RU

Ekspert:Xilas yolu məktəb avtobuslarıdır

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mərkəzin məlumatında bildirilir ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər: "Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur.

Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə işıqforlara "yaşıl dalğa" rejimi tətbiq ediləcək.

Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar".

Təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov  bildirdi ki, hamı hərəkət iştirakçısıdır və yol hərəkəti qaydalarını da hamı bilməlidir. Piyadalar özlərinə aid olanı, yolu haradan keçmək olar, haradan olmaz, yeraltı keçid varsa, ondan istifadə etməyi, avtobusa ön qapıdan minilib, arxa qapıdan düşülməsinə, taksi sifariş etdikdə harada minəcəklərinə qədər olan qaydaları, avtomobil sürücüləri də özlərinə aid olan qaydaları bilməlidirlər:

- Təsadüfi deyil ki, kiçik yaşlarından uşaqlara yol-hərəkəti qaydaları öyrədilir. Məktəbdə də müəllimlər bu qaydaları uşaqlara başa salır. Yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb. Və bilirik ki, yollarda yenə sıxlıq yaşanacaq, tıxaclar qaçılmaz olacaq. Hər nə qədər vətəndaşlara, valideynlərə, sürücülərə - ümumən hərəkət iştirakçılarına xəbərdarlıq edilsə də, müraciətlər olunsa da, tıxaclardan xilas olmaq çətindir. Bunun səbəbləri bir deyil, çoxdur. Əvvəla, heç də bütün uşaqlar evlərinin yaxınlığında, yaşadıqları ərazi üzrə məktəblərə getmir. Uzaq məsafədən gələnlər var. Bu, əksər yaşayış massivləri yaxınlığında, hətta massivlər daxilində təhsil ocaqlarının olmamasından irəli gəlir. Həmçinin, valideynin də, uşağın da hüququdur ki, hansı təhsil müəssisəsində təhsil almaq istəyirsə, orada oxusun. Deyə bilməzsiniz ki, niyə övladını bu məktəbə yox, o birisinə aparırsan? Amma bir həqiqət var ki, məktəb evə nə qədər yaxın olsa, bir o qədər yaxşıdır, valideyn üçün də, şagird üçün də daha münasibdir. Belədə nə valideyn yollarda zaman itirir, nə şagird. Yorulmurlar, dincəlməyə, tapşırıqları həll etməyə daha çox zamanları qalır. Elə məktəblilər var, günün bir neçə saatını yollarda keçirirlər. Ona görə də çalışmaq lazımdır ki, məktəb evə, yaşayış yerinə yaxın olsun. Məktəblərin göstəriciləri, təhsilin hansı səviyyədə olması başqa mövzudur.

K.Əsədov qeyd etdi ki, yollarda tıxacların aradan qalxması, təhsil müəssisələri önündə sıxlığın azalması üçün məktəb avtobuslarından və ictimai nəqliyyatdan istifadə əsas şərtdir:
- Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda göstərilir ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadə təşkil olunacaq. Məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür. Bu, alqışalayiqdir. Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcək: şagirdlərin təhlükəsizliyi, yol hərəkətində intizamın artırılması, nəqliyyat sıxlığının azaldılması, valideynlər üçün əlavə rahatlıq və ekoloji faydalar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rifahına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir. Məktəb avtobusları, ilk növbədə, şagirdlərin təhlükəsizliyini təmin edir. Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər. Piyada keçidlərində qəza ehtimalı, şəhər nəqliyyatında sıxlıq və xaos, eləcə də valideynlərin daim övladlarının yol təhlükəsizliyi ilə bağlı narahatlığı məktəb avtobuslarının əhəmiyyətini artırır. Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən və təcrübəli sürücülər tərəfindən idarə olunduğundan, şagirdlərin evdən məktəbə və məktəbdən evə təhlükəsiz şəkildə çatdırılması təmin edilir. Əgər məktəblər məktəb avtobuslarının xidmətindən yararlanmağa başlasalar, tıxaclar da azalacaq, yollarda, məktəblərin önündə sıxlıq da aradan qalxacaq. Məktəb avtobuslarının tətbiqi ilə yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq və piyadaların təhlükəsizliyini artıracaq.

Ekspert qeyd etdi ki, paytaxt məktəblərinin, eləcə də təhsil müəssislərinin önündə sıxlığın yaranmasının bir səbəbi də avtomobillərin dayanma-durma qaydalarını kobud şəkildə pozmalarıdır:
- Burada dayanma-durma yerlərinin özünün də bəzən düzgün təşkil edilmədiyini, səkilərin kənarının avtomobillər tərəfindən zəbt edildiyinə də diqqət edilməlidir. Bəzən 1-2 avtomobilə görə yolda tıxac yaranır, hərəkət dayanır. Yol hərəkəti qaydalarına əməl olunmasıyla yanaşı infrastrukturla bağlı da bir sıra məsələlərin həlli vacibdir. Avtobus marşrutlarının müəyyən edilməsi, avtobus dayanacaqlarının təhlükəsiz və rahat şəkildə yerləşdirilməsi, parklanma yerlərinin düzgün təşkili önəmlidir.(sherg.az)

Избранный
64
avtosfer.az

1Источники