbsdə olan və hərbi cinayətdə suçlanan separatçı rəhbərliyə maneəsiz olaraq ABŞ-a girməyə viza verilirdi.  Gürcüstan və Moldova separatçılarına isə verilmirdi. ABŞ qanunlarının izn vermədiyi halda, hərbi əməliyyatlarda iştirak edən ermənilərə də ABŞ-a giriş vizasi verilmışdi...
 
Sonrakı illərdə, Obama dönəmində, erməni yanlıların olduğu kabinetdə vəziyyət yenidən dəyişdi. Türkiyəni qondarma “genosid” iddiaları ilə küncə soxmuş Obama höküməti vəziyyəti dəyişmək üçün Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurması və yolların açılmasını şərt qoyurdu. Ermənistanın 2010-cu il Vaşinqton nüvə təhlükəsizliyi sammitinə dəvət edilməsi və Erdoğanla S. Sərkisyanın görüşdürülməsi və Erdoğanın S. Sərkisyana ünvanlanan məşhur “heç olmasa 1 rayondan çıxın, yolları açaq “ ifadəsi Azərbaycanın nə qədər təkləndiyinin göstəricisi idi...
 
Bu dönəmdə Con Kerri Dövlət katibi olduğu vaxtda dövlət departamentinin insan hüquqları üzrə illik raporlarında gedən “Ermənistan and DQ qüvvələrinin 7 rayonu işğal etməsi ifadəsi” də çıxarılmış və onun yerinə adı çəkilməyən “separatçı qüvvələr 7 rayona nəzarət edir”  ifadəsi ilə əvəzlənməşdi və torpaqlarımız azad olunana kimi elə də qalırdı.
 
ABŞ-dan olan həmsədr, səfir Bradtke artık ermənilər o biri yeddi rayondan da çıxmaq istəmir və biz yeni şəraitlə üzləşirik, “lakin bizim üçün əsas nəticə deyil, sülh prosesinin getməsidir” deyirdi...
 
Həmsədr Metyu Brayza Bakıda 6 rayondan ermənilərin çıxmasını deyir, sabah İrəvana getdiyi zaman isə ermənilər etiraz edəndə, “mən elə deməmişəm, mən 1, 2 və ya maksimum 3 rayon demişəm” deməklə ABŞ-ın bu məsələyə nə qədər qeyri-ciddi yanaşdığını nümayiş etdirirdi. Digər tərəfdən, bəzən həmsədrlərin özünün baxışı ilə ABŞ rəhbərliyinin də fikri üst-üstə düşmürdü. Həmsədr J. Vorlik(James Warlick)  Azərbaycanın suverenliyinə hörmət ediməsə, məsələnin həlli də olmayacaq desə də, ABŞ höküməti bunu demirdi. “Sülh anlaşması üçün Ermənistana təzyiq və təsir ediləcəkmi” sualına,  “Niyə etməliyik ki, tərəflər razılaşmalıdır” cavabını alırdıq... 
 
Sonralar, zaman keçdikcə həm ABŞ və digər həmsədrlər faktiki olaraq  Azərbaycanın bölünməsinə aparan termin seçərək daha irəliyə getdilər.  İşğal bölgələrində seçkilər keçirilləndə və ya həmsədrlər Qarabağa səfər edəndə “Biz DQ-ni müstəqil dövlət kimi tanımırıq” bəyanatlarını verməklə, “Biz DQ-ı tanıyırıq, amma müstəqil dövlət kimi tanımırıq” deyilirdi. Bu baxımdan, ABŞ-ın Qarabağ siyasəti Çinlə aparılan Tayvan siyasətinə daha çox uyğun gəlirdi. 
 
- ABŞ-la Azərbaycan arasında 44 günlük müharibədən sonra yaranmış münasibətləri necə qiymətləndirirsiniz?
 
-44 günlük müharibədən sonra Co Bayden hakimiyyətə gəldi və ABŞ-Azərbaycan münasibətlərinin ən ağır dövrü məhz  Bayden dönəminə düşür. Bayden prezidentliyi dövründə ABŞ tarixində ən çox erməni yanlısı olan kabinet olmuşdur. Prezident və vitse-prezident daxil, bir necə kabinet üzvləri və Konqresin spikeri ömrü boyu erməni lobbi qruplarının tələblərini yerinə yetirən adamlar idi. Sadəcə Azərbaycanın sahədəki güçü və o dönəmdə apardığı düzgün diplomatiya ABŞ-dan gələn butün maneələri dəf etdi... 
 
Son 45 ildə erməni lobbi qruplarının təsiri altında olmayan yeganə prezident Donald Trampdır. Onun həm 1-ci prezidentliyi dövründə və həm də indiki dönəmdə erməni lobbi qruplarının aça biləcəkləri təsirli qapısı yoxdur və Konqresdəki nüfuzlu erməni yanlıları ilə də Trampın özü konfliktdədir.  8 avqustda Tramp höküməti Azərbaycanla bağlı ilkin, uzun müddətli əməkdaşlığa xidmət edən addımlar atmışdır və bu addımlar davam edəcək…
 
Sultan Laçın
 
Избранный
43
3
moderator.az

4Источники