RU

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb

Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müzakirədə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyət hallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəl klinikaların reputasiyası, ictimaiyyətin etimadının möhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.

Tədbirdə çıxış edən ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığına vurduğu təhlükələrdən və mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğulayıb. Qeyd olunub ki, həm özəl tibb müəssisələri, həkimlər, həm də pasiyentlər öz hüquq və vəzifələrini bilməli, eyni zamanda, qanunvericilyin tələblərinə mütləq qaydada riayət edilməlidir.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. O qeyd edib ki, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyinin qanunsuz tibb fəaliyyəti ilə mübarizəyə qanunvericilik, nəzarət, dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlər və ictimai iştirakçılıq kimi 4 əsas prizmadan yanaşır. Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizənin effektiv aparılması üçün aydın hüquqi və tənzimləyici çərçivənin mövcud olmasının, nəzarət mexanizmlərinin optimallaşdırılmasının, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətlərin gücləndirilməsinin və rəqəmsal texnologiyaların tətbiqinin genişləmdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, həmin platformada ictimai iştirakçılıq amilləri, vətəndaş cəmiyyəti institutlarının cəlb olunması, maarifləndirmə tədbirləri, səhiyyə qurumları ilə pasiyentlərin arasında inamın formalaşdırılmasının vacibliyi qeyd edilib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər çıxış edənlər qanunsuz tibbi fəaliyyətin qarşısının alınması yolları, dövlət nəzarəti mexanizmləri, pasiyentlərin məlumatlılığının artırılması və maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıblar.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Избранный
27
7
sia.az

8Источники