RU

ABŞ – Rusiya rəqabəti Cənubi Qafqaz meydançasında: Lavrov əslində nə demək istəyir?

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin bu ilin avqustunda ABŞ-da imzaladıqları razılaşma hər iki ölkənin suveren hüququdur. Nazir əlavə edib ki, bu razılaşmanın necə işləyəcəyinə diqqətlə baxmaq lazımdır.

Məlumata görə, diplomatın sözlərinə görə, Rusiya Federasiyasının Cənubi Qafqaz regionunda əsas prioritetləri həmişə olduğu kimi sülh və əməkdaşlıqdır və bu istiqamətlər heç vaxt dəyişməyib.

Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, avqustun səkkizində Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də imzaladıqları razılaşmalardan sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb:

“Bu reallıqların əsas təzahürlərindən biri də Rusiyanın bölgədəki təsir imkanlarının azalması ilə bağlıdır. Üstəlik, artıq faktiki olaraq 2020-ci ildə imzalanan 10 noyabr bəyanatı qüvvədən düşdü. Əlbəttə, bunlar Rusiyanı narahat edir. Məsələ burasındadır ki, Vaşinqton əldə olunan razılaşmalar nəticəsində ABŞ-nin Cənubi Qafqazdakı təsir “rıçak”ları güclənib. Bu, əlbəttə, Moksvanın maraqlarına uyğun deyil. Bu mənada Kreml nə qədər hiss etdirməməyə çalışsa da, əslində narahatdır.

Lavrov “bu razılaşmanın necə işləyəcəyinə diqqətlə baxmaq lazımdır” deməklə, yəqin ki, həm də perspektivi sual altına atmaq istəyib. Yəni o, diplomatik dillə əslində bildirmək istəyib: Hələ heç də hər şey həll olunmayıb, əsas məsələ qabaqdadır”.

Siyasi analitik bildirib ki, Rusiyanın Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlı olmasına dair məsələyə gəldikdə isə bildirilməlidir ki, bu, nəinki Moskvanın, digər bütün aktorların xarici siyasət kurslarından asılıdır:

“Rusiya əslində heç vaxt regional sülhdə maraqlı olmayıb. Çünki şimal qonşumuz daim Cənubi Qafqaza özünün “arxa bağçası” kimi yanaşıb. Moskva Bakı ilə İrəvan arasındakı münaqişə vasitəsilə özünün bölgədəki təsir imkanlarını qorumağa çalışıb.

Yeri gəlmişkən, deyək ki, 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanat da əslində o dövlətin regional maraqlarının təmin olunmasına hesablanmışdı. Kreml bununla bölgədəki təsirini gücləndirməyə çalışırdı. Buna qismən nail olsa da, davam etdirə bilmədi”.

K. Novruzovun sözlərinə görə, bu gün Rusiya ilə ABŞ arasında beynəlxalq müstəvidə davam edən rəqabət özünü Cənubi Qafqazda da aydın şəkildə göstərməkdədir:

“Vaşinqtonla Moskva arasında bölgədə davam edən rəqabət tərəflərin digər regionlardakı, o cümlədən Şərqi Avropadakı siyasətlərinə də təsir edir. Onu da deyək ki, Rusiyanın son zamanlar Azərbaycanla bağlı aqressiv ritorikasının və kilsənin əli ilə Ermənistan hakimiyyətinə təzyiqinin arxasında dayanan da məhz budur- ABŞ-nin regionda yaratdığı yeni reallıqları qəbul edə bilməmək.

Düşünmək olar ki, ABŞ ilə Rusiya arasında artan gərginlik bundan sonra özünü Cənubi Qafqaz “meydanında” daha aydın göstərəcək”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники