RU

Süni intellekt ixtisasa çevrilir

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.

Yeni təhsil ocağı “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.

Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiyanı təmin etmək məqsədilə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Mərasimdə süni intellekt geniş dil modeli prototipi də təqdim olunub. Bu prototip, ümumilikdə, 10 milyard token və 1,2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt ­potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı, milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

Q.YUSİFOĞLU 
XQ

 

Избранный
11
37
xalqqazeti.az

10Источники