RU

“Təslim ol, ey Qafqaz, Yermolov gəlir!” – Puşkinin mürtəce şeirinin özü və tərcüməsi

Aleksandr Sergeyeviç Puşkini bu qədər imperialist-propoqondist bilməzdim. Təzə bilmişəm. Adam dövrünün Solovyovu, Zatulini, Simonyanı, nə bilim, Kiselyovu-zadı imiş.

Düzdür, onun yaxşı şeirləri, mənzum nağılları, poemaları var, amma elə şeirləri də varmış ki, el üzünə çıxarmalı deyilmiş. Dünən onlardan birini Feysbuk dostumuz Vasif Sadıqlı paylaşmışdı.

Oxudum, gördüm, nə? Heç zad. O boyda şair gözümdən Elbrusun, Kazbekin zirvəsindən qopan qar qalağı kimi yumbalanıb getdi dərənin dibinə.

Şair olan kəs də yadelliyə təslim olmaq istəməyən dağ tayfalarının soyunun qurudulmasına, onlara qarşı genosid siyasəti yeridilməsinə şeir yazarmı, hərbi caniləri tərənnüm edərmi?

Bəli, tərifli Puşkin məhz belə edib. Həmin şeirin orijinalını bir az aşağıda təqdim edəcəyəm. Rusca yaxşı bilənlər, oxusun, özləri görsün.

puskin.JPG

Onu da deyim ki, Puşkin bu şeiri 204 il əvvəl yazıb. 9 bəndlik şeirin orijinal variantı belədir:

…На негодующий Кавказ
Подъялся наш орёл двуглавый;
Когда на Тереке седом
Впервые грянул битвы гром

И грохот русских барабанов,
И в сече, с дерзостным челом,
Явился пылкий Цицианов;
Тебя я воспою, герой,

О Котляревский, бич Кавказа!
Куда ни мчался ты грозой –
Твой ход, как чёрная зараза,
Губил, ничтожил племена…

Ты днесь покинул саблю мести,
Тебя не радует война;
Скучая миром, в язвах чести,
Вкушаешь праздный ты покой

И тишину домашних долов…
Но се – Восток подъемлет вой…
Поникни снежною главой,
Смирись, Кавказ: идёт Ермолов!

И смолкнул ярый крик войны,
Всё русскому мечу подвластно.
Кавказа гордые сыны,
Сражались, гибли вы ужасно;

Но не спасла вас наша кровь,
Ни очарованные брони,
Ни горы, ни лихие кони,
Ни дикой вольности любовь!

Подобно племени Батыя,
Изменит прадедам Кавказ,
Забудет алчной брани глас,
Оставит стрелы боевые.

К ущельям, где гнездились вы,
Подъедет путник без боязни,
И возвестят о вашей казни
Преданья тёмные молвы.

**
Əlbəttə, bu yazını oxuyanların heç də hamısı rusdilli deyil və ya rus dilini yaxşı bilmirlər. Xüsusilə də indiki gənclər ingilis dilini yaxşı bilirlər, rus dilini isə ya yola verirlər, ya da ümumiyyətlə, öyrənmirlər. Ona görə də bir vaxtlar böyük şairimiz Səməd Vurğun A.Puşkinin “Yevgeni Onegin” poemasını “Axıtdım alnımın inci tərini, yanmadım ömrümün iki ilinə, Rusiya şerinin şah əsərini çevirdim Vaqifin şirin dilinə”, – deyə tərcümə və təqdim etdiyi kimi mən də dünənki istirahətimin iki saatına yanmadım, Rusiya şeirinin gəda əsərini Vaqif Səmədoğlunun dilinə çevirdim.

“Təslim ol, ey Qafqaz, Yermolov gəlir!” başlığı qoyduğum həmin şeirin tərcüməsi mənim variantımda belədir:

Bizim ikibaşlı bu qartalımız
Şığıdı qəzəbli Qafqaz tərəfə;
Onda guruladadı müharibənin
Terek sahilndə səsi ilk dəfə.

Bir də səda saldı rus təbilləri,
Döyüşdə cürətli, surəti yaman,
Çılğın Sisiyanov girdi meydana;
Tərənnüm edirəm səni, qəhrəman,

Qafqazın bəlası, Kotlyarevski,
Haraya cumdunsa sən fırtına tək –
Qara vəba oldu hər həmlən sənin,
Qırdı tayfaları, soy-kök kəsərək.

Səni sevindirmir müharibələr,
Qisas qılıncını tərk eləmisən.
Şərəf yarasıyla sülh arzusuyla,
Dincliyin həzzini dərk eləmisən.

Binəli vadilər sükut içində…
Amma bax, Məşriqdən qiyyə yüksəlir…
Əy qarlı başını, təzim et, dağlar,
Təslim ol, ey Qafqaz, Yermolov gəlir!

Şiddətli savaşın nərəsi susdu,
Rusun qılıncına tabedir hər şey.
Qafqazın qürurlu, mərd oğulları,
Döyüşüb öldünüz əziyyətlə hey.

Amma qurtarmadı sizi qanımız,
Nə də sehrlənmiş zirehli libas.
Nə o dağ-qaya, nə cəsur atlar,
Nə də azadlığa vəhşi ehtiras.

Eynən Batı xanın qəbiləsi tək,
Qafqaz əcdadına xain olacaq,
Unudub savaşın hərisliyini,
Döyüş oxlarını yerə salacaq.

Yuva qurduğunuz o dərələrə,
Qorxub-çəkinmədən yolçular gələr.
Bəyan edəcəkdir edamınızı
Qaranlıq əfsanə və şayiələr.

Bu da şeirin tərcümə edilmiş variantının sonu. İndi özünüz deyin, o boyda şairə belə militarist əşar, əsər yaraşarmı? Şair general Aleksey Yermolovu (1777-1861), Pyotr Kotlyarevskini (1782-1851), general Pavel Sisianovu (1754-1806) öyür, yerə-göyə sığdırmır. Bu şəxslər isə Qafqazı işğala məruz qoyub, əcdadlarımızı əsir-yesir ediblər. Ha Ohanyan, ya Sisianov, bizim üçün fərqi yoxdur. O “çılğın Sisianov”un axırının necə olduğunu bilirsiniz, ta yazmıram. Eləcə də ha Zori Balayan, ha Puşkin, nə fərqi qaldı?

İlk dəfədir ki, belə bir istedadlı şairin cavan ikən dueldə öldürüldüyünə təəssüf etmək alınmır. Bəlkə də yaşasaydı, daha mürtəce şeirlər yazacaqdı.

Biz də “Qafqazın qürurulu oğullarının döyüşdə əziyyətlə öldürülməsi”nə şeir həsr edən, “Qafqazı Yermolova təslim olmağa çağıran” bir nasistin adını sovet dövründə rayona (Biləsuvar) vermişdik, təşər-təşər heykəllərini qoymuşduq, şeirlərini əzbərləyiridik. Əslində isə onun məhz bu şeirini bilmək lazım idi.

İndi bu propoqondist şairin heykəlini demontaj eləsək, Moskva deyəcək, Azərbaycanda nasizm baş qaldırıb. Ta deməyəcəklər ki, Aleksandr Sergeyeviç bu nasizmi 204 il öncə edib.

P.S. Tərcümənin keyfiyyətinə dair iradı olanlar zəhmət çəksinlər, daha yaxşı variantı ünvanıma göndərsinlər, çap edim. Bundan əvvəl 5-6 roman tərcümə etmişəm, amma deyim ki, 9 bənd şeiri tərcümə etmək, 9 səhifəlik hekayəni tərcümə etməkdən 9 dəfə çətindir.

 P.P.S. Şəkildə (soldan sağa): Yermolov, Sisianov, Kotlyarevski və Puşkin

Samir SARI
Избранный
35
1
moderator.az

2Источники