RU

“İsrail HƏMAS-la danışıqları pozmaq üçün Dohaya hücum edib”

“İsrailin Dohaya zərbə endirməkdə əsas məqsədi HƏMAS ilə aparılan danışıqları dayandırmaqdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

ZEYNAL

Politoloqun fikrincə, HƏMAS ilə barışıq İsrailə sərf etmir:

“Çünki Donald Trampın irəli sürdüyü şərtlər əsasında danışıqlar aparılır. Bu şərtlərdə təxminən 3 minə yaxın fələstinlinin azad edilməsi məsələsi var ki, bu fələstinlilər İsrail tərəfindən azad edilməlidir. Paralel şəkildə, əlbəttə ki, İsrail tərəfindən götürülən girovların da azad edilməsi məsələsi var. Yəni fələstinlilərin sayı çoxdur. Fələstinlərin içərisində ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər də var ki, onların nüfuzu Fələstində çox güclüdür və bu, yenidən Fələstində müqavimət hərəkatının bərpa olunmasına yardım edə bilər.

Bunlar İsrail tərəfindən qəbul olunan məsələlər deyil. Yəni Netanyahu hökuməti bu məsələni qəbul etmək və bu məsələ üzərindən danışıqlar aparmaq istəmir. Eyni zamanda, paralel şəkildə HƏMAS-ın legitimləşməsini də istəmir. Çünki danışıqlar HƏMAS-ı legitimləşdirəcək. Yəni onu da İsrail hökuməti arzulamır. Buna görə də HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil, bu məsələni pozmaq istəyir”.

Politoloq qeyd edib ki, Benyamin Netanyahu həm də danışıqlardan imtina edə bilmir:

“Çünki Trampın irəli sürdüyü şərtlər var, yəni Amerikanın dəstəyindən məhrum olar deyə bu məsələyə getmək istəmir. Nəzərə alaq ki, Netanyahu hökumətinin hazırda daxildə vəziyyəti çox gərgindir. Faktiki şəkildə, onun rəhbərlik etdiyi koalisiya artıq öz gücünü itirib, Knessetdə lazım olan sayda deputat yoxdur və əgər hökumətin legitimlik məsələsi parlamentə çıxarılarsa, yəni impiçment məsələsi, baş nazir kimi Netanyahunun hökuməti dağılacaq və növbəti parlament seçkilərində ehtimal ki, qalib gələ bilməyəcək, çünki reytinqi çox aşağıdır.

Hakimiyyətini itirməmək üçün də ABŞ nə deyirsə, buna razılaşır. Ancaq eyni zamanda paralel şəkildə bu cür hərbi əməliyyatları da icra edir. Bu əməliyyatlar əslində Qətərə qarşı deyil, daha çox HƏMAS-a qarşı yönəlib. Bu, Qətərə də ciddi problemlər yaradır”.

Xalidə Gəray
Musavat.com

Избранный
31
musavat.com

1Источники