RU

Bakıda "Formula-1" həyəcanı: 12 min turist, 20 min tamaşaçı və minlərlə zəhmətkeş - FOTO

Sentyabrın 19-21-də paytaxtımızda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin startına sayılı günlər qalır. Yarış həftəsində Bakının küçələrində mühərriklərin gurultusu yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə çevriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq bilet almadan sadəcə "Formula-1" ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutub. "Formula-1"in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2 200 ABŞ dollarını ötür ki, bu da Qran-prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran-prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3.9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran-prisinə maraq nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. Mövcud olan 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tamaşaçı tutumu 20 min nəfəri ötəcək ki, bu da Bakının "Formula-1" xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logistikaçı iştirak edir. Sakinlərin rahatlığı üçün işlər, əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1 500 əməkdaş, 2 000 könüllü və 1 400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə, Qran-pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

BŞH Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edib:

"Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran-prisi artıq "Formula-1" təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv "Formula-1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran-prisini canlı izləmək fürsəti verəcək.

Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdırlar və bizi unudulmaz anlar gözləyir! BŞH ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər".

 

Избранный
2
32
avtosfer.az

10Источники