RU

Sultan Süleymanın ala bilmədiyi şəhər: "Osmanlı adası" - FOTO/VİDEO

VARŞAVA, 10 sentyabr. TELEQRAF

Monteneqronun cənubunda, Adriatik dənizinin sahilində elə bir şəhər var ki, buraya addım atdığın andan zaman sanki insanı keçmişə aparır. Bura divarların kölgəsində gizlənmiş tarix, dar küçələrdə pıçıldaşan keçmiş, dağların qoruduğu bir dəniz şəhəri olan Kotordur.

Şəhər Monteneqronun ən turistik bölgələrindən biri olan Kotor körfəzində yerləşir. Dənizin içəriyə doğru ulduz kimi yarıldığı bu körfəz Avropanın ən gözəl təbii limanlarından sayılır. Adriatik dənizinin incisi hesab olunan Kotor UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişbir mədəniyyət abidəsidir.

Kotor sadəcə bir şəhər deyil – o, keçmişlə bu günün unikal sintezidir. Bura minilliklər boyu fərqli mədəniyyətlərin izlərini qoruyub saxlamağı bacarıb. Qədim Roma dövründən bu yana varlığını qoruyan Kotor Bizans, Venesiya və Osmanlı kimi imperiyaların təsiri altında formalaşıb. Ona görə də bura bəzən “kiçik İtaliya” və ya “Osmanlı adası” dədeyilir.

Qapısı döyülən, amma fəth olunmayan şəhər

Şəhəri gəzərkən yerli sakinlərin bəzilərinin türkləri sevmədiyininşahidi olduq. Bir az araşdırarkən bunun səbəbi şəhərə Osmanlı hücumları ilə izah olunur.

Şəhərin maraqlı xüsusiyyətlərindən biri də budur ki, uzun müddət Balkanların böyük hissəsi Osmanlı dövlətinintərkibindəolduğu halda Kotor heç vaxt tam mənadaələ keçirilməyib.

15–17-ci əsrlər ərzində Osmanlı ilə Venesiya Respublikası arasında tez-tez müharibələr baş verirdi. Bu dövrdə Kotor Venesiyanın idarəsində idi və güclü qala divarları, təbii coğrafi mövqeyi və İtaliya dəstəyi ilə müdafiə edilirdi. Osmanlılar bu regionda çoxsaylı uğurlu yürüşlər etsələr də, Kotorun yüksək dağlarla əhatələnmiş strateji mövqeyi və möhkəm istehkamları şəhərin işğal olunmasınıçətinləşdirirdi.

Qanuni Sultan Süleyman Kotor və ümumiyyətlə Adriatik sahillərində Osmanlı nüfuzunu artırmaq üçün sonuncu dəfə BarbarosHayreddin Paşanı hücuma göndərir, amma yenə də şəhər Osmanlılara tab gətirir.

Kotor şəhəri ətrafındakı torpaqların çoxu Osmanlı torpaqları olsa da, şəhərin özü Venesiya idarəsində qalır və 1797-ci ilə qədər Venesiyayabağlılığını qoruyur. Bu səbəbdən tarixçilər Kotoru “Osmanlı dənizində Avropa qalası” adlandırırlar.

Bəzi yerli arxivlərdə və xalq ədəbiyyatında “türk hücumları” və “şəhərin müdafiəsi” ilə bağlı hekayələr qorunub saxlanılıb.

Türk təsiri və izləri

Baxmayaraq ki, Kotor heç vaxt Osmanlı idarəsinə keçməyib, Türk-müsəlman mədəniyyətinin dolayı təsirləri burada hiss olunur. Kotor və ətraf bölgələrdə (xüsusilə yaxınlıqdakı Skadar, Ulcinj, Podqorica kimi şəhərlərdə) Osmanlı mədəniyyəti, dili və dini izləri çox hiss olunur. Həm şəhərə türk turistləri tez-tez gəlir, həm də onlar burda özlərini yad hiss etmirlər.

Şəhərdə “Tabaq”, “Balkan”, “Han” kimi türk mənşəli sözlərə və adlara rast gəlmək mümkündür. Yeməklərdə də türk mətbəxinin dadı duyulur– xüsusilə börek, paxlava, kabab və qəhvədə.

Bundan başqa, bura səyahət etsəniz, mütləq yerli mətbəxin dadına baxmaq lazımdır.

Tarixlə nəfəs alan şəhər

Kotorun tarixi mərkəzi daş döşəməli küçələr, qədim kilsələr və möhtəşəm saraylarla sanki açıq səma altında bir muzeydir. 1166-cı ildə tikilmiş Sankt-TryphonKatedralı, ortodoks Sankt-Nikolas Kilsəsi və şəhərin tarixinə işıq tutan müxtəlif muzeylər bu məkanda yerləşir.

Kotorun müdafiə sistemi olan San Giovanni Qalası və şəhər divarları isə 4.5 km uzunluğunda olub, şəhəri dağların zirvəsinə qədər əhatə edir. Qalaya qalxmaq üçün 1350 pilləni keçmək lazımdır, amma yuxarıdan görünən Kotor körfəzi mənzərəsi bu zəhmətə dəyər.

1555-ci ildə inşa edilmiş Dəniz Qapısı Kotorun əsas giriş nöqtəsidir. Bu qapıdan keçərək şəhərin əsas meydanı olan Silah meydanına daxil olursunuz. Meydanın ətrafında yerləşən saat qülləsi və Grgurina sarayı kimi tarixi binalar şəhərin zəngin keçmişini əks etdirir.

Kotorda qayıq turlarına qoşularaq Perast şəhərciyini və Gospa od Skrpjela (Qayalıqların xanımı) adasını da ziyarət edə bilərsiniz. Bu adada yerləşən kilsə və muzey ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edir.

Kotorun yaxınlığında yerləşən Lovçen Milli Parkı və Njeguşi kəndi də təbiət və tarix həvəskarları üçün ideal məkanlardır. Lovçen dağının zirvəsində yerləşən Petar II Petroviç-Njegoşun məqbərəsi isə Monteneqronun milli qürur simvoludur.

Sonda deyə bilərik ki, Kotor sadəcə bir turistik şəhər deyil. Bura tarixlə nəfəs alan, Osmanlının izlərini daşıyan, dənizin və dağın arasında unudulmaz hisslər yaşadan bir məkandır.

Səssiz küçələri, qədim daşları və qalaların zirvəsindəki səssizlikdə keçmiş səni çağırır.

Избранный
12
teleqraf.com

1Источники