RU

Milli Məclisin növbədənkənar sessiyasında...

“Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçirilib

Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçirilib. İclasda çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyət daşıyır. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı. Onun sözlərinə görə, bu hadisənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş verməsi isə rəmzi məna daşıyır: “Vaşinqton razılaşmaları Prezidentimizin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu.  Dövlət başçısı əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. O, həm də məlum prinsiplər əsasında sülh gündəliyini müəyyən edərək, bu gündəliyin həyata keçirilməsini təmin etdi. Ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi. Bizlər bütün bu proseslərin canlı şahidiyik”.

Sahibə Qafarova: Bu uğurlar Prezident İlham Əliyevin sülh diplomatiyasının təntənəsidir

S.Qafarova deyib ki, Vaşinqton razılaşmalarının nəticəsi olaraq, Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır: “Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır. Heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. Birləşmiş Ştatların bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi”. Spiker qeyd edib ki, Azərbaycanın və Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olan, daha geniş regionda proseslərə istiqamət verən Vaşinqton razılaşmaları uzaqgörən siyasətin çətinlikləri qələbələrə çevirməyə qadir olduğunu parlaq surətdə təsdiq edir. Bu gün xalqımızın arzu və istəkləri reallığa çevrilir, regionumuzda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılır. Bütün bunlar isə Prezident İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir.

Əli Hüseynli: Məqsəd gələcək nəsillərin ədalətli və əbədi sülh şəraitində yaşamasını təmin etməkdir

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki,  8 avqust Vaşinqton razılaşması müasir Azərbaycan diplomatiyasının ən tarixi nailiyyətlərindən biridir və Azərbaycan-Ermənistan arasında sülhü reallaşdıran hadisədir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın münasibətləri müəyyən dövrləri istisna etməklə uzun müddət münaqişə və ardıcıl konfliktlərlə yadda qalmışdı. Çünki, daim bu münaqişədə xarici qüvvələr də  maraqlı olublar. Komitə sədri deyib ki, indi Vaşinqtonda baş tutan razılaşma coğrafi məsafə baxımından çox uzaq olsa da, əslində sülhü bizə daha yaxın etdi. Reallıq budur ki, hər iki ölkənin arzuladığı tərəfsiz və ədalətli vasitəçi rolunu ABŞ və onun Prezidenti Donald Tramp həyata keçirə bildi. Azərbaycanın və Ermənistanın bu sənədi Ağ Evdə ABŞ Prezidentinin şahidliyi ilə paraflaması münaqişənin sonu demək oldu. Bu, bir tək Cənubi Qafqaz regionu üçün deyil, bütün region üçün tamamilə yeni imkanlar açır. Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına güclü təkan verəcək. Ə.Hüseynlinin fikrincə, Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi və dəmir yumruğu ilə yanaşı, alicənab və humanist xarakteri də bu tarixi uğurun əsas səbəbidir: “Əminəm ki,  yaxın gələcəkdə Azərbaycan parlamentində Konstitusiyaya uyğun olaraq sülh bağlanmasına razılıq verilməsi iclasının da şahidi olacağıq. Məqsədimiz gələcək nəsillərin sabit, ədalətli və əbədi sülh şəraitində yaşamasını təmin etməkdir”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Azərbaycanın uğurlu diplomatiyasından və  Prezident İlham Əliyevin qətiyyətli siyasətindən bəhs edib. Onun sözlərinə görə, “Qarabağın fatehi” adlandırılan İlham Əliyev həm də, sülh uğrunda savaşın qalibi oldu.

Zəngəzur dəhlizinə mane olmağa çalışanlar geri çəkilməyə məhkumdur

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Azərbaycanın tarixi zəfəri diplomatiyada yeni mərhələyə yol açıb və bu prosesin davamı məhz Vaşinqtonda əldə edilən razılaşmalardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülh diplomatiyası nəticəsində Ermənistanla düşmənçilik səhifəsi bağlanıb və indi qarşıda xalqlar arasında barış mühitinin yaradılması dayanır. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılması olacaq. “Etimad mühitini möhkəmləndirmək, xalqları barışa hazırlamaq və sülh müqaviləsinin uzunmüddətli nəticələrini təmin etmək üçün parlamentlər səviyyəsində əməkdaşlıq yeni mərhələ açacaq. Birgə parlament komissiyasının yaradılması isə dövlətlərarası münasibətlərin davamlılığını təmin edəcək”, - deyə Zahid Oruc qeyd edib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxışında bildirib ki, Azərbaycanın xarici siyasəti və Prezident İlham Əliyevin liderliyi yalnız ölkənin daxilində yeni reallıqlar yaratmaqla kifayətlənmir, eyni zamanda, regionun yeni tarixini formalaşdırmaq kimi mühüm bir missiyanı öz üzərinə götürür. Vaşinqtonda aparılan danışıqlar və əldə olunan razılaşma təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir və yeni mərhələnin başlanğıcını qoyur.

Birinci vitse-spiker Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinin regional əməkdaşlıq üçün böyük imkanlar açdığını diqqətə çatdırıb və əlavə edib ki, bu layihəyə mane olmağa çalışan qüvvələr artıq bu niyyətlərindən geri çəkilməyə məhkumdur. Ə.Əhmədov Zəngəzur dəhlizinin reallaşmasının yalnız Azərbaycan üçün yox, region ölkələri üçün də yeni və parlaq bir səhifə olacağını vurğulayıb.

Azərbaycan yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov da Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin Azərbaycan-ABŞ münasibətləri baxımından mühüm tarixi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vaşinqton razılaşması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Həmçinin illər boyu heç bir real nəticə verməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə də toxunan Z.Əsgərov bu qrupun artıq tarixi arxivə qovuşduğunu diqqətə çatdırıb.

Vitse-spiker sənəddə xüsusilə yer alan Zəngəzur dəhlizini strateji əhəmiyyətli məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu dəhliz maneəsiz əlaqənin təmin edilməsinə şərait yaradacaq: “Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Vaşinqton razılaşması bu prosesin bariz nümunəsidir və sülh diplomatiyasının, həmçinin müdrik liderliyin təntənəsidir”.

İclasda çıxış edən digər deputatlar da Vaşinqton razılaşmalarının əhəmiyyətini vurğulayıblar.

Sonda növbədənkənar sessiyanın xüsusi iclasına yekun vuran spiker Sahibə Qafarova bütün bu uğurlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə ona fəaliyyətində uğurlar arzulayıb. 

Nardar BAYRAMLI

Избранный
9
yeniazerbaycan.com

1Источники